Məhkəmə qərarları › İş №8(105)-15/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-15/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-15/2025 03.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin 2(027)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun təqdimatına dair iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimatı belə əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Quba Rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və hazırda 103885 manat borcu yaranmışdır.

3. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı ilə (hakim A.Babayev) təqdimat təmin edilmişdir.

4. Bu qərardaddan Borclu şikayət verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

5. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı ilə ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Təqdimatı əsaslı hesab edən məhkəmə öz hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2, 45.6 və 50.2-ci maddələrinə istinadla etməklə əsaslandırmış və təqdimatı təmin etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatı təmin edən məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Quba rayon İcra və Probasiya Şöbəsinin ona məxsus əmlaklar üzərinə həbs qoyulması barədə təqdimatı əsassızdır. Belə ki, təqdimatda üzərinə həbs qoyulması nəzərdə tutulan torpaq sahələrinin üçü – Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reyestr nömrəli, 0,36 ha torpaq sahəsi, **********35 reyestr nömrəli, 0,8404 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0,3190 ha torpaq sahəsi onun tərəfindən digər şəxslərə özgəninkiləşdirilmişdir. Həmin torpaq sahələrindən Quba rayonu, Vladimirovka kəndində yerləşən **********49 reyestr nömrəli, 0,0250 ha torpaq sahəsi ipoteka müqaviləsinə əsasən yüklüdür. Belə olduğu təqdirdə həmin torpaq sahələri üzərinə həbs qoyulması düzgün deyildir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz və əlavə sənədlər daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. İcra haqqında Azərbaycan Respublikası Qanununun:

2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

11. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsi: Maddə 267.1.Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

12. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

13. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,8(027)-271/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin araşdırılan hallarından müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra vərəqəsindən görünür ki, Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.

16. İş materialında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bildirişi xx.xx.2024-cü il tarixində şəxsən imzalayaraq, qəbul etmişdir.

17. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində araşdırılan zaman Borclu adına Quba Rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.84 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələrinin olduğu müəyyən edilmişdir.

18. Yenə işin araşdırılan hallarından müəyyən edilir ki, hazırkı təqdimat üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur.

19. Bu qərardaddan Tələbkar tərəfindən verilən şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 8(027)-271/2024 saylı qərardadına əsasən qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)- 271/2024 nömrəli qərardadı qərardadı ləğv edilmiş, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Bundan sonra işə baxan məhkəmə təqdimatın tam edilməsi barədə yuxarıda qeyd olunan qərardadı qəbul etmişdir.

21. İşə baxan məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Borclu şikayətində Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reyestr nömrəli, 0,36 ha torpaq sahəsi, **********35 reyestr nömrəli, 0,8404 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0,3190 ha torpaq sahəsinin onun tərəfindən digər şəxslərə özgəninkiləşdirildiyini qeyd etsə də bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də Quba rayonu, Vladimirovka kəndində yerləşən **********49 reyestr nömrəli, 0,0250 ha torpaq sahəsinin ipoteka müqaviləsinə əsasən yüklü edildiyini bildirsə də, bu halı da təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

22. Əksinə, apellyasiya araşdırması zamanı Tələbkar elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı, eləcə də “AZEMİS” vasitəsilə əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, sözügedən torpaq sahələri hazırda Borclu mülkiyyətindədir.

23. Beləliklə, işə baxan məhkəmə təqdimatı təmin etməklə düzgün nəticəyə gəlmişdir və hazırkı halda şikayətin dəlillərində qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı

Qərara aldı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar