Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-154/2025 15.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X3 ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin “aliment məbləğinin indeksasiya edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs (nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra işi üzrə tələbkar X8 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(067)-6092/2016 nömrəli qətnaməsi ilə cavabdeh (borclu) Maraqlı şəxs 1 uşaq üçün hər ay 117 manat sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə uyğun indeksasiya edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. X8 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli 2(067)-6092/2016 nömrəli qətnaməsi ilə 25 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya, yəni ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği hazırda övladını saxlamağa və uşağın artan xərclərini ödəməyə kifayət etmir. Qızını təkbaşına böyüdür və hazırkı dolanışıq meyarlarına uyğun olaraq cavabdeh (borclu) tərəfindən ödənilən alimentin miqdarının indeksasiya edilməsinin zəruriliyini düşünür. Ona görə də övladının daha yaxşı maddi təminatı üçün Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(067)-6092/2016 nömrəli qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunan minimum əmək haqqı məbləğinə uyğun indeksasiya edilməsini xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadı ilə ərizəçi (tələbkar) X6 ərizəsi təmin edilmiş, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(067)-6092/2016 nömrəli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs hər ay tutulan 117 manat sabit pul məbləğində alimentin ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqına nisbətdə indeksasiya olunması və borclu Maraqlı şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır (hakim Nərmin Abiyeva). Borclu Maraqlı şəxs (nümayəndəsi Nümayəndə) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və sözügedən alimentin miqdarının ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayətini belə əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadından narazıdır, onu qanunsuz hesab edir. Bildirir ki, bir uşağın yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay ondan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində, yəni hazırda 444 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin onun iş yeri yoxdur, günəmuzd işlərdə çalışır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə olmayaraq onun üzərinə çox yüksək məbləğdə aliment ödəmək öhdəliyi qoymuşdur. O, ikinci dəfə ailə həyatı qurub və ikinci nikahdan iki azyaşlı övladı var. Minimum əmək haqqı 400 manat olduğu halda bir uşaq üçün 444 manat alimenti necə ödəyə bilər, bu mümkün deyil. Əgər onun 1500-2000 manat əmək haqqı olsaydı, məhkəmə tərəfindən təyin edilən alimenti ödəməsi mümkün olar və digər övladlarını da saxlaya bilərdi. O, övladına aliment ödəməkdən heç vaxt yayınmayıb və hər ay alimenti vaxtında, heç bir gecikmə etmədən ödəyib, lakin hazırda təyin edilən alimenti ödəmək üçün heç bir imkanı yoxdur. O, 200 manatdan yuxarı aliment ödəmək iqtidarında deyil, bundan yüksək təyin ediləcək aliment onu çarəsiz, çıxılmaz vəziyyətə salacaq, bu da onun gələcəkdə aliment borcuna görə məsuliyyətə cəlb edilməsinə və yenidən ailəsinin dağılmasına gətirib çıxaracaq. Uşaqları saxlamaq valideynlərin hər ikisinin vəzifəsidir. Lakin buna baxmayaraq məhkəmə uşağı saxlamaq vəzifəsini təkcə onun üzərinə qoymuş, ananın maddi imkanının daha yaxşı olmasını nəzərə almamışdır. Göründüyü kimi, hakim qeyd edilən hallara qiymət verməmiş və qanunsuz qərardad qəbul etmişdir. Həmin qərardad həm də onu tamamilə əlverişsiz və çıxılmaz vəziyyətə salır. Odur ki, qərardadın ləğv edilməsini, ondan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadı ilə borclu Maraqlı şəxs (nümayəndəsi Nümayəndə) şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında gəldiyi nəticəni MPMin 232-ci və Ailə Məcəlləsinin 110-cu maddələrinə, Ali Məhkəmə Plenumunun müvafiq Qərarına istinad etməklə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafıq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.4-1-ci bəndində deyilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi baxımından məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qərarın 8.4-3-cü bəndində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X1 alimentin miqdarının artırılması (indeksasiya edilməsi) barədə müraciəti minimum əmək haqqı məbləğinin artımına əsaslandığından o, düzgün olaraq məhkəməyə iddia icraatı qaydasında (alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə) deyil, icra icraatı qaydasında (alimentin müəyyən olunmuş məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə) müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-6092/2016 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edilən vaxt (2016-cı il üçün) Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 2013-cü ilin sentyabr ayından müəyyən olunmuş 105 manat məbləğində olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə aylıq minimum əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)- 6092/2016 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 117 manat sabit pul məbləğində aliment həmin dövrdə ölkə üzrə müəyyən olunmuş aylıq minimum əmək haqqının (105 manat məbləğində) 1,11 mislini (105/117) təşkil etmişdir. Qanunvericiliyin tələbinə görə həmin əmsal ölkə üzrə minimum əmək haqqı məbləğinin sonrakı artımları zamanı sabit pul məbləğində təyin olunmuş alimentlərə də tətbiq edilməli və bu alimentlərin miqdarı qeyd olunan əmsal üzrə (müvafiq nisbətdə) indeksasiya edilməlidir. Beləliklə, X1 xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs hər ay 444 manat (400 manat x 1,11) sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbi baxımından xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs X1 xeyrinə tutulmalı olan alimentin miqdarını düzgün müəyyən etmişdir. Aliment indeksasiya edildikdən sonra borclu yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş hallara istinad etməklə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (azaldılması) barədə məhkəmədə ayrıca iddia qaldıra və məhkəmə həmin halları nəzərə alaraq alimentin miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı vəziyyətdə məhkəmə kollegiyası icra sənədi üzrə borclu tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadından verilmiş şikayətin dəlillərini qəbulolunmaz hesab edir. Həmin şikayətlə bağlı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək alimentin məbləğinin indeksasiya edilməsindən imtina olunması, yaxud indeksasiya əmsalının dəyişdirilməsi yolu ilə alimentin məbləğinin azaldılması yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, borclu Maraqlı şəxs şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin alimentin məbləğinin indeksasiya edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin bu qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İcra sənədi üzrə borclu Maraqlı şəxs (nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin “aliment məbləğinin indeksasiya edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 8(067)-519/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-154/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-154/2025
15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver