Məhkəmə qərarları › İş №8(105)-15/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-15/2023

30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-15/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Borclu şəxs Əliyeva Təranə Rizvan qızının və onun nümayəndəsinin iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-903/2022 saylı qərardadından borclu şəxs Əliyeva Təranə Rizvan qızı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: X6 Rizvan qızı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrasına 9 ay möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-903/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) X6 Rizvan qızının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-903/2022 saylı qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2022-ci il tarixli, 8(060)-903/2022 saylı qərardad ilə ərizəni təmin etməyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231.1, “İcra Haqqında” Qanunun 15, 17 və 21.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə aktlarından şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın dayandırılması üçün əsasdır. Həmin hal məhkəmə aktının icrasına möhlət verilməsi üçün əsas deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, borclunun məhkəmə aktının icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Borclu tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilmiş şikayət həmin məhkəmənin icraatına qəbul olunduğu halda borclu T.Əliyeva həmin əsasla icra üzrə icraatın dayandırılması barədə ərizə ilə icra məmuruna, xahişi təmin olunmadığı halda isə, icraçının hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edə bilər. Şikayətin dəlilləri və işdə iştirak edən şəxlərin izahatları: Borclu müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsinin və ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim etdiyi ərizədə möhlət almağının səbəbi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 4693/2022 saylı qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və əlavə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumuna müraciət etməyini əsas gətirmişdir. Qətnamə icra edildiyi halda ərizə təmin edilməsi zamanı müəyyən çətinliklər yaranacaqdır. Yəni, ondan tələb olunan pulun tutulmasının iddiaçıdan geri tələbi müəyyən vaxt və çətinlik yaradacaqdır. Hal-hazırda əlavə kassasiya qaydasında verdiyi şikayət Ali Məhkəmənin Plenumu tərəfindən baxılması üçün qəbul edilmişdir. Bunu Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 13(102)-274/2022 saylı bildirişi təsdiq edir. Əlavə kassasiya qaydasında şikayətinə baxıldığı üçün ona möhlət verilməsinin məqsədəmüvafiqdir. Məhkəmə iclasında X6 Rizvan qızı və onun nümayəndəsi şiakyətin dəlillərinə uyğun izahat verərək, öz izahatında şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar İddiaçı və Sumqayıt şəhəri üzrə İcra idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tələbkar və məhkəmə iclasına gəlmədiyindən, Sumqayıt şəhəri üzrə İcra idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-953/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddianın təmin edilməsi, cavabdeh Əliyeva Təranə Rizvan qızından 7000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) və 3000 manat məbləğində pul, 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, cavabdeh Əliyeva Təranə Rizvan qızının kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, MPM iddia və ya digər növ ərizələrin verilməsi, onların məhkəmə icraatına qəbul edilməsi, işlərə baxılması, məhkəmə aktlarının çıxarılması, həmin aktların icrası, onlardan şikayət verilməsi və məhkəmə aktlarına yenidən baxılması ilə bağlı məhkəmələrin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının bütün hərəkətlərini prosessual baxımdan tənzimləyir.Məhz bu prosessual hərəkətlərin məcmusu, habelə məhkəmə, tərəflər və ya mülki prosesin digər iştirakçılarının prosessual hüquq və vəzifələri mahiyyətcə mülki məhkəmə icraatını təşkil edir.Mülki məhkəmə icraatında birinci və ya apellyasiya instansiyası məhkəmələrində qəbul olunan bütün məhkəmə aktları qüvvəyə mindikdən sonra icraya yönəldilir.Ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri isə məhkəmə aktlarının icrası ilə bağlıdır.Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının dayandırılmasını, həmçinin onların icrasına möhlət verilməsini də nəzərdə tutmuşdur. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır.Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu qeyd edir ki, hazırki iş üzrə borclu şəxsin istinad etdiyi hallar icra sənədinin icrasına möhlət verilməsinin əsası kimi deyil, məhz icra sənədi üzrə icraatın dayandırılması əsası kimi nəzərdən keçirilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda borclu şəxsin də mübahisələndirdiyi hal müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində qeyd olunmuş hallarla bağlı olmaqla, onun icrasına möhlət verilməsi istəyi ilə bağlı olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, borclu şəxsin şikayətin dəlili kimi istinad etdiyi hal qismində əlavə kassasiya qaydasında onun verdiyi şikayətə baxılması halı müvafiq məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün ayrıca əsas qismində qiymətləndirilməsi halı özlüyündə məhkəmə qətnaməsinin icrasının məcburiliyi prinsipinə zidd olmaqla, tələbkarın mənafeyinə də uyğun deyildir. Bundan əlavə isə indiki halda borclu şəxs tərəfindən müvafiq məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün hər hansı əsasa istinad edilməmişdir (tələbi məhz icra sənədinin icrasına möhlət verilməsinə yönəlməmişdir). Ona görə də məhkəmə kollegiyası hesab edir ki, borclu şəxs tərəfindən verilmiş şikayət formal mülahizələrə əsaslanmaqla, heç bir dəlilə istinad edilmədiyindən, təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, borclu şəxsin şikayətində göstərdiyi dəlillər məhkəmənin qərardadının ləğv edilməsi və qərarın icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şəxs Əliyeva Təranə Rizvan qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-903/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar