Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-155/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 204/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadından tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sabunçu Rayon Məhkəməsinin 2(008)-5118 saylı, 17.09.2013-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu 97.098,36 manat borc tutularaq tələbkar "Bank Technique” ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadov məhkəməyə təqdimatla müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 17.09.2013-cü il tarixli 2(008)5118/2013 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 8(060)-204/2021 saylı qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 17.09.2013-cü il tarixli 2(008)-5118/2013 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadovun təqdimatı təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva) Hazırda həmin qərardaddan narazı qalan tələbkar "Bank Technique” ASC Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 8(060)-204/2021 saylı qərardadından şikayət verərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadovun təqdimatının təmin olunması barədə qərardad çıxarılmasını və ya baxılması üçün şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.06.2021-ci il tarixli, 8(060)-204/2021 saylı qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 8(060)-204/2021 saylı qərardadı qanunsuz və əsassızdır, tələbkarın qanuni maraqlarına və mənafeyinə ziddir. Göründüyü kimi bu əsasla təqdimatın təmin edilməməsi məntiqli deyildir. Bu halda məhkəmə tələbkarın qanuni maraqlarını nəzərə almamışdır. Belə ki, məhkəmə tələbin könüllü icrası barədə bildirişin borcluya rəsmən çatdırılmasını sübut edən sənədin təqdimata əlavə olunmadığını göstərmişdir. Halbuki, təqdimatda açıq-aydın qeyd olunmuşdur ki, borclu icra şöbəsinə dəvət olunaraq izahatı alınmış, izahatında icra sənədindən xəbərdar olduğunu, lakin borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək tələbkar "xxxx" ASC-yə icra sənədi üzrə olan borcdan heç bir ödəniş etməmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin də dövlət və ayrı-ayrı kreditorlar qarşısında öz öhdəlikləri vardır və borclu şəxslərin məsuliyyətdən yayınması bankın öz öhdəliklərini təmin etməsində əlavə çətinliklər yaradır. Buna görə də hazırkı halda məhdudiyyət tədbirinin tətbiq olunmaması tələbkar tərəfindən icra sənədinin icrasına süni maneə kimi dəyərləndirilir. Yuxarıda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 8(060)204/2021 qərardadının ləğv olunması, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5118 saylı, 17.09.2013-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadovun təqdimatının təmin olunması barədə qərardad çıxarılmasını və ya baxılması üçün şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətə etiraz edərək göstərdi ki, borcunu qəbul edir, ödəməkdən imtina etmir. Əmlakına 2017-ci ildə həbs qoyulub. İcraçılar onu çağırıb, izahatını alıblar. Adına əmlak yoxdur. Arvadının adına ev var.Şikayətin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tələbkarın nümayəndəsi və Sumqayıt şəhər üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi təqdimata “İcraata başlamaq haqqında” qərar və icra sənədinin könüllü icrası barədə bildirişin əlavə olunmaması, həmin sənədlərin borcluya rəsmən təqdim olunmasına dair sübutun əlavə edilməməsi, icra məmuru tərəfindən hər hansı digər icra tədbirlərinin görülməsi (borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinin səbəblərinin müəyyən olunması, borclunun əmlakının axtarılması və s.), o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının icra məmuru tərəfindən yoxlanılması barədə hər hansı sənəd əlavə edilməməsinə istinad edərək təqdimatı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə təqdimata baxarkən iş üztə tərəflərin iştirakını təmin etməmiş, yuxarıda sadaladığı halları aydınlaşdırmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi, məhkəmə tələbkarın qanunla qorunan hüquqlarını pozan qərar qəbul edərkən onun məhkəmə iclasında iştirakını təmin etməmiş, prosesin çəkişmə prinsipi təmin edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Borclu məhkəmə kollegiyasının iclasında izahatında göstərmişdir ki, borcunu qəbul edir, ödəməkdən imtina etmir. Əmlakına 2017-ci ildə həbs qoyulub. İcraçılar onu çağırıb, izahatını alıblar. Adına əmlak yoxdur. Arvadının adına ev var. Borclunun izahatından görünür ki, onun icra sənədi barədə məlumatı olmuş, icra vərəqəsinin icrası ilə əlaqədar icra şöbəsinə çağırılmış, orada izahatı alınmış, əmlakına həbs qoyulmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, icra vərəqəsinin verilməsinə əsas olan məhkəmə qətnaməsi 17.09.2013-cü il tarixdə qəbul edilmişdir ki, qeyd edilən tarixdən həmin qətnamənin mövcudluğu barədə borclunun məlumatsız olması ağlabatan deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin göstərdiyi digər dəlil, icra məmuru tərəfindən hər hansı digər icra tədbirlərinin görülməsinə dair məlumatların olmaması borclunun izahatı ilə təkzib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən icra işini tələb etməmiş, iş üçün mühüm əhəmiyyətli halları araşdırmamış, tərəflərin iştirakını təmin etmədən düzgün nəticəyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı ləğv edilməli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə tərəflərin iştirakını təmin etməklə, icra işi tələb edilməklə təqdimata yenidən qiymət verməli və bunun nəticəsi olaraq əsaslandırılmış qərar qəbul etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkarın şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-155/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-155/2021
13.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver