Məhkəmə qərarları › İş №8(105)-155/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-155/2022

20.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-155/2022 20.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron Rayon 2 saylı Notariat Ofisinin 8İ-5452 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin (icra qeydinin) icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-592/2022 saylı qərardadından icra sənədi üzrə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon 2 saylı Notariat Ofisinin 8İ-5452 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin (icra qeydinin) icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadı ilə "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir (hakim Məlahət Abbasova). Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadından icra sənədi üzrə tələbkar "xxxx" MMC şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadından icra sənədi üzrə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə şikayətə baxarkən Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixində “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilərək “İcra haqqında” Qanunun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi borclunun xx.xx.2021-ci il tarixində vəfat etməsi kimi yanaşma ilə icra qeydinin çıxarılması tarixlərinə diqqət yetirməli idi. Məhkəmə şikayətə əlavə edilən həmin qərardan verilən şikayət Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)- 237/2022 saylı qərardadla ləğv edilsə də, bu hal nəzərə alınmamışdır. Eyni iş üzrə eyni məhkəmənin fərqli mövqeləri olmuşdur. Maraqlı şəxs icra məmuru Vadim Əliyev tərəfindən xx.xx.2022-ci il tarixində yenidən “İcraata xitam verilməsi haqqında” qərar qəbul edərək icra sənədi üzrə icraata xitam verilmiş və əsas kimi borclunun xx.xx.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. İcra məmuru Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-237/2022 saylı qərardadı ilə ləğv edilmiş əsassız qərarını yenidən dirçəltmişdir. Həmçinin 8İ-5452 saylı, xx.xx.2019-cu il tarixli icra qeydi Maraqlı şəxs icraatına xx.xx.2019-cu il tarixində daxil olmuş, borclu isə icra qeydi çıxarıldıqdan 1 il 4 ay sonra vəfat etmiş, lakin həmin müddət ərzində Şöbə tərəfindən icra sənədinin icrası təmin edilməmiş və yalnız borclu vəfat etdikdən sonra, icra sənədinə əsassız olaraq xitam verilmişdir. Göründüyü kimi, icra sənədi 1 il 4 ay müddətində icra edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-592/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadından icra sənədi üzrə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bu qərardad elektron məhkəmə sisteminə xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir. Abşeron Rayon Məhkəməsi 8(012)-592/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 361.1-ci və 363.1.11-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Lakin məhkəmə tərəfindən yanlışlığa yol verilmişdir. Belə ki, MMC tərəfindən apellyasiya şikayəti deyil, məhkəmənin öz qərardadında göstərdiyi kimi, qərardaddan şikayəti məhz həmin məhkəməyə verilmişdir. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 8(012)- 592/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və ya şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-592/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tələbkar "xxxx" MMC prosessual qanunvericiliyin tələbinə zidd olaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadından verilmiş şikayəti elektron kabinet vasitəsilə göndərsə də şikayəti skan edilmiş formada yükləmişdir. Məhkəmə gəldiyi nəticəni MPM-nin 361-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Qeyd olunan apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyə Əlavə 2də əks olunmuşdur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə şikayətin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, tələbkarın məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayəti elektron ərizə formasında tərtib edilməmiş, elektron məhkəmə sisteminə yalnız şikayətin skan edilmiş forması əlavə edilmişdir. Halbuki, məhkəmə aktlarından şikayətlər elektron kabinet vasitəsi ilə elektron ərizə formasında tərtib edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-592/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar