Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-153/2022 12.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Tələbkar Borclu1 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi barədə qərarından verdiyi şikayətin təmin edilməsi barədə Quba Rayon Məhkəməsinin 8(027)-526/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə tələbkar Borclu1 Quba rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarından şikayət verərək ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Tələbkar Borclu1 icra məmurunun qərarından verdiyi şikayətini onunla əsaslandırmışdır ki, o cavabdeh Borclu2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onun övladları X2 və X3 ilə birlikdə Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. Bundan sonra mülki iş icra olunması üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası mərhələsində icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi üçün vaxt təyin edilmiş və 11 yanvar 2022-ci il tarixdə icra məmurlarının və digər şəxslərin iştirakı ilə akt tərtib edilərək onun və övladlarının qətnamədə qeyd edilən fərdi yaşayış evinə köçürülməyilə bağlı icra tədbirinin uğurla həyata keçirildiyi və işin icra olunduğu qeyd edilmiş, bununla bağlı ondan ərizə alınmışdır. Belə ki, həmin vaxt iş üzrə Borclu2 onu və icra məmurlarını aldadaraq onları evə köçürülməyinə heç bir maneə yaratmayacağını bildirmişdir. Lakin icra məmurları ərazidən uzaqlaşandan sonra borclu yenidən onu və övladlarını qeyd edilən fərdi yaşayış evindən qovmuş və həmin evdə yaşamağa qoymayacağını bildirmişdir. Bununla da, Azərbaycan Respublikasının adından qəbul edilmiş məhkəmə qətnaməsi reallıqda icra olunmayaraq onun ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. O, sonradan qeyd edilən icra sənədinin reallıqda icra edilməməsi və iş üzrə borclunun onu və azyaşlı övladlarını qətnamədə köçürülməyi tələb edildiyi fərdi yaşayış evindən qovduğunu qeyd etməklə yenidən icra hərəkətlərinin davam etdirilməsini tələb etsə də, ona 11 yanvar 2022-ci il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərar təqdim edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021 -tarixli, 2(027)-1265/2021 saylı icra sənədinə xitam verilməsi bildirilmişdir. Bundan sonra o, Quba rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarından ərizə ilə şikayət edib. Quba Rayon Məhkəməsinin 8(027)-220/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Borclu2 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1265/2021 saylı qərardadından apelyasiya şikayəti verdiyi üçün şikayətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Borclu2 xx.xx.2022-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadından apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1987/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verə bilməz. Beləliklə də, cavabdeh Borclu2 Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qətnaməsindən də şikayət vermə səlahiyyətlərini itirmişdir. Göründüyü kimi o və uşaqları məhkəmə qətnaməsi ilə köçülməyi qət edildiyi fərdi yaşayış evinə faktiki olaraq köçürülməyib və iş üzrə borclu Rəhmanov X4 adından çıxarılmış məhkəmə qətnaməsinin icrasına maneə olur. Göstərilənlərə əsasən icra sənədi icra olunmadığı üçün icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv edilərək, 2(027)- 1265/2021 saylı mülki iş icra olunması üçün yenidən Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Quba Rayon Məhkəməsinin 8(027)-526/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu2 qərardaddan şikayət verərək Quba Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir . Quba Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 8(027)-526/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, tələbkar Borclu1 məhkəmə qətnaməsi icra olunduqdan 10 ay sonra məhkəməyə ərizə vermişdir ki, 3 noyabr 2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilsin və o ikinci dəfə mübahisəli mənzilə köşürülsün. Quba Rayon Məhkəməsi isə icra sənədi üzrə tələbkarın ərizəsini əsassız və qanunsuz olaraq təmin edərək Quba Rayon İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam veriməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə ərizəsini təmin etmişdir. Eyni zamanda işin mübahisəsiz hallarından biri odur ki, Borclu2 Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddətin bərpası barədə məhkəməyə ərizə vermiş, məhkəmə ərizəni təmin etmədiyindən MPM-nin 267-ci və 269.3-cü maddələrinə əsasən şikayət vermişdir. Göründüyü kimi Quba Rayon Məhkəməsi icra işində olan rəsmi sənədlərin tam əksi olaraq icra olunmuş qətnamənin ikinci dəfə icra olunması üçün tələbkarın uydurmalarına uyğun qərar qəbul etmişdir. Bununla da məhkəmə ərizəyə tam, hərtərəfli və obyektiv baxmamış, işin həqiqi hallarını, dəlilləri və faktları nəzərə almamadan qanunsuz və əsassız qərardad qəbul etmişdir. Sadalanan hallar nəzərə alınmaqla şikayət təmin edilməlidir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 8(027)-526/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR qanununun 73.5-ci maddəsinin tələblərinə görə tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İş materiallarından aydın olur ki, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdiyindən, yəni borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən, tələbkar hazırkı şikayətlə məhkəməyə müraciət edilmişdir. Tələbkarın şikayəti isə kifayət qədər əsaslandırılmışdır və qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsinin təmin olunmasına yönəldilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın şikayətini haqlı olaraq təmin etmişdir. Borclunun məhkəmə qərardadından verdiyi şikayət formal mülahizələrə əsaslanır və həmin qərardadın tələb edildiyi kimi ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə borclunun şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin 8(027)-526/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 8(027)-526/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-153/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-153/2022
12.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver