Məhkəmə qərarları › İş №8(105)-159/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-159/2024

18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-159/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-439/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-2503/2013 nömrəli icra sənədinə əsasən Borclu 18479.5 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməli və tələb ipoteka predmenti olan, borcluya məxsus “Kia Soul” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-2503/2013 nömrəli icra sənədinə əsasən Borclu 18479.5 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməli və tələb ipoteka predmenti olan, borcluya məxsus “Kia Soul” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında" qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-439/2024 nömrəli qərardadı təqdimatın təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2503/2013 saylı 01 iyul 2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1986-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Borclu xx.xx.2024-cü il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus “Kia Soul” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil axtarışa çıxarılsa da DİN-in BDYPİ-nin əməkdaşları tərəfindən onu saxlanılması üçün heç bir tədbir görülməmiş və avtomobil saxlanılaraq dayanacağa yerləşdirilməmişdir. İcra məmuru isə bu hissəyə nəzarət etmək əvəzinə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə isə onun yaşadığı ünvana heç bir rəsmi məlumat göndərmədən hüquqlarını pozmaqla qərardad qəbul etmişdir. Qərardad qəbul edərkən məhkəmə heç bir tutarlı əsas gətirmədən təqdimatı təmin etmişdir. AR MPM-in 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, videoyazılarına baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 184.3-cü maddəsində qeyd edilmişdir ki, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. AR MPM-in 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər ,məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. AR MPM-in 188.1-ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən müstəsna hallarda yol verilir. AR MPM-in 188.2-ci maddəsinə əsasən işə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Gəlməmiş və işdə iştirak etməyə yeni cəlb edilmiş şəxslərə yeni məhkəmə iclasının vaxtı haqqında müəyyən olunmuş qaydada xəbər verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26, 27 və 46-cı maddələrində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafıə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Məhkəmə qərarı qəbul edərkən tərəfə heç bir məlumat vermədən, hətta yaşadığı ünvana belə bildiriş göndərmədən təqdimatın təmin edilməsinə dair qərardad qəbul etmişdir. Faktiki olaraq onun yaşadığı ünvan ünvan 3na göndərmiş, bildirişin alınmasına dair cavabı belə gözləmədən qərardad qəbul etmişdir. Faktiki olaraq borclu həmin ünvanda yaşasa da ona heç bir bildiriş gəlməmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-439/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş üzrə Tələbkar ASC Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 439/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, borclu şikayətini onunla əsaslandırmışdır ki, avtomobil axtarışa çıxarılsa DİN-nin BDYPİ-nin əməkdaşları tərəfindən onun saxlanılması üçün heç bir tədbir görülməmiş və avtomobil saxlanılaraq dayanacağa yerləşdirilməmişdir. Bildirilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-2503/2013 nömrəli icra sənədinə əsasən kredit borcu üzrə tələbin ipoteka predmeti olan, borcluya məxsus “Kia Soul” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qərara alınmışdır. Lakin icra orqanlarının çeşidli icra tədbirləri həyata keçirməsinə baxmayaraq, sözügedən ipoteka predmeti borclunun mülkiyyətində olsa da, onun tərəfindən icra şöbəsinə təhvil verilməmişdir. Bu isə o deməkdir ki, borclu qərəzli şəkildə icradan yayınmış və tutmaya yönləndirilən əmlakı gizlətməyə yönələn hərəkətlər etmişdir. Həmçinin borclu şikayətində bildirmişdir ki, işə baxan məhkəmə onun yaşadığı ünvana heç bir rəsmi məlumat göndərmədən hüquqlarının pozmaqla qərardad qəbul etmişdir. İşin hallarında aydın olur ki, məhkəməyə və icra orqanına Borclu ünvan 1 ünvanında qeydiyyatda olduğu və borclunun şəxsən təqdim etdiyi arayışa əsasən ünvan 5 ünvanında qeydiyyatsız olaraq yaşadığı məlumdur. Lakin borclunun hal-hazırda yaşadığını iddia etdiyi və şikayətində göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə, ev 123 ünvanı barədə onun tərəfindən nə məhkəməyə nə icra orqanına heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağrılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini, cavabdehdən iddiaçının xeyrinə pul tutulmasını, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini qət etmişdir. Göründüyü kimi, məhkəmə cavabdehdən iddiaçının xeyrinə pul tutulması barədə ayrıca nəticəyə gəlib, tutmanın həmin avtomobilə yönəldilməsi icra sənədinin pul tutulmasına dair hissəsinin yeganə icra üsulu deyil və qətnamə bu üsulla icra oluna bilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş digər məcburi icra tədbirlərinin görülməsi ilə icra olunmalıdır. İcra məmurunun icra sənədi üzrə tutmanın ipoteka predmetinə yönləndirilməsi barədə təqdimat vermək hüququna heç bir maneə mövcud olmamışdır. Borclu icra sənədinin icrası ilə bağlı hər hansı hərəkət etməmiş, tutma yönəldilməli olan əmlakın yerini müəyyən edərək həmin əmlaka tutma yönəldilməsi üçün icra sənədini icra edən icra şöbəsinə təqdim etməmiş, icra sənədi üzrə müəyyən olunmuş borcun ödənilməsini təmin etməmişdir. Nəticədə qanuni qüvvəsini alan məhkəmə aktı uzun müddət ərzində icrasız qalmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 439/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, borclu şikayətinin dəlillərində ona məxsus “Kia Soul” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil axtarışa çıxarılsa da DİN-in BDYPİ-nin əməkdaşları tərəfindən onu saxlanılması üçün heç bir tədbir görülməmiş və avtomobil saxlanılaraq dayanacağa yerləşdirilməmişdir. İcra məmuru isə bu hissəyə nəzarət etmək əvəzinə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə isə onun yaşadığı ünvana heç bir rəsmi məlumat göndərmədən hüquqlarını pozmaqla qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası göstərilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, İcraata başlamaq haqqında qərar xx.xx.2013-cü il tarixdə qəbul edilmiş, həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Göründüyü kimi, artıq 10 ildən çox müddətdir ki, qətnamə icra olunmamışdır. Keçən bu müddət ərzində borclu hər hansı icra hərəkəti etməmiş, ünvanının dəyişdirməsi barədə xx.xx.2023-cü il tarixli arayışı icra orqanına təqdim edərək, ünvan 5 ünvanında qeydiyyatsız olaraq yaşaması barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq həmin ünvana məktub göndərərək, borclunu məhkəmə iclası barədə lazımı qaydada məlumatlandırmşdır. Kollegiya həmçinin hesab edir ki, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə qətnamənin hissəsinin icra olunmaması və avtomobilin axtarışda olması qətnamənin cavabdehdən iddiaçının xeyrinə pulun tutulmasına dair hissəsinin icrasına mane olmur. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X5 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və X2 haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X5 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-439/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar