Məhkəmə qərarları › İş №8(105)-160/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-160/2021

13.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-160/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Borclu, Maraqlı şəxs iştirakı ilə, Abşeron rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 8(012)-298/2021 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, 05.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanında 18 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-298/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Abşeron rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından Maraqlı şəxs şikayəti üzrə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi) Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (Mülki Prosessual Məcəllənin 357.2. maddəsi) Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktıonların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi qanunvericilik birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən etmişdir. İşdən görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, 05.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanında 18 saylı mənzilin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmiş, Abşeron rayon məhkəməsinin 20.04.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və mənzilin üzərinə həbs qoyulması qərara alınmış, birinci instansiya məhkəməsinin qərardadından Maraqlı şəxs tərəfindən şikayət verilmiş, lakin məhkəmə onun işdə hansı prosessual statusa malik olmasını aydınlaşdırmadan və qəbul edilmiş məhkəmə aktının onun hansı hüquq və mənafelərinə toxunmasını müzakirə etmədən, şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, bu qərardadın Maraqlı şəxs hansı hüquqlarına və qanunla qorunan maraqlarına toxunması və onun işdə olan prosessual statusu birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədən şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayətin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar