Məhkəmə qərarları › İş №8(105)-151/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-151/2025

31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-151/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızının aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə məhkəmə iclas katibi Rüstəmli Aytən Kamil qızının katibliyi ilə , Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızı hazırda ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü Mikayılova (İsgəndərova) Dəniz Mikayıl qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsini xahiş etmişdir.

2. Tələbkar ərizəsini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır.

3. Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim F.Yaqubov) ərizə təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-354/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Mikayılova (İsgəndərova) Dəniz Mikayıl qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu tələbkar Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızının xeyrinə tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi öz qərardadında Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1, 75.2, 75.4, 110.1, 110.2-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1, 8.4-2-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 232.1, 232.2, 232.3-cü maddələrinə istinad edərək, xx.xx.2011-ci il təvəllüdlü Mikayılova (İsgəndərova) Dəniz Mikayıl qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, alimentin sonuncu dəfə 2012-ci ildə 86 manat müəyyən olunmasını və həmin ildə minimum aylıq əmək haqqı məbləğinin 93,5 manat olmasını nəzərə alaraq müəyyən edib ki, 2012-ci ildə minimum aylıq əmək haqqının 0,92 misli həddində alimentin tutulması qət edildiyindən, sonrakı artımlar nəzərə alınmaqla, alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunmalıdır.

5. Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, alimentin indeksasiya edilməsinə dair ərizənin rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılıb ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuzdur. O, məhkəmənin gəlmiş olduğu nəticə ilə qəti şəkildə razı deyil. Tələbkar Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızı məhkəməyə ünvanladığı ərizəsində ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli məbləğində indeksasiya olunmaqla ondan alimentin tutulmasını tələb etmiş, lakin ərizəsində konkret rəqəm göstərməmişdir. Məhkəmə qərardadında isə tutulacaq alimentin məbləğinin ölkə üzrə minimum əmək haqqının 0.92 misli məbləğində indeksasiya olunması qərara alınmışdır. Azərbaycan Republikasında 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun məbləği isə 246 manat məbləğində müəyyən edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında yazılanlardan görünür ki, məhkəmənin hakimi ərizəçinin tələbi üzrə yox, öz mülahizəsi üzrə qərardad qəbul etmişdir. Belə ki, tələbkarın ərizəsində ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli məbləğində indeksasiya olunmaqla ondan aliment tutulması məhkəmədən xahiş edilmişdir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında məndən tutulacaq alimentin məbləğinin ölkə üzrə minimum əmək haqqının 0.92 misli qədər müəyyən olunması hakimin Azərbaycan Respublikasında Qanunvericiliyin tələbindən kənara çıxması deməkdir. Belə ki, ölkə üzrə minimum əmək haqqı 400 manat olduğundan onun 0.92 misli, 368 (üç yüz altmış səkkiz) manat edir. Lakin Azərbaycan Respublikasında 2025-ci il üçün uşaqların minimum yaşayış məbləği 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Odur ki, iş üzrə hakim tərəfindən qanunvericiliyin bu tələbi pozulmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, tələbkar Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızı məhkəməyə qeyri-müəyyən indeksləşmə ilə bağlı ərizə göndərsə də məhkəməyə üzürsüz səbəbdən gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat da verməmişdir. Belə olan halda məhkəmə ərizəni baxılmamış saxlamalı idi. Hazırda onun hər ay 368 manat alimenti ödəmə imkanı yoxdur. Bu hal tezliklə yüksək məbləğdə borcun yaranmasına səbəb olacaqdır ki, bu da azyaşlının maddi təminatının pisləşməsinə səbəb olacaqdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəməyə yazılı ərizə ünvanlayaraq, ərizəsində şikayətinin dəlillərini bir daha müdafiə etmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikas Ailə Məcəlləsi Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

13. Apellyatorun hazırkı şikayəti Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.

14. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

17. Şamaxı Rayon Məhkəməsinin 2(074)-354/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Mikayılova (İsgəndərova) Dəniz Mikayıl qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 86 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq, iddiaçı Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızına verilməlidir.

18. Hazırda tələbkar Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızı hazırda ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü Mikayılova (İsgəndərova) Dəniz Mikayıl qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsini xahiş etmişdir.

19. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

21. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2012-ci il üçün ölkə üzrə minimum əmək haqqı 93,5 manat təşkil etmişdir. X3 tələblərindən çıxış edərək riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0.92 misli (86 manat/93.5=0,92) həddində müəyyən edilmiş olur.

22. İşə baxan məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Şamaxı Rayon Məhkəməsinin 2(074)-354/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Mikayılova (İsgəndərova) Dəniz Mikayıl qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu tələbkar Şəfiyeva (İsgəndərova) Gülnar Faiq qızının xeyrinə tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.

23. Bununla belə kollegiya qeyd edir ki, tələbkar borclunun gəlirləri (qazancı), onun hazırkı maddi vəziyyəti və ayda minimum əmək haqqının 0.92 misli həddində aliment ödəmək imkanına malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

24. Ona görə də kollegiya izah edir ki, indiyədək uşaq üçün aylıq 86 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 0.92 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

25. Yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət hazırkı halda təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 8(074)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar