Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-159/2025 20.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X2 tərəfindən alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-512/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli qərardadı ilə (hakim S.Məmmədov) ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3165/2019 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Cavabdeh qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-512/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-512/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi (tələbkar) X6 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7511/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tələbkar X3 xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla cari il üçün hesablanmış ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına nisbətdə indeksasiya edilərək müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın qismən ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda aylıq gəliri 400 manat təşkil edir və qazancı stabil deyil. Yeni tutulmuş aliment məbləği əvvəlki məbləğlə müqayisədə kəskin artımla fərqlənir və onun mövcud maddi imkanlarını aşır. Faktiki olaraq o, həmin məbləği ödəmək iqtidarında deyil. Hazırki vəziyyətdə minimum əmək haqqı 400 manat olduğu halda, hər uşaq üçün həmin məbləğin 0,85 misli həddində aliment tutulması mümkünsüz bir haldır. Eyni zamanda, bu artımın texniki səhvlik nəticəsində yaranması ehtimalı da istisna olunmur. Yəni Məhkəmə bəlkə də ondan hər uşaq üçün deyil, cəmi minimum əmək haqqının 0,85 misli həddində alimentin tutulmasını qət etmək istəmiş, amma texniki səhv üzündən bu məbləğ hər uşaq üçün tutulmuşdur. Qeyd edir ki, əvvəlki məhkəmə qərarı ilə müəyyən olunmuş 308 manat məbləğində alimenti ödəməkdə də çətinlik çəkirdi. Mövcud imkanı iki uşaq üçün ümumilikdə 400 manat aliment ödəməyi imkan verir. Hesab edir ki, məhkəmənin hazırki sosial imkanlarını və həyat şərtlərini nəzərə alaraq qərarı qismən təmin etməsi zəruridir. Ümumiyyətlə müraciət edən şəxs alimentin miqdarının artırılmasını istyən zaman xərclərin artmasını sübut emək ilə yanaşı onun da maddi imkanlarının yaxşılaşdığını sübut etməyə borclu idi. Məhkəmə belə bir sübut tələb etmədən, onun maddi vəziyyətinin yaxşılaşdığına dair heç bir ifadə belə işlətmədən, bu hallara əsaslanmadan alimentin miqdarını 2 dəfədən də çox məbləğdə artırmışdır. Bu hal tam əsassızdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmişdir. Ərizənin təmin edilməsini aliment məbləği 2019-cu ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Lalə Əkbərova ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7511/2018 saylı xx.xx.2018- ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tələbkar X3 xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla cari il üçün hesablanmış ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına nisbətdə indeksasiya edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli və onunla bağlı 28 iyul 2025ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-159/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-159/2025
20.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver