Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-159/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, Borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 8(012)-456/2021 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı, 07.01.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4351/2018 saylı, 07.01.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 38800 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi 04.06.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və borcluya məlumat verilmiş, lakin bugünki günədək borc məbləği ödənilməmişdir. “Elektron icra” sistemindən çıxarışa əsasən Borclu adına Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsinin olduğu məlum olmuşdur. Belə olduğu halda, borclu barədə məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır və göstərilənlərə əsasən təqdimat təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-376/2020 saylı, 22.10.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı, 07.01.2019-cu il tarixli icra sənədin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-376/2020 saylı, 22.10.2020-ci il tarixli qərardadından Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsi, icra məmurunun təqdimatının rədd edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə 7 gün müddətində işlə birgə apelyasiya məhkəməsinə göndərilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini Maraqlı şəxs 17.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Borclu almışdır. Belə olan halda, bu torpaq sahəsinin üzərinə həbs qoyulması qanunsuzdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-376/2020 saylı, 16.05.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 8(012)-376/2020 saylı, 22.10.2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-376/2020 saylı, 22.10.2020-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimata tərəflərin iştirakları ilə yenidən baxılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 8(012)-456/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı, 07.01.2019-cu il tarixli icra sənədin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. (hakim C.Səfiyeva) Həmin qərardaddan yenə də Maraqlı şəxs şikayət verərək, onun ləğv edilməsi və icra məmurunun təqdimatının rədd edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə 7 gün müddətində işlə birgə apelyasiya məhkəməsinə göndərilməsi xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 8(012)-456/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini Maraqlı şəxs 17.07.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Borclu almışdır. Belə olan halda, bu torpaq sahəsinin üzərinə həbs qoyulması qanunsuzdur. O, torpaq sahəsini qanuna uyğun prosedurlara riayət etməklə almışdır və vicdanlı alıcıdır. Borclu borcuna görə artıq ona məxsus əmlakın üzərinə həbs qoyula bilməz. Bu həbs onun əmlak üzərindəki mülkiyyət hüquqlarını pozur. Bu hallara düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, təqdimat isə rədd olunmalıdır. İcra sənədi üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də onlar və nümayəndələri məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Lakin Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndə və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 8(012)-456/2021 saylı qərardadı ləğv edilməli, əmlakın üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı, 07.01.2019-cu il tarixli icra sənədindən görünür ki, Borclu 38800 manat pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ödənilməlidir. Yenə iş materiallarında olan 04 iyun 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru V.Əliyev Abşeron Rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı, 07.01.2019-cu il tarixli icra sənədi üzrə icraata başlamışdır. Yenə də iş materiallarında olan daşınmaz əmlakın AN-İ ******* saylı, 17 iyul 2020ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Borclu özünə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsini 18000 manata Maraqlı şəxs satmışdır. İşə əlavə edilmiş 16 iyul 2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən Borclu məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsi üzərinə məhdudiyyət qoyulmasını xahiş etmişdir. Yenə işə əlavə edilmiş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 30 iyul 2020ci il tarixli məktubundan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 16 iyul 2020-ci il tarixli məktubuna əsasən Borclu məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsi üzərinə məhdudiyyət qoyulmuşdur. İş materialları ilə müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4351/2018 saylı, 07.01.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 38800 manat pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 04.06.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borc ödənilmədiyinə görə icra məmuru borcluya məxsus mübahisəli torpaq sahəsinin olduğunu aşkarlamış, həmin əmlakın üzərinə məhdudiyyət qoyulması barədə 16 iyul 2020-ci il tarixli məktubla DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmuş, 30 iyul 2020-ci il tarixdə isə həmin əmlakın üzərinə DƏDRX tərəfindən məhdudiyyət qoyulmuşdur. İcra məmuru 30 sentyabr 2020-ci il tarixdə isə hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materillarını araşdıraraq hesab edir ki, icra məmuru mübahisəli əmlaka həbs qoyulması barədə təqdimat verərkən lazımi araşdırma aparmamış, həmin torpaq sahəsinin hüququ statusuna dair ətraflı məlumat əldə edilməmişdir. Belə ki, işdən görünür ki, mübahisəli torpaq sahəsi hələ 17 iyul 2020-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Borclu tərəfindən 18000 manata Maraqlı şəxs satılmışdır. Bu zaman həmin əmlak üzərində hər hansı məhdudiyyət olmamış, hər hansı əməliyyat aparılmasına qadağa qoyulmamışdır. Alqı-satqı əməliyyatı notariat kontorunda aparılmış və notarius tərəfindən təsdiq edilmişdir. Başqa sözlə, mübahisəli əmlak 17 iyul 2020-ci il tarixdən artıq borcluya deyil, başqa şəxsə məxsus olmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Beləliklə, üzərinə həbs qoyulmuş torpaq sahəsi barəsində Maraqlı şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, artıq 17 iyul 2020-ci il tarixindən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüququ yaranmışdır. «Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarda da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. AR Konstitusiya Məhkəməsi “N.Qədirovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli qərarında həmin mövqeyini bir daha bəyan edərək göstərmişdir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş mövqeyinə görə alqısatqı əsasında dəyərini ödəməklə alınmış əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, istinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Maraqlı şəxs mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydə aldırmasa da, bu onun həmin torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İcra haqqında” Qanunun 45.1-ci maddəsinin tələblərinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə görə icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Yenə həmin Qanunun 50-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Eyni Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Yenə həmin Qanunun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi icra sənədinə əsasən həbs yalnız borcluya məxsus əmlakın üzərinə qoyula bilər. Əmlaka həbs qoyma isə sadəcə bir hərəkət olmayıb, həmin əmlakın hüquqi müqəddəratını həll etmək deməkdir. Hazırki halda mübahisəli torpaq sahəsinə həbs qoymaq, həmin əmlakın tələbkara təklif edilməsini, onun həmin əmlakı qəbul etməkdən imtina etdiyi halda hərraca çıxarılmasını, bir sözlə özgəninkiləşdirilməsini ehtiva edir. Bu hal isə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun təqdimatı əsassızdır və onun təmin edilməsinə heç bir əsas yoxdur. Borcluya vaxtilə məxsus olan torpaq sahəsi artıq 17 iyul 2020-ci il tarixdən icra sənədinə aidiyyəti olmayan şəxsin-yəni Maraqlı şəxs sahiblik və istifadəsində olduğundan bu əmlak üzərinə həbs qoyulması qanunsuzdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda, icra məmurunun təqdimatı təmin edilməməli, bununla belə icra sənədinin icra edilməsi üçün icra tədbirləri davam etdirilməlidir. Mülki-Prosessual Məcəllənin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, əvvəllər borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı rədd olunmalı olduğu halda, onun təmin edilməsi barədə işə baxan məhkəmə tamamilə qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 8(012)-456/2021 saylı qərardadı ləğv edilməli və icra məmurunun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 8(012)-456/2021 saylı qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-159/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-159/2021
16.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver