Məhkəmə qərarları › İş №8(105)-160/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-160/2024

19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-160/2024 19.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, şikayətin qeyri-mümkün hesab edilməsi) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X3Rəhimli və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Tələbkar, Borclunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş 2(102)- 1558/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1976-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 15000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, 01 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

4. İddiaçı Borclu Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadından şikayət vermişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-631/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qərardadından iş üzrə Borclu verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

6. Borclu yenidən Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadından şikayət verərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərarın ləğv edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-631/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 8(060)- 631/2024 saylı qərardadından xx.xx.2024-cü il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Borclunun nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

9. Tələbkar şikayətə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Belə ki, iş materiallarından göründüyü kimi Borclu Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadından şikayət və prosessual müddətin bərpa olunmasına dair ərizə verərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərarın ləğv edilməsini xahiş etmişdir.

13. Kollegiya qeyd edir ki, Borclu tərəfindən şikayət prosessual müddət ötürülməklə verilmişdir.

14. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.

15. Lakin, birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, şikayət prosessual müddət ötürülməklə verildiyi halda şikayətə əlavə edilmiş prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirmədən, Mülki Prosesual Məcəllənin 364cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

16. Kollegiya qeyd edir ki, sadalanan qanunvericiliyin tələbinə görə şikayət işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.

17. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

18. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur».

20. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətə və müddətin bərasına dair vəsatətə qiymət verilməsi, Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

21. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(060)-631/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət Azərbaycan Respublikası MPM-nin tələblərinin yerinə yetirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar