Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-15/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatı üzrə (Açar sözlər: borclunun məcburi gətirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-641/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar ASC tərəfindən şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ağdam Rayon Məhkəməsinin 2(013)-1419/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 1199 manat əsas, 199.27 manat faiz, 58.34 manat cərimə borcu olmaqla cəmi 1456.61 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi qərara alınmışdır.
2. xx.xx.2023-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 8(012)-641/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatının təmin edilməməsi qərara alınmışdır.
4. Tələbkar ASC qeyd edilən qərardaddan şikayət verərək, 8(012)- 641/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 8(012)-641/2023 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialından görünür ki, “borclunun məcburi gətirilməsi barədə” qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və eyni tarixdə, yəni xx.xx.2023-cü ildə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Göründüyü kimi icra haqqında qanunvericiliyin tələbindən irəli gələrək “tərəflərin həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət vermək” hüququ pozulmuşdur və qeyd olunan müddətə əməl olunmamışdır. Həmçinin tərəflərin bu hüququnun olması (qərardan şikayət vermək hüququ) “borclunun məcburi gətirilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarda göstərilməmişdir. Göründüyü kimi, borclu barəsində məcburi gətirilmə tədbiri borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındıqda tətbiq olunur. Ancaq təqdimata əlavə edilmiş sənədlərin surətlərindən borclunun icra məmurunun çağırışına üzrsüz səbəbdən gəlməməsi müəyyən olunmur. Təqdimata icraata başlamaq haqqında qərarın və bildirişin surətini əlavə etsə də bildirişin borcluya çatmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən borclu barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq edilməsinə də zərurət yoxdur. Buna görə də təqdimat təmin edilməməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2, 84.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin təqdimatın rədd edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, borclu faktiki olaraq məhkəmə qərarını icra etmək durumunda olduğu bir vəziyyətdə nə könüllü icra müddəti ərzində nə də bundan sonra məhkəmə qətnaməsinin icrası istiqamətində hər-hansı addım atmamışdır. İcra haqqında Qanunun 84.1-ci maddəsinə əsasən məcburi gətirilmə tədbiri borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındıqda tətbiq olunur. İşdən göründüyü kimi Ağdam Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(013)-1419/2019 saylı icra sənədinə əsasən, Borclu Tələbkar ASC-nin xeyrinə 1486.61 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Lakin borclu hal-hazırki tarixədək heç bir ödəniş etməmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru T.M.Mustafayev xx.xx.2019-cu il tarixində icra sənədi üzrə icraata başlamış və icraata başlama haqqında qərarı bildiriş ilə birgə borcluya (Borclu-Abşeron rayon, Ş.Qurbanov küçəsi, ev 14) göndərmişdir. Bildiriş borclunun icra vərəqəsində göstərilən ünvanına rəsmi olaraq göndərilmişdir. Bundan başqa məhkəmə qətnaməsinin qəbul olunduğu və icra vərəqəsinin verildiyi tarixdən 4 ildən artıq müddət keçmişdir. Borclu bu müddət ərzində heç bir ödəniş etməyərək məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmışdır. Yuxarıda göstərdiyimiz kimi əgər dörd ildən artıq vaxt keçibsə və qanuni qüvvədə olan qətnamə icra olunmadan qalmışdırsa, artıq bu vəziyyət həmin qətnamənin kağız parçasından başqa bir şey olmadığı fikrini yaratmış olar. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icrae dilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Lakin həmin qətnamə hal-hazıradək borclunun qanunusuz hərkətləri səbəbindən icra olmamışdır. Məhkəmə də öz növbəsində Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin etməmişdir. Məhkəmə təqdimatın təmin edilməməsinin gələcəkdə həmin qətnamənin icrasını qeyri-mümkün edəcəyini nəzərə almamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
12. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 8(012)-641/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
14. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
17. Araşdırılan işdən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1419/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 1199 manat əsas, 199.27 manat faiz, 58.34 manat cərimə borcu olmaqla cəmi 1456.61 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru 28 noyabr 2023-cü il tarixli təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd olunan əsasla təqdimatı rədd etmiş, narazı qalan Tələbkar ASC qərardaddan şikayət vermişdir.
18. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.
19. Qanunvericilik normasından göründüyü kimi, borclu barəsində məcburi gətirilmə tədbiri borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındıqda tətbiq olunur.
20. Lakin iş materiallarından müəyyən edilir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş “borclunun məcburi gətirilməsi barədə” qərar, məhkəməyə göndərilmiş təqdimatla eyni tarixə, yəni xx.xx.2023-cü il tarixə təsadüf edir.
21. Göründüyü kimi icra məmuru tərəfindən qəbul edilmiş “borclunun məcburi gətirilməsi barədə” qərar Qanunvericiliyin tələblərinə tam riayət edilmədən qəbul edilmişdir ki, bu da “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinin tələbləri ilə uzlaşmır.
22. Belə olan halda kollegiya bildirir ki, yalnız formal mülahizələrə əsaslanmaqla borclunun icra məmurunun çağırışına üzrsüz səbəbdən gəlməməsi qənaətinə gəlmək olmaz.
23. Beləliklə yuxarıda qeyd olunan prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi təqdimatı qeyd olunan əsaslarla təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-641/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı:
Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-641/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.