Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-157/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Kredit Təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin icra məmurunun icraata xitam verilməsi haqqında qərarından verdiyi şikayət üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin icraatına xitam verilməsinə dair icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 747/2024 nömrəli qərardadından tələbkar BOKT "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Maraqlı şəxs böyük icra məmuru Orxan Məmmədovun “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarına əsasən tam icra olunduğu üçün Bakı şəhəri 54 saylı notariat kontorunun 8İ-32249 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir.
2. Tələbkar BOKT "xxxx" MMC şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 114 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5ci maddəsinin tələbini rəhbər tutaraq “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, idarənin “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, Qanunun 20.1, 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Mübahisələndirilən “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarına əsasən tam icra olunmuşdur. Bununla bağlı bildirilmişdir ki, Borclu adından cəmi bir ödəniş xx.xx.2024-cü il tarixdə 38 manat olmuşdur. Borclu tərəfindən tələb tam təmin olnumamış və xx.xx.2024-cü il tarixinə onun BOKT "xxxx" MMC-yə borcu 76 manat təşkil edir. Belə olan halda icra məmurunun “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir.
4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli inkasso sərəncamlarının surətindən görünür ki, Borclu tərəfindən 05 may 2024cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 34.40 manat olmaqla, ümumilikdə 114 manat məbləğində pul vəsaiti tələbkar BOKT "xxxx" MMC-yə ödənilmişdir.
5. İş materiallarında olan BOKT "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 00565 nömrəli arayışına qeyd edilmişdir ki, Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən verilmiş 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə Borclu BOKT "xxxx" MMC-yə 14 oktyabr 2024-cü il tarixinə 76 (yetmiş altı) manat kredit borcu vardır.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 nömrəli qərardadı ilə (hakim Elmir Hüseynov) Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən 8İ- 32249 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin icraatına xitam verilməsinə dair icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbkar BOKT "xxxx" MMC tərəfindən verilmiş şikayət rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə sənədinə əsasən, müəyyən olunmuş borc tam ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin icraatına xitam verilməsinə dair icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbkar BOKT "xxxx" MMC tərəfindən verilmiş şikayət rədd edilməlidir.
8. Qərardaddan tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsi belə qənaətə gəlmişdir ki, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarına əsasən Borclu tərəfindən ümumilikdə 114 manat məbləğində pul vəsaiti tələbkar BOKT "xxxx" MMC-yə ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən inkasso sərəncamlarının icra olunub-olunmamasını yoxlamamışdır. Bununla bağlı bildirilmişdir ki, inkasso sərəncamlarının icra olunub-olunmamasını aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və "xxxx" ASC-yə müvafiq sorğular göndərilmişdir. Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Borclu ödənilən sosial müavinətdən heç bir tutulma aparılmır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Borclu adına tərtib edilmiş inkasso sərəncamları AR MM-nin 965-ci maddəsinə əsasən beşinci növbədə olması və hazırda pulun tutulmalı olduğu hesaba dair daha əvvəlki növbədə icra edilməli olan inkasso sərəncamlarının və tutulmaların olması səbəbindən icra edilməyib. Bununla da aydın olur ki, Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən Borclu barəsində tərtib edilmiş 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə tələb təmin edilməmişdir. Belə olan halda hesab edilir ki, BOKT "xxxx" MMC tərəfindən Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından verilən şikayət əsaslıdır və təmin edilməlidir, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-747/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilməlidir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-264226/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Borclu ödənilən sosial müavinətdən Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialda heç bir tutulma aparılmır. Eyni zamanda bildirilmişdir ki, Borclu sosial ödənişlə bağlı bank hesab məlumatları “Elektron icra” elektron informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə icraya yönəldilmişdir.
12. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı Borclu adına tərtib edilmiş inkasso sərəncamları AR MMnin 965-ci maddəsinə əsasən beşinci növbədə olması və hazırda pulun tutulmalı olduğu hesaba dair daha əvvəlki növbədə icra edilməli olan inkasso sərəncamlarının və tutulmaların olması səbəbindən icra edilməyib.
b) Şikayətə qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
14. “İcra haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda.
15. Maddə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.
16. Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21 Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
24. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.
25. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli icra qeydi üzrə borcun işdə olan ödəniş qəbzlərinin surətlərinə əsasən ödənildiyi qənaətinə gəlsə də, şikayətin dəlillərini yoxlamamışdır. Belə ki, tələbkar BOKT "xxxx" MMC xx.xx.2024-cü il tarixinə borclunun ona 76 manat borcunun qaldığını, borcun tam olaraq ödənilmədiyini israrla bildirir.
26. Məhkəməyə təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-32249 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı Borclu adına tərtib edilmiş inkasso sərəncamları AR MM-nin 965-ci maddəsinə əsasən beşinci növbədə olması və hazırda pulun tutulmalı olduğu hesaba dair daha əvvəlki növbədə icra edilməli olan inkasso sərəncamlarının və tutulmaların olması səbəbindən icra edilməyib.
27. İşə baxan birinci instansiya məhkəməsi icra işini tələb edib mübahisələndirilən məsələlər üzrə araşdırma aparmamış, o cümlədən qərardaddan verilmiş şikayətə baxarkən də şikayətlərin dəlillərini yoxlamamış və qiymət verməmişdir.
28. MPM-in 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 nömrəli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.