Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-149/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclunə qarşı (Açar sözlər: borclunun əmlakı üzərinə həbs qoyulması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegyiası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(119)-908/2023 saylı icra sənədinə əsasən Borclunə məxsus VAZ 212214 markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, İSUZU NQR 71R YÜK markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, MİTSUBİSHİ L200 YÜK Sərnişin markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı , X8 MİNİK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, X8 MİNİK markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra və probasiya şöbəsinin icraatında olan Sumqayıt Kommersiya məhkəməsinin 2-2(119)-908/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “Qaraçay” şirkətindən 32902.57 manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi üzrə icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman “Qaraçay” şirkətinin balansında VAZ 212214 markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, İSUZU NQR 71R YÜK markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, MİTSUBİSHİ L200 YÜK Sərnişin markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, X8 MİNİK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, X8 MİNİK markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Belə olan halda borclunun əmlakı üzərinə həbs qoyulması zərurəti yaranmışdır.
3. Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) təqdimat qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(119)-908/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclunə məxsus “X8 Minik” markalı 90AC747, “X8 Minik” markalı 10PE407 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilməsi, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Borclu qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayətin təmin edilməməsi, Borclu Abşeron Rayon Məhkəməsinin 8(012)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri
6. Borclu şikayəti onunla əsaslandırılmışdır ki, tələb 18631,62 manat olduğu halda, ümumilikdə qiyməti qat-qat yüksək olan 2 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulması deməkdir. İş materiallarından da göründüyü kimi, həbs qoyulmuş nəqliyyat vasitələrinin dəyəri müəyyən olunmamışdır. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının öncə qiymətləndirilməsi həyata keçirilməli, daha sonra borc tələbi həcmində tədbir görülməlidir. Məhkəmə isə buna əhəmiyyət verməmiş, nəticədə qanunsuz qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
9. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesb edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli və bununla bağlı 07 noyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(119)-908/2023 saylı icra sənədi ilə cavabdeh Borclundən 32172,57 (otuz iki min yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 32902,57 (otuz iki min doqquz yüz iki manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkarnə ödənilməsi qət olunmuşdur. Borclu tərəfindən könüllə icra müddətində icra sənədi üzrə borc ödənilməmişdir. “Elektron İcra” informasiya sistemindən çıxarışa əsasən Borclunə məxsus VAZ 212214 markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı, İsuzu NQR 71r Yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi L200 Yük Sərnişin markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, X8 Minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, X8 Minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə məcburi icra tədbirləri çərçivəsində borclunun əmlakının üzərinə həbs qoyulması ilə əlaqədar icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir.
14. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə təqdimat qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(119)-908/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclunə məxsus “X8 Minik” markalı 90AC747, “X8 Minik” markalı 10PE407 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır.
15. Borclu qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
17. Bu baxımdan qeyd edilməlidir ki, qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.
18. Həmin qaydalara əməl edilərək düzgün hüquqi qiymət verilməsi, “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılan məhkəmə qərarının icrasının təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinə nail olmaq məhkəmənin başlıca vəzifələrindən biridir.
19. Qeyd olunmalıdır ki, qanunverici İcra Haqqında Qanunla məhkəmə qərarının icrasının qaydalarını tənzimləmişdir.
20. Həminin Qanunun tələbinə görə təqdimat üzrə məburi icra tədbirinin tətbiqi üçün bu Qanunla nəzərdə tutulmuş müvafiq əsasların olması tələb olunur. Həmin əsasların mövcudluğu məhz həmin məburi icra tədbirinin tətbiqini zəruri edir.
21. Qanunvericiliyin tələblərinə görə əmlakın üzərinə həbs qoyulması məcburi icra tədbiri olmaqla tələbin könüllü icrası haqqında bilirişin təqdim edildiyi vaxtdan 10 gün müddətində tələbin icrasının təmin edilməməsi məcburi icra tədbirlərinin həyata keçirilməsinin əsası kimi çıxış edir (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 44.1.3-cü maddəsi). Göründüyü kimi araşdırılan mübahisə üzrə borclu könüllü icra müddətində tələbi təmin etməmişdir. Həmçinin iş materialları ilə borclunun bank hesablarında pul vəsaitlərinin olduğu müəyyən edilmir.
22. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, qərardad qəbul edildikdə maddi və prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.
23. Məhkəmə kollegiyası dəyəri borc tələbindən çox olan borcluya məxsus iki ədəd avtomaşının üzərinə həbs qoyulması ilə bağlı şikayətin dəlilinə gəlincə qeyd edir ki, hazırkı halda üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin mövcudluğu və vəziyyəti məhkəmə üçün müəyyən edildir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən avtomaşınlar üzərinə həbs qoymaqla həmin avtomaşınların mövcudluğu və vəziyyəti barədə məlumatın olmamasını, eyni zamanda icra sənədinin icrasının təmin olunmaması ilə nəticələnə bilənəcək halları nəzərə almışdır.
24. Bundan başqa, borculya məxsus əmlakın hazırkı halda qiymətləndirilməməsinin mübahisələndirilməsi ilə bağlı kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə müvafiq olaraq üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunur, tələbkar imtina etdikdə isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılır. Borclunun əmlakının qiymətləndirilməsi həmin Qanunun 51-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.
25. Məhkəmə kollegiyasının qənaətincə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
26. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli və bununla bağlı 07 noyabr 2024-cü il tarixli, 8(012)-459/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.