Məhkəmə qərarları › İş №8(105)-150/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-150/2025

31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-150/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası, şikayətin geri qaytarılması) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli və Şamaxı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadlarından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, borcludan onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq mislində indeksasiya edilməsini xahiş etmişdir.

2. Tələbkar ərizəsini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır.

3. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur.

4. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1104/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Borclu qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 100 manat sabit pul məbləğində aliment və cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) ərizə təmin edilərək, həmin məhkəmənin 2(074)- 1104/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

6. Borclu apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)- 89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.

8. Borclu şikayət verərək, şikayətin geri qaytarılması haqqında Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, həmçinin, şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını, alimentin indeksasiyasına dair ərizənin rədd edilməsini xahiş etmişdir.

9. Şamaxı Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) aliment məbləğinin indeksasiya olunması haqqında Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il və şikayətin geri qaytarılması haqqında Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadlarından Borclu tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi, şikayətlərin işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

11. Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-89/2025 saylı qərardadı qanunsuz və ədalətsizdir. Şikayətdə qərardadın çıxarılma vaxtı yox, qərardadın vətəndaş tərəfindən alındığı vaxt öz əskini tapmışdır. Belə ki o, Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(074)-89/2025 saylı qərardadından apellyasiya şikayəti vermişdir. Həmin şikayəti elektron portala yükləmişdir. Məhkəmə müraciət etmək hüququnu məhdudlaşdırıb, onu əlavə xərclərə və əziyyətə məruz qoyub apellyasiya şikayətini geri qaytarmışdır.

12. Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tamamilə ədalətsiz, onun xəstəliyini və maddi durumunu nəzərə almadan əsassız qərar çıxarmışdır. Belə ki, o, epilepsiya xəstəsidir. İİ dərəcə əlildir. Xəstəliyi ilə əlaqədar işləmir. Aldığı 220 manat təqaüd dava-dərmanlarına çatmır. Lakin məhkəmə bu halları nəzərə almadan ədalətsiz və onun vəziyyətini çıxılmaz hala salan qərardad qəbul etmişdir. Uşaqları saxlamaq epilepsiya xəstəsi olan, İİ qrup əlil olan, təqüdçü bir atanın tək borcu deyil. Uşaqları saxlamaq həm də ananın borcudur. Belə olan halda hər uşağa 100 manatdan artıq onun ödəməyə nə sağlamlığı nə də ki, maddi durumu yol verir. Ali Məhkəmənin Plenum qərarında qeyd edilmir ki, aliment mütləq indeksasiya olunmalıdır. Orada bildirilir ki, əgər diqqətəlayiq hallar varsa, onun isə nə xəstəliyi sağalmış, nə də aldığı təqaüd çoxalmamışdır. İndeksasiya minumum əmək haqqı ilə müəyyən edilirsə o, xəstəliyi ilə əlaqədar işləmir, əmək haqqı almır, istəsə belə xəstə olduğundan işləyə bilməz. O, dövlətdən pensiya alır. Hesab edir ki, belə olan halda aldığı pensiyaya uyğun aliment indeksasiya olunmalı idi. O, xəstəlik sənədlərini məhkəmədə təqdim etməyə çalışsa da, onlar məhkəmədə həmin sənədi qəbul etməyərək heç qərardadda həmin sənədlərin adını belə çəkməmişlər.

Şikayətə qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

14. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 26 may 2025ci il tarixli, 8(074)-89/2025 nömrəli və Şamaxı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadlarının ləğv edilməsini xahiş edərək qərardadları tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 26 may 2025ci il tarixli, 8(074)-89/2025 nömrəli və Şamaxı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadları tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (MPM): Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli və Şamaxı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

19. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsaslanaraq ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, alimentin sonuncu dəfə 2019-cu ildə 100 manat müəyyən olunmasını və həmin ildə minimum aylıq əmək haqqının məbləğinin 250 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2019-cu ildə minimum aylıq əmək haqqının 0,4 misli həddində alimentin tutulması qət edildiyindən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmalıdır.

20. Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.

21. Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Borclu qərardaddan şikayəti qərardadı qəbul edən məhkəməyə verməli olduğu halda, şikayətində məhkəmənin adını “Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası” kimi göstərmiş və eyni zamanda, barəsində şikayət verilən məhkəmə aktının qəbul edilmə tarixini düzgün göstərməmişdir.

23. Borclu şikayət verərək, şikayətin geri qaytarılması haqqında Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, həmçinin, apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını, alimentin indeksasiyasına dair ərizənin rədd edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadlarının ləğv edilməsi üçün yetərli hesab etmir, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)- 89/2025 nömrəli və Şamaxı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya apellyantın etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin öhdəliyinin minimum əmək haqqının 0,4 misli həddində indeksasiyası nəticəsində artması borclunun maddi vəziyyətində dəyişikliyə, əlverişsiz vəziyyətə düşməsinə səbəb olduğu təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

27. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli və Şamaxı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(074)-89/2025 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar