Məhkəmə qərarları › İş №8(105)-160/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-160/2025

20.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-160/2025 20.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-622/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1624/2019 saylı mülki iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsi ilə Borclu birgə nikahlarından anadan olmuş 19 aprel 2015-ci il təvəllüdlü X1 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.625 mislində, 250 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar iş üzrə Borclu ilə 13 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 19 aprel 2015-ci il təvəllüdlü X1 oğlu anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1624/2019 saylı mülki iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsi ilə Borclu 14 yanvar 2019-cu il tarixdən başlayaraq 19 aprel 2015-ci il təvəllüdlü X1 oğlunun saxlanması üçün hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, uşağın maddi təminatında əziyyət çəkir. Hesab edir ki, 160 manat aliment uşağın saxlanması üçün kifayət etmir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-622/2025 saylı qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1624/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2015-ci il təvəllüdlü X1 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 180 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1624/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsi qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 180 manat olmuşdur. Məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2019-cu ildə aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməli, alimentin məbləği minimum əmək haqqının 0,89 misli həddində (160/180=0,89) sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-622/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “W AND EForward LTD” şirkətində sürücü peşəsində işləyir. Aylıq aldığı əmək haqqı 500 manat təşkil edir. Digər bir yerdən qazancı yoxdur. Təyin olunmuş ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 (sıfır tam yüzdə səksən doqquz) misli həddində aliment (400x0.89 misli = 356 manat) həddən artıq yüksəkdir. Aliment ödəməkdən boyun qaçırmır. Hər ay 220 manat aliment ödəməyə razıdır. Bundan əlavə qeyd edir ki, məhkəmə iclası keçirilən zaman Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Bu səbədən də məhkəmə iclasında iştirak edə bilməmişdir. Hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(060)-622/2025 saylı qərardadının “xx.xx.2015-ci il təvəllüdlü X1 oğlunun yetkinlik yaşına çatana kimisaxlanması üçün Borclu sonrakıartımlar nəzər alınmaqla, hər ay ölkə W AND EForward LTD üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 (sıfır tam yüzdə səksən doqquz) misli həddində sabit pulməbləğində aliment tutulması hissəsinin” ləğv edilərək ondan hər ay 220 manat sabit pulməbləğində alimentin tutulması barədə yeni qərardad qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-622/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-622/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1624/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, Borclu xx.xx.2015-ci il təvəllüdlü X1 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 01 mart 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1624/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği 160 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 180 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaları və Ali Məhkəməinin Plenum qərarına əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,89 (160:180=0,89) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 622/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək hər ay 160 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin indeksasiya nəticəsində hazırki minimum əmək haqqının 0,89 misli həddində artırılması, onun maddi vəziyyətini həddən artıq ağırlaşacağı təqdirdə, alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-622/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar