Məhkəmə qərarları › İş №8(105)-155/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-155/2024

16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-155/2024 16.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X4 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-738/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X2 dair 22 fevral 2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə X7 adına çıxarılmış “Çıxarış”ın etibarsız hesab edilməsi, cavabdeh Borclu ilə birgə nikah dövründə əldə etdiyi, “Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsindən, Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi, birgə nikah dövründə Borclu "xxxx" ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli 292-L/ll və xx.xx.2012-ci il tarixli 783-L/12 nömrəli lizinq müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd MTZ-82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezin dəyərinin müəyyən edilərək yarısının, yəni ona düşən 1/2 payının pulla dəyərinin müəyyən edilib alınıb ona verilməsi barəda qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Borclu, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X11 və X12 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 204/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X11 və X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)- 189/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə cavabdeh Borclu birgə nikah dövründə əldə etdikləri, RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018- ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla naturada bölünərək ayrılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6506/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2( 105)-204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin X2 dair 22 fevral 2019cu il tarixli alğı- satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə X7 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin olunması, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsinin - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin X2 dair 22 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə X7 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Borclu Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X2 dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə X7 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, iddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh (vəkil X16) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin X7 adma verilmiş xx.xx.2019- cu il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs X11 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və şikayətini məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4754/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən 21 noyabr 2022-ci il tarixdə icraya yönəldilmişdir. Bundan sonra Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədov tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə mübahisəli 0.3997 ha torpaq sahəsinə bir neçə dəfə baxış keçirmiş, bir müddətdən sonra əsassız olaraq, ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsində Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla naturada bölünərək ayrılması nəzərdə tutulan torpaq sahəsinin istiqamətinin müəyyən edilməsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə tələbi təmin etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, lakin həmin qurumun 15 may 2023-cü il tarixli cavab məktubuna əsasən icra vərəqəsinin icrası mümkün olmamışdır. Belə ki, buna səbəb kimi icra vərəqəsində ayrılması nəzərdə tutulan torpaq sahəsinin istiqaməti və bölgüsünün göstərilmədiyi, bölgü sxeminin icra sənədinə əlavə olunmadığı qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda icra vərəqəsinin digər hissəsi ilə bağlı Borclu Quba rayonu, Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini X1 dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X7 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edildiyi, X7 adma RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyat tarixli çıxarışda göstərilən torpaq sahəsi hüquq sahibi tərəfindən Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X10 bağışlanmış, həmin müqavilə əsasında Quba rayonu, Timiryazev kəndində 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 adma özgəninkiləşdirilmiş və sonuncunun xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, ********** dövlət reyestrindən çıxarış verildiyi, bununla da ləğv edilmiş torpaq sahəsinə dair mülkiyyət hüququ X11 tərəfindən itirildiyi göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi Nümayəndə Şıxbaba qızı izahatında mübahisə olunan torpaq sahəsinə bir neçə dəfə baxış keçirildiyini, həmin torpaq sahəsində heç bir tikili olmamasını və boş sahə olmasını, torpaq sahəsindən yola çıxış verilməsini xahiş etmiş və veriləcək torpaq sahəsinin sağ və ya sol tərəfdə yerləşməsinin fərqi olmadığını bildirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2( 105)-738/2022 saylı Qərardadı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Quba rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardad da qeyd edildiyi kimi İcra vərəqəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)- 204/2021 saylı qətnaməsinin qüvvədə olan hissəsi - iddiaçı X6 ilə cavabdeh Borclu birgə nikah dövründə əldə etdikləri, RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla naturada bölünərək ayrılması hissəsi göstərilmişdir. Lakin icra məmuru tərəfindən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla naturada bölünməsinin mümkün variantlarının tərəflərə təklif edilməsi və ya bölgünün mümkün olmaması barədə hər-hansı sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi isə veriləcək torpaq sahəsinin sağ və ya sol tərəfdə yerləşməsinin onlar üçün fərqi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qətnamədə gəlinən nəticə əsaslandırma hissəsində aydın və anlaşılan formada göstərilmiş, əsaslandırılmış hissə ilə nəticə hissə arasında hər hansı bir uyğunsuzluq olmamışdır. O cümlədən qətnamə üzrə verilmiş icra sənədində də hər-hansı qeyri-müəyyənlik, anlaşılmazlıq yoxdur, həmçinin ziddiyyətli, aydın olmayan ifadələrdən istifadə edilməmişdir. Odur ki, qətnaməyə və ya icra sənədinə izah verilməsinə zərurət yoxdur. İcra sənədində göstərilmiş tələb aydındır. İcra məmuru Vahid Məmmədov bilərəkdən və qəsdən icra sənədinin icrasını yubatmaq məqsədilə naturada bölünərək ayrılması nəzərdə tutulan torpaq sahəsinin istiqamətinin müəyyən edilməsi ilə bağlı izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-738/2022 saylı qərardadı qəbul edildikdən sonra, yenə də, icra sənədinin icrasını gecikdirərək, 1/2 hissədə ona məxsus olan torpaq sahəsi də daxil olmaqla cavabdeh tərəf Borclu mübahisəli 0.03997 ha torpaq sahəsində qeyri yaşayış binasını tikməsinə şərait yaratmış, icra sənədinin icrası ilə bağlı lazımi və zəruri tədbirlər həyata keçirməmişdir və qanunla qorunan hüquqlarımın pozulmasına göz yummuşdur. Torpaq sahəsində qeyri-yaşayış binası mövcud olsa idi icra məmuru izah verilməyə dair ərizəsində qeyd edərdi. Sonradan torpaq sahəsinə baxış keçirərək, güya orada qeyri-yaşayış binasının tikilməsindən həmin vaxt xəbəri olduğunu bildirmişdir. Beləliklə də, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 738/2022 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasına dair onun hüquqlarının və maraqlarının pozulması ilə nəticələnən xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qərar qəbul etmişdir. Hansı ki, yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən də görünür ki, 0.03997 ha torpaq sahəsi 1/2 hissədə ona məxsusdur. İş üzrə cavabdeh bunu bildiyi halda onun qanunla qorunan hüquqlarını və mənafeyini pozaraq, 1/2 hissədə onun payına düşən torpaq sahəsi də daxil olmaqla ümumi 0.03997 ha torpaq sahəsində qeyri-yaşayış binası tikmişdir. Quba Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 738/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə X6 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim Aydın Babayev). X3 həmin qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 8(027)-161/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsinin qüvvədə olan hissəsi - iddiaçı X6 ilə cavabdeh Borclu birgə nikah dövründə əldə etdikləri, RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılması hissəsi göstərilmişdir. Lakin icra məmuru tərəfindən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünməsinin mümkün variantlarının tərəflərə təklif edilməsi və ya bölgünün mümkün olmaması barədə hər-hansı sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi isə veriləcək torpaq sahəsinin sağ və ya sol tərəfdə yerləşməsinin onlar üçün fərqi olmadığını bildirmişdir. Qətnamədə gəlinən nəticə əsaslandırıcı hissədə aydın və anlaşılan formada göstərilmiş, əsaslandırıcı hissə ilə nəticə hissə arasında hər hansı bir uyğunsuzluq olmamışdır. O cümlədən qətnamə üzrə verilmiş icra sənədində də hər-hansı qeyri-müəyyənlik, anlaşılmazlıq yoxdur, həmçinin ziddiyyətli, aydın olmayan ifadələrdən istifadə edilməmişdir. İcra sənədində göstərilmiş tələb aydındır. Bildirir ki, icra məmuru bilərəkdən və qəsdən icra sənədinin icrasını yubatmaq məqsədilə naturada bölünərək ayrılması nəzərdə tutulan torpaq sahəsinin istiqamətinin müəyyən edilməsi ilə bağlı izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-738/2022 saylı Qərardadı qəbul edildikdən sonra, yenə də, icra sənədinin icrasını gecikdirərək, ½ hissədə ona olan torpaq sahəsi də daxil olmaqla cavabdeh tərəf Borclu mübahisəli 0.03997 ha torpaq sahəsində qeyri-yaşayış binasını tikməsinə şərait yaratmış, icra sənədinin icrası ilə bağlı lazımi və zəruri tədbirlər həyata keçirməmişdir və qanunla qorunan hüquqlarının pozulmasına göz yummuşdur. Torpaq sahəsində qeyri-yaşayış binası mövcud olsa idi, icra məmuru izah verilməyə dair ərizəsində qeyd edərdi. Belə ki, icra məmuru Məmmədov Vahid Aqiloviç icra sənədinin icrası məqsədilə nümayəndəsi Nümayəndə və Borclu iştirakları ilə həmin torpaq sahəsinə 21 sentyabr 2023-cü il tarixdə baxış keçirmiş, həmin vaxt torpaq sahəsi boş olmuş, həmin sahədə heç bir tikili mövcud olmamış, yenidən nümayəndəsinin və cavabdehin iştirakları ilə 11 dekabr 2023-cü il tarixdə qeyd olunan torpaq sahəsinə baxış keçirildikdə həmin torpaq sahəsində artıq qeyri-yaşayış binası tikilmiş və lazımı şəkildə təmir olunmuşdur. İcra məmuru, orada qeyri-yaşayış binasının tikilməsindən guya həmin vaxt xəbəri olduğunu bildirmişdir. Hansı ki, 3 ay müddətində (xx.xx.2023-xx.xx.2023) icra sənədini bilərəkdən icra etməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nin qətnamə və qərardadını heçə saymış, cavabdeh Borclu 3 ay ərzində qeyd olunan torpaq sahəsində qeyri-yaşayış binasını tikməsinə şərait yaratmışdır. Beləliklə də, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-738/2022 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasına dair hüquqlarının və maraqlarının pozulması ilə nəticələnən xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qərar qəbul etmişdir. Hansı ki, yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən də görünür ki, 0.03997 ha torpaq sahəsi ½ hissədə ona məxsusdur. İş üzrə cavabdeh bunu bildiyi halda qanunla qorunan hüquqlarını və mənafeyini pozaraq, ½ hissədə onun payına düşən torpaq sahəsi də daxil olmaqla ümumi 0.03997 ha torpaq sahəsində qeyri-yaşayış binası tikmişdir. Bir daha qeyd edir ki, icra vərəqəsinin icra olunması üçün həmin torpaq sahəsinə gedərkən torpaq sahəsi boş olmuş, qeyri-yaşayış binası mövcud olmamışdır. Bu fakt ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Əİ-nin mütəxəssis rəyləri ilə də sübuta yetir. Belə ki, 2023-cü ilin may ayında mütəxəssin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsi həmin vaxt boş olmuş, bölgü sxemi olmadığından torpaq sahəsinin bölünməsi mümkün olmamışdır. İcra məmuru Vahid Məmmədov icra sənədinin icrası ilə bağlı lazımi və zəruri tədbirlər zamanında həyata keçirməmiş icra sənədinin icrasını səbəbsiz və qanunsuz olaraq yubatmışdır. 2023-cü ilin dekabr ayında isə yenidən torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsinin üstündə qeyri-yaşayış binası mövcud olduğundan naturada bölgü mümkün olmamışdır. Qeyd edir ki,Quba rayon İcra və Probasiya Şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-738/2022 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş. Sumqayıt Apellyasiya Məhkəməsində 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında qeyd olunan qərarın ləğv edilməsi üçün Quba rayon məhkəməsinə müraciət etməsi ona izah olunmuşdur. Quba rayon məhkəməsinin 8(027)-161/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı (hakim R.Həsənov) əsasında şikayəti təmin edilərək Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmuş, həmin qərardaddadla eyni zamanda icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Borclu Quba Rayon Məhkəməsinin 8(027)-161/2024 saylı xx.xx.2024-cü il tarixli (hakim R.Həsənov) qərardaddan şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-98/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilib,Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 25 aprel 2024-cü il tarixli və 14 iyun 2024-cü il tarixli qərardadları ləğv edilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun “icra sənədinin məhkəməyə qaytarılması” barədə 15 dekabr 2023-cü il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işin Quba Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, qərardadın təmin edilməməsinə əsas kimi 22 aprel 2024-cü il tarixli məhkəmə iclas protokolunun hakim tərəfindən imzalanmaması göstərilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-161/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-738/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə X6 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan qərardadla razılaşmır. Belə ki,cavabdeh Borclu birgə nikah dövründə əldə etdiyi əmlakların (yaşayış evi, həyətyanı torpaq sahəsi və s.) qeyd olunan torpaq sahəsi də daxil olmaqla ona düşən ½ hissəsindən bir qarış da olsa verməyəcəyini, boş yerə ərizə ilə məhkəmələrə müraciət etməməsini, məhkəməyə müraciət etdiyi təqdirdə məhkəmələrin onun xeyrinə qərar qəbul edəcəyini və onu məhkəmə yollarında süründürəcəyini dəfələrlə bildirmişdir. Bu səbəblə də Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini və qərardadını heçə sayaraq qanunun tələblərinə əməl etmədən, ona düşən ½ hissə də daxil olmaqla ümumilikdə 0.03997 ha torpaq sahəsində qeyri-yaşayış binasını tikmiş, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviç də Borclu maraqlarına xidmət göstərərək, torpaq sahəsi boş olduğu zaman icra sənədini müxtəlif bəhanələrlə icra etməmiş, icra sənədinə izah istəmiş və ona qeyd olunan qeyri-yaşayış binasını tikməsinə və lazımı qaydada təmir etməsinə uzun bir müddətlik şərait yaratmışdır ki, Borclu məqsədinə nail olsun. Borclu da məqsədinə nail olmuşdur. Hazırda da Quba Rayon Məhkəməsinin 8(027)-161/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə də Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamə və qərardadını nəzərə almadan, bir tərəfli olaraq Borclu hüquqlarını müdafiə edilmiş, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-161/2024 №-li qərardadının ləğv edilməsi, Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Quba Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 8(027)-161/2024 saylı 04 oktyabr 2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadı ləğv edilməli, X5 Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-738/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsininə dair ərizəsinə baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin faktiki halları aşağıdakı kimi olmuşdur: İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-738/2022 saylı icra sənədinin surətindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Borclu birgə nikah dövründə əldə etdikləri, RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla naturada bölünərək ayrılması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaşmaz Ərazi İdarəsi xx.xx.2023cü il tarixli mütəxəssis rəyinin verilməsi haqqında məktubda göstərillmişdir ki, mütəxəssis tərəfindən daşınmaz əmlaka baxış keçirilməsi üçün mübahisəli torpaq sahəsində olduğu halda, həmin torpaq sahəsi üzərində faktiki olaraq qeyri-yaşayış binası mövcud olduğuna görə həmin torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı qeyd edilmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, tələbin təmin edilməsi barədə borcluya bildiriş göndərilmişdir. İcraat zamanı tələbi təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müvafiq qaydada müraciət edilmiş, həmin qurumun xx.xx.2023-cü il tarixli cavab məktubunda icra sənədinin icrası mümkün olmadığı qeyd edilmişdir. Belə ki, icra vərəqəsində ayrılması nəzərədə tutulan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahələrinin istiqaməti və bölgüsü göstərilməmişdir. Eləcə də, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 adına özgəninkiləşdirilmiş və sonuncunun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt Appelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-738/2022 saylı icra sənədinə Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin tərəflərin hər birinin payı ½ hisssədə olmaqla naturada bölünərək ayrılması nəzərdə tutulan torpaq sahəsinin istiqamətlərinin müəyyən edilməsi hissəsinə izah verilməsinə dair ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 738 saylı qərardadına əsasən həmin ərizə təmin edilməmişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin naturada bölünməsini təmin etmək məqsədilə, həmin torpaq sahəsinin yerləşdiyi ərazidə icra tədbiri keçirilmişdir. İcra yerində sözü gedən torpaq sahəsində tikilinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubda həmin mübahisəli torpaq sahəsində qeyri-yaşayış binası mövcud olduğuna görə həmin torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı qeyd edilmişdir. Beləliklə icra sənədi üzrə bütün lazımi və zəruri icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-738 saylı icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, naturada bölgüsü müəyyən olunmuş torpaq sahəsi üzərində faktiki olaraq qeyri-yaşayış binası mövcud olduğundan torpaq sahəsinin naturada bölgüsünün mümkün olmaması əsası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-738 saylı icra sənədi məhkəməyə geri qaytarılması qərara alınmışdır. Paylı mülkiyyətçi olan hazırki iş üzrə şikayətçinin tikinti obyektinin sökülməsi barədə müvafiq icra hakimiyyətinə müraciəti müəyyən edilməmişdir və qeyd edilən icra sənədinin icrasının mümkün olması baxımından əvvəlki vəziyyətə təsir edəcək hansı dəyişiklik müəyyən edilməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd edilən iş materiallarına əsasən müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin tərəflərin hər birinin payı ½ hisssədə olmaqla naturada bölünərək ayrılması qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası məcburi olsa da, birinci instansiya məhkəməsi mütəxəssis rəyinə istinad edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin ½ hisssədə naturada bölünməsinin mümkün olmamasına dair sübutlar, sənədlər iş materiallarına əlavə edilməmişdir.Belə ki, qeyriyaşayış sahəsinin həmin torpaq sahəsinin hansı hissəsində tikilməyini təsdiq edən mütəxəssis tərəfindən tərtib edilmiş plan-sxem, fotoşəkillər iş materiallarına əlavə edilməmiş, bununla əlaqədar rəsmi sənədlərlə torpaq sahəsinin ½ hissədə naturada bölgüsünün mümkün olmadığı əsaslandırılmamışdır. Buna görə birinci instansiya məhkəməsi torpaq sahəsinin naturada bölünməsinin nəyə görə mümkün olmadığını, qeyriyaşayış sahəsinin torpaq sahəsinin hansı hissəsində olmasına dair dəlilləri araşdırmadan ərizəni təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Buna görə də işə yenidən baxılarkən qeyri-yaşayış sahəsinin yuxarıda qeyd edilən 0,03997 ha torpaq sahəsinin hansı hissəsində yerləşməsi müəyyən edilməli, torpaq sahəsinin icra mərhələsində bölünməsinin mümkün olub-olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrası mümkünsüz olsa, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hansı hüquqlarının olduğu həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələbləri baxımından da izah olunmalıdır. Mülki Prosessual Məcəllənin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadı ləğv edilməli, X5 Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-738/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsininə dair ərizəsinə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 8(027)-161/2024 nömrəli qərardadı ləğv edilsin. X5 Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-738/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsininə dair ərizəsinə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar