Məhkəmə qərarları › İş №8(105)-147/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-147/2025

29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-147/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Tələbkar Cabarova (Həşimova) Ülkər Akif qızı Borclu qarşı “ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)- 306/2017 nömrəli qətnaməsi ilə cavabdeh Borclu 02 mart 2014-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136,60 manat məbləğində tutulan alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsi ilə 02 mart 2014-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 136,60 manat aliment müəyyən olunmuşdur. Övladını maddi cəhətdən təmin etməkdə çox çətinlik çəkir. Övladının gündəlik ehtiyaclarını ödəmək, onun təhsilini, sağlamlığını təmin etmək və onun hərtərəfli olaraq inkişafını təmin etmək üçün daha çox vəsait tələb olunur. Lakin, iddiaçının halhazırkı maddi vəziyyəti bu ehtiyacları qarşılamağa imkan vermir. İddiaçı heç bir yerdə işləmir. Hazırda valideynlərinin himayəsində yaşayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli, 15 saylı Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Odur ki, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)- 306/2017 nömrəli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Borclu ərizəyə etiraz təqdim edərək, göstərmişdir ki, tələbkarın ərizəsini əsassız hesab edir və ona etiraz olaraq bildirir ki, o, ikinci dəfə ailə qurmuşdur. Həmin nikahdan 2 övladı vardır. Onlardan biri məktəbli, digəri azyaşlıdır. Hazırda marketdə fəhlə işləyir və ayda 500 manat əmək haqqı alır. Əmək haqqından başqa hər hansı gəliri yoxdur. Aldığı əmək haqqından tələbkara ödədiyi aliment çıxıldıqdan sonra yerdə qalan məbləğ ailəsinə yetmir. Tələbkarın ərizəsinə əsasən müəyyən olunmuş aliment məbləğinin artırılmasına hazırda onun maddi imkanı yol vermir. Hazırkı vəziyyətində aliment məbləğinin artırılması onun azyaşlı övladlarının mənafelərinə də ziddir. Qeyd olunanlara əsasən tələbkarın ərizəsinin rədd olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

4. 08 iyul 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 305857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 mart 2014-cü il tarixdə Sumqayıt şəhərində doğulub, şəhadətnamənin ata qrafasında ata adı Borclu, ana qrafasında ana adı Tələbkar göstərilmişdir.

5. Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)- 306/2017 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2017-ci ildən etibarən 02 mart 2014-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu iddiaçı X4 xeyrinə hər ay 136,60 manat məbləğində aliment tutulması müəyyən edilmişdir.

6. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 286067 nömrəli nikah haqqında şəhadətnaməin surətindən görünür ki, Borclu ilə X8 08 avqust 2018-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 2102 nömrə ilə qeyd edilmişdir.

7. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 187960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Borclu, anası X8 olan X5 24 avqust 2018-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur.

8. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 11 avqust 2020ci il tarixdə verilmiş AZ-İV seriyalı, 483906 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Borclu, anası X8 olan X6 28 iyul 2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

9. Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadı ilə (hakim İlqar Cabbarov) tələbkar Cabarova (Həşimova) Ülkər Akif qızının ərizəsi təmin edilərək, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)- 306/2017 nömrəli qətnaməsi ilə 02 mart 2014-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu iddiaçı Cabarova (Həşimova) Ülkər Akif qızına ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır.

10. Borclu Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və “ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə” dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Xızı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadı ilə (hakim İlqar Cabbarov) Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

13. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Tələbkar Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsi üzrə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 136.60 manat aliment məbləğinin övladının maddi cəhətdən təlabatlarına yetərli olmadığına, valideynlərinin himayəsində olmaqla heç yerdə işləmədiyinə, hazırki maddi vəziyyəti ilə övladının ehtiyaclarını qarşılamaqda çətinliklər çəkdiyinə istinad edərək məhkəmə qaydasında müəyyən olunmuş sabit pul məbləğindəki aliment məbləğinin indeksasiyasını tələb etmişdir. Tərəfindən ərizəçinin məhkəməyə müraciətinə etiraz olaraq bildirilmişdir ki, təkrar nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki övladı olmuş, onlardan biri məktəbli, digəri isə azyaşlıdır. Yaşadığı qəsəbədəki marketdə fəhlə işləyərək ayda cəmi 500 (beş yüz) manat əmək haqqı alır. Həmin əmək haqqından başqa digər gəliri yoxdur. Aylıq əmək haqqından 136.6 manat aliment ödədikdən sonra yerdə qalan 363.4 manatla ailəsini zorla dolandırır. Maddi imkanları buna yol verdiyi halda ata olaraq o, övladlarından nəisə əsirgəməz. Ərizəçinin sübutlarla təsdiq edilməyən dəlilləri nəzərə alınmış, tərəfindən təqdim olunmuş sənədlər üzrə etirazındakı hallar isə yetərincə qiymətləndirilməmişdir. Ödənilməli olan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması üzrə 1 uşağa görə ödəməli olduğu aliment məbləği 472 manat təşkil edir. Aylıq 500 manat olan əmək haqqından 472 manatı tərəfindən fəaliyyət qabiliyyəti olan ərizəçiyə ödənildikdən sonra yerdə qalan cəmi 28 manatla 2 azyaşlı övladlarının zəruri tələbatlarının qarşılanması qeyrimümkündür. Hüquqları nəzərə alınmış əmək qabiliyyətli ərizəçi kimi onun da hüquqları və sonrakı nikahından olmuş 2 azyaşlı övladlarının mənafeləri nəzərə alınmalıdır.

Şikayətə qarşı etirazın dəlilləri

14. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri

15. Şikayətdən görünür ki, apellyator Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadı tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (MPM): Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsaslanaraq ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilmişdir. Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsi qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 116 manat olmuşdur. Belə olan halda məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2017-ci ildə aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.

21. Məhkəmə qərardadı ilə razılaşmayan Borclu Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və “ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə” dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

23. Kollegiya apellyantın etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin öhdəliyinin minimum əmək haqqının 1,18 misli həddində indeksasiyası nəticəsində artması borclunun maddi vəziyyətində dəyişikliyə, əlverişsiz vəziyyətə düşməsinə səbəb olduğu təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)- 13/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar