Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-151/2024 04.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-163/2024 nömrəli qərardadından Tələbkar2 ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC) nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov məhkəməyə təqdimatla müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-873/2019 saylı, xx.xx.2019-cu il tarixli və Şamaxı Rayon Məhkəməsinin 2(074)-1224/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqələrinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 873/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Borclu tələbkar "xxxx" İKB ASC-nin xeyrinə cəmi 1404,92 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1224/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Borclu tələbkar "xxxx" İKB ASC-nin xeyrinə cəmi 1056,84 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunan icra sənədi müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə şöbəyə daxil olmuş və icra sənədinin icraatına başlanılaraq icra tədbirləri aparılmışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclu tərəfindən hər hansı ödəniş olunmamış, qalıq borcu hal hazırda "xxxx" İKB ASC-nin xeyrinə cəmi 1404,92 manat və ödənilmiş 30 manat və 1056,84 manat və ödənilmiş 30 manat dövlət rüsumu təşkil edir. Borclu dəfələrlə xx.xx.2020-ci il, xx.xx.2021-cı il və xx.xx.2023-cü il tarixlərdə izahatı alınmış, mövcud borcunu ödəməsi barədə xəbərdar olunmuşdur. Aparılan icra tədbirləri nəticəsində Borclu tez-tez ölkə hüdudlarını tərk etdiyi tərəfimizdən müəyyən olunmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfndən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ılə müvəqqəti məhdudlaşdırıla bilər.
3. Şamaxı Rayon Məhkəməsinin 2(074)-873/2019 saylı, 02 avqust 2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 1067,65 manat əsas, 178,7 manat faiz və 158,57 manat cərimə olmaqla ümumilikdə cəmi 1404,92 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. İcra vərəqəsi 30 sentyabr 2019-cu il tarixdə verilmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1224/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 689,47 manat əsas, 135,04 manat faiz və 232,33 manat cərimə olmaqla ümumilikdə cəmi 1056,84 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. İcra vərəqəsi 07 yanvar 2020-ci il tarixdə verilmişdir.
5. Şamaxı rayon İcra və probasiya şöbəsinin “İcraata başlamaq haqqında” 02 oktyabr 2019-cu il və 14 yanvar 2020-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-873/2019 saylı, xx.xx.2019-cu il tarixli və Şamaxı Rayon Məhkəməsinin 2(074)-1224/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin 8(074)-163/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadına əsasən Şamaxı Rayon Məhkəməsinin 2(074)-873/2019 saylı, xx.xx.2019-cu il tarixli və Şamaxı Rayon Məhkəməsinin 2(074)-1224/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatı təmin olunmamışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
8. Məhkəmə qeyd etmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmurunun təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, müəyyən hərəkətlərin edilməsinin vacibliyi göstərilmişdir. Lakin icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, yuxarıda qeyd olunan hərəkətləri tam olaraq yerinə yetirməmişdir.
9. Tələbkar2 ASC tərəfindən Şamaxı Rayon Məhkəməsinin 8(074)-163/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
10. Şamaxı Rayon Məhkəməsinin 8(074)-163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, Tələbkar2 ASC cavabdeh Borclu qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-873/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu cəmi 1404.92 manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar2 ASC-yə ödənilməlidir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1224/2019 saylı xx.xx.2019 saylı qətnaməsinə əsasən Borclu cəmi 1056.84 manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar2 ASC-yə ödənilməlidir. Qeyd olunan qətnamələr üzrə icra sənədləri xx.xx.2019-cü il və xx.xx.2020-cil tarixində Şamaxı rayon İcra şöbəsinə daxil olmuşdur. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək qərarların surəti, bildirişlər icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin keçən müddət ərzində dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borclu tərəfindən icra sənədlərinin icrası tam təmin edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)- 163/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmənin 2(074)-873/2019 nömrəli, xx.xx.2019-cu tarixli və 2(074)-873/2019 nömrəli, xx.xx.2019-cu tarixli qətnamələri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra şöbəsindən daxil olmuş təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Hesab edir ki, qərardad əsassız olduğu üçün ləğv olunmalıdır. Məhkəmənin mövqeyi ilə razılaşmır, həmçinin hesab edir ki, icra sənədlərinin tam və düzgün icrasını təmin etmək məqsədi ilə icra sənədlərinin icrasından qərəzli olaraq yayınmaqda davam edən Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, Borclu əvvəllər də vaxtaşırı xarici ölkələrə gedib-gəlirdi. İstisna olunmur ki, borclu istənilən vaxt Respublikanın hüdudlarını tərk edə bilər və belə olan halda icra sənədinin icrası qeyrimümkün olacaqdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
14. Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
22. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
23. Birinci instansiya məhkəməsi qərardadda göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Qeyd olunan hallar məcmu şəklində mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti ilə əlaqədar icra məmuru məhkəməyə müraciət edə bilər.
24. Lakin birinci instansiya məhkəməsi bu cür mübahisələrə baxılan zaman zəruri olsa da icra işi üzrə materialları tələb edib tədqiq etməmiş, icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilməməsini, icra məmurunun borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirib-keçirməməsini, ümumiyyətlə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatın təmin edilib-edilməməsinə əsas verən halların mövcudluğu ətraflı araşdırılaraq əsaslandırılmamış, o cümlədən qərardaddan verilən şikayətin dəlilləri yoxlanılmamış və araşdırılmamışdır.
25. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlardan görünür ki, Borclu xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisindən çıxmışdır. Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzovun məhkəməyə verdiyi təqdimatında isə Borclu xx.xx.2020-ci il, xx.xx.2021-cı il və xx.xx.2023-cü il tarixlərdə izahat alındığını və şəxsin mövcud borcun ödəməsi barədə xəbərdar olunduğunu qeyd etmişdir. Qeyd olunan halla bağlı birinci instansiya məhkəməsi araşdırma aparmamışdır.
26. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
27. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən məhkəmə kollegiyası hesab edir ki, göstərilən xüsusatlar nəzərə alınmaqla təqdimata yenidən baxılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 8(074)-163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 8(074)-163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.