Məhkəmə qərarları › İş №8(105)-152/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-152/2025

08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-152/2025 08.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, X1 Şuşa Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(077)-17/2024 nömrəli qərardadının izah edilməsinə dair ərizəsi əsasında çıxarılmış Şuşa Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(077)-17/2025 nömrəli qərardadından iddiaçı X4 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Şuşa Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(077)-17/2024 nömrəli qərardadına əsasən X4 ərizəsi qismən təmin edilmiş və X4 övladı – 13 aprel 2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 16:00-dək ünsiyyətdə olma müddəti müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.

2. X2 Şuşa Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(077)-17/2024 nömrəli qərardadının izah edilməsinə dair ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək qərardadın “ünsiyyət hüququ” ilə bağlı hissəsinin izah olunmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırmışdır ki, o, Şuşa Rayon Məhkəməsinin 02 dekabr 2024cü il tarixli, 16(077)-17/2024 nömrəli qərardadına əsasən azyaşlı övladı X5 ilə hər həftənin şənbə 4 saat ünsiyyət hüququna malikdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-25/2025 saylı qətnaməsində də ünsiyyət hüququ tanınmışdır. Borclu tərəfin verdiyi apellyasiya şikayəti ünsiyyət qaydasının müəyyən edilməsi hissəsində qismən dəyişdirilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verməyi planlaşdırır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minməmişdir. Lakin bu qərarın icrası zamanı Qusar rayon İcra şöbəsinin icra məmuru X11 Anarın övladı ilə videobağlantı vasitəsilə ünsiyyət yaratmaq cəhdlərini rədd etmiş və bunu həmin qərarda ünsiyyət formasının yəni video bağlantının konkret göstərilməməsi ilə əsaslandırır. Şuşa Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(077)-17/2024 nömrəli qərardadının “ünsiyyət hüququ” ilə bağlı hissəsinin izahının verilməsini və bu hüququn icrası zamanı videobağlantı (videozəng) vasitəsilə əlaqə qurulmasını xahiş edirlər.

4. Şuşa Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(077)-17/2025 nömrəli qərardadı ilə (hakim Abusət Qasımov) iş üzrə iddiaçı X4 nümayəndəsi Nümayəndə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(077)-17/2024 nömrəli qərardadına “ünsiyyət hüququ” ilə bağlı hissədə izah verilməsinə dair ərizəsinin rədd olunması qərara alınmışdır.

5. Şuşa Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(077)-17/2025 nömrəli qərardadından iddiaçı X4 nümayəndəsi Nümayəndə şikayət verərək, şikayətin təmin edilməsi, qərardadın ləğv edilməsini və yaxud işin apellyasiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.

6. Şuşa Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 8(077)-17/2025 nömrəli qərardadı ilə (hakim Abusət Qasımov) Şuşa Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(077)-17/2025 nömrəli qərardadından iddiaçı X4 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(077)-17/2024 nömrəli qərardadının izah edilməsinə dair ərizə ilə məhkəməyə 13 iyun 2025-ci il tarixində qərardadın “ünsiyyət hüququ” ilə bağlı hissəsinin izah olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən əsassız qərardad çıxarılarılaraq onun Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Həmin gün məhkəmənin prosessual səhvi aradan qaldırmaq məqsədi ilə yeni bir şans yaradan, iş üzrə tələkarın özü eyni məzmunlu ərizə ilə öz adından ərizə vermiş və məhkəmə həmin ərizəni icraata götürərək 02 iyul 2025-ci il tarixdə təmin etməmişdir. Şuşa Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadının əsassız olduğunu yazaraq işin apellyasiya məhkəməsinə göndərilməsini tələb etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 8(105)-128/2025 nömrəli 04 iyul 2025-ci il tarixli qərardadı onun e-məhkəmə portalındakı şəxsi kabinetinə yüklənmişdir. Həmin qərardadda ünsiyyətə dair izahın verilməsi hüququ tanınmışdır. X4 ərizəsi ilə onun ərizəsi mahiyyət və məzmun baxımından eyni olduğunu nəzərə alaraq 8(077)-17/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadın ləğv edilməsi və yaxud işin apellyasiya instansiyasına göndərilməsi barədə qərardad çıxarmasını xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):

9. Maddə 230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.

10. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)

12. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.

13. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

15. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(077)-17/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən X4 ərizəsinə hüquqi qiymət verilmişdir. Qanunvericiliyin göstərilən müddəası müvafiq qətnamənin, qərardadın və ya icra sənədinin onun məzmununu dəyişdirmədən izah etməyi mümkün hesab edir. Lakin, qərardadın izah edilməsi onun mətnində yol verilmiş anlaşılmaz, çətin, mürəkkəb, ziddiyətli və bu kimi ifadələrin aydınlaşdırılmasını nəzərdə tutur və bu zaman qərardadın məzmununa xələl gəlməməlidir. Ərizəçi tərəfindən video bağlantı ilə ünsiyyət qurulmasının mümkün hesab edilməsi tələbi mövcud qərardadın izahı kimi qəbul edilməməli, məhkəmə aktının məzmununu dəyişdirilməsi hesab edilməlidir.

18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir.

19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

X1 nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(077)-17/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar