Məhkəmə qərarları › İş №8(105)-147/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-147/2023

22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-147/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-548/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakim S.Quliyeva) Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Tələbkar ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Tələbkar ASC qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərardadı ilə Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından icra sənədi üzrə tələbkar Bank of Baku ASC tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında ” qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar ASC Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın və Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən yekun məhkəmə aktı qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2-012- 2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 7428.53 manat tutularaq Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcra sənədi borclunun əmək haqqından tutulması üçün borclunun iş yeri olan Promart MMC-yə göndərilmişdir. Promart MMC-nin Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra sənədi üzrə pul məbləğinin borclunun əmək haqqından tutularaq tam ödənildiyi bildirilsə də, təqdim edilən hesabdan çıxarış və maliyyə arayışından aydın görünür ki, icra sənədi üzrə Bank of Baku ASC-yə ödənilməli olan məbləğ tam şəkildə tutulmamışdır və borc hələ də açıqdır. Qərarda xitam verilməsinə səbəb kimi İmişli Rayon Məhkəməsinin 2(036)-2643/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsas götürülmüşdür. 1-ci məsələ ondan ibarətdir ki, tələbkar Bank of Baku ASC olan 2-012- 2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu qismində yalnız Borclu çıxış edir və borcu ödəmək öhdəliyi yalnız onun üzərinə qoyulmuşdur və qəbul olan icra sənədinin preyudisiallığı mübahisə olunmamalıdır. İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi Abşeron Rayon Məhkəməsinin tam icra olunmasına mane ola bilməz. Təsadüfi deyil ki, İmişli Rayon Məhkəməsinin qətnaməsində banka olan borcun ödənilməsi məsələsinə və bu barədə 2017-ci il qətnaməsinə toxunulmur. Qərarda qeyd olunur ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Göründüyü kimi, məhkəmə sistemində belə bir boşluğun yaranması məhkəmə qərarının məcburi qaydada icrasında yayınmağa şərait yaradır. Yəni, 2017-ci ildə qəbul olunmuş məhkəmə qərarının icrası 2022-ci ildə başqa rayon məhkəməsinin qəbul etdiyi qərarla tam icra olunmur və icra olunmasına xitam verilir. Belə olan halda tələbkar eyni mübahisə üzrə məhkəmə qərarı olduğu halda yenidən başqa şəxsdən kredit üzrə öhdəliyin icrasını tələb etməli olur ki, qanunla bu hal istər sübutetmə prinsipi istər iddia müddəti baxımından mümkün deyildir. Əgər icra məmuru İmişli Rayon Məhkəməsinin müvafiq qərarını əsas götürürsə o halda o icraata borc bağlanmamış xitam vermək əvəzinə borcu şəxs kimi digər tərəfi qəbul etməli idi ki, bu hal da qanunla mümkün deyildir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsi məhkəmə qərarlarının preydusiallığını nəzərə almamışdır və ərizə bu əsasla qanunsuz olaraq təmin etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli və onunla bağlı 24 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, yenidən baxılıb yekun məhkəmə aktının qəbul edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. İşdən görünür ki, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Tələbkar ASC şikayət vermiş, birinci instansiya məhkəməsi şikayəti təmin etməmişdir. İş materiallarına əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Vadim Əliyev tərəfindən “icraata xitam verilməsi haqqında” qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, Tələbkar ASC isə bu qərardan 10 oktyabr 2023-cü il tarixdə şikayət vermişdir. “İcra haqqında” Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Lakin şikayətə baxan birinci instansiya məhkəməsi ilk növbədə tələbkarın qərarı hansı tarixdə almasını, müddəti ötürüb-ötürməməsini müzakirə etmədən, şikayətə baxaraq qərardad qəbul etmişdir. Bununla yanaşı həmçinin o da qeyd olunmalıdır ki, icraata xitam verilməsinin əsası kimi İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X1 ilə Borclu arasında birgə nikah dövründə yaranmış borc öhdəliklərinin ½ hissədə bölündüyü göstərilmişdir. Lakin bu əsasla şikayətin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun 20-ci maddəsində bu halın nəzərdə tutulmadığını nəzərə almamışdır. Belə ki, xitamın əsaslarını və qaydasını tənzimləyən həmin Qanunun 20.1.5-ci maddəsində icra sənədi üzrə icraata xitamın əsası kimi icra sənədinin tam icra olunduğu təsbit edilmişdir. Mövcud icra sənədi üzrə borclu qismində isə yalnız Borclu çıxış etmiş və bu öhdəliyin icrasıda məhz onun üzərinə qoyulmuş, lakin həmin icra sənədi üzrə borc öhdəliyi tam şəkildə icra olunmamışdır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (Mülki Məcəllənin 387.3, 528-ci maddələri). Qanunun mənasına görə öhdəliklər bir qayda olaraq onda iştirak edən konkret tərəflər arasında hüquq və vəzifələr yaradır. Bunun üçün də öhdəlik tərəf kimi iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Öhdəliyin icrası borclunun öz kreditorun xeyrinə qanunun tələblərinə və öhdəliyin bütün şərtlərinə əməl etməklə onun predmetini təşkil edən konkret bir hərəkətdən çəkinməsindən ibarətdir. Qüvvədə olan məhkəmə aktı ilə icra sənədi üzrə tərəf olmayan Elçin Hüseynovla borclu arasında öhdəliklərin bərabər şəkildə bölünməsi məhkəmə qərarına əsasən əmələ gələn tələb üzrə Borclu öhdəliyinin xitamına səbəb ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Tələbkar ASC-nin şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli və onunla bağlı 24 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, şikayətə baxılaraq məhkəmə aktının qəbul edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar ASC-nin şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli və onunla bağlı 24 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilsin və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar