Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-155/2025 04.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: şikayətin qeyri-mümkün hesab edilməsi-şikayət elektron kabinet vasitəsilə verilmədikdə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə katibi X2 Tələbkar iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-700/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(060)-4873/2019 saylı qətnaməsi ilə Borclu 11 noyabr 2017-ci il təvəllüdlü X3 və 16 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan aliment hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin (400 manatın) 1 misli məbləğində (400 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-700/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim A.Behbudova) ərizənin qismən təmin edilməsi, 11 noyabr 2017-ci il təvəllüdlü X5 və 16 dekabr 2018-ci il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması, ərizənin qalan hissədə təmin edilməməsi, alimentin indeksasiya olunmasının başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Məhkəmənin həmin qərardadından narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv olunması, 11 noyabr 2017-ci il təvəllüdlü X5 və 16 dekabr 2018-ci il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-700/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlük məsələsini açıq məhkəmə iclasında yoxlamağı məqsədəuyğun hesab etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətin qeyri-mümkün hesab edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə Borclu lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası şikayətin uyğunluğu məsələsinə borclu tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Madddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-700/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyrimümkün hesаb edilməli və iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. Araşdırılan işdən müəyyən edilir ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-700/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət yuxarıda istinad olunan prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni elektron kabinet vasitəsilə verilməmiş, habelə elektron imza vasitəsilə imzalanmamışdır.
12. Daha konkret şəkildə ifadə edilərsə, borclu tərəfindən qərardaddan verilən şikayət PDF skan formatında tərtib edilərək məhkəmənin e-mail ünvanına göndərilmiş, bu zaman sonuncu şikayəti elektron kabinet vasitəsilə vermə imkanının olmadığını bu səbəbdən şikayəti göstərilən formada təqdim etdiyini bildirmişdir. Halbuki bu kimi səbəblər şikayətin elektron kabinet vasitəsilə verilə bilməməsi üçün əsaslı sayla və qəbul edilə bilməz.
13. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərə almamış, şikayət üzrə Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, şikayətinin uyğunluğu üzrə müvafiq araşdırma aparmadan mülki işi bаxılmаsı üçün Sumqayıt Аpellyаsiyа Məhkəməsinə göndərmişdir.
14. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.
15. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
16. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər.
17. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.
18. Beləliklə yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, borclu tərəfindən qərardaddan verilən şikayət qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilmədiyindən elektron imza və elektron kabinet vasitəsilə verilmədiyindən şikayət qeyri-mümkün hesab edilməlidir.
19. Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər.
20. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı:
Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-700/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).