Məhkəmə qərarları › İş №8(105)-149/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-149/2025

29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-149/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X3 ibarət tərkibdə, X14 qızının katibliyi ilə, İcra sənədi üzrə X2 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-258/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: X2 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-2657/2016 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlli X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş hər ay hər uşağa 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 1.1 misli miqdarında (hər ay hər uşağa 440 manat, cəmi 880 manat) indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(105)-2657/2016 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Halhazırda xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 məktəb və hazırlıq xərcləri yetərincə artmış və cavabdehin ödədiyi aliment pulu ilə uşaqların sağlamlıq, təhsil, məişət, qida və sair qayğılarını qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli və 2(105)-2657/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır. Uşaqların bütün qayğısını tamamilə o çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-258/2025 nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlli X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh X5 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunması, ərizənin qalan hissədə təmin edilməməsi, alimentin indeksasiya olunmasının başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır (hakim Aynur Behbudova) Borclu Cavabdeh qeyd edilən qərardaddan şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, işləmir, başqa yerdən qazancı yoxdur. Uşaqlarına alimentdən əlavə maddi yardım edir. Təyin olunmuş ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddən artıq yüksəkdir. Aliment ödəməkdən boyun qaçırmır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qərardad tamamilə qanunsuz və əsassızdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-258/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-258/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2657/2016 saylı, 01 dekabr 2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cüil tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, 2016-cı ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək uşaq üçün hər ay hər uşağa 117 manat ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə minimum əmək haqqının 1,11 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-258/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar