Məhkəmə qərarları › İş №8(105)-161/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-161/2020

02.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-161/2020 02.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X5 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, tələbkar X1 iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-357/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu Cavabdeh qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1652/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Qubadlı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, borclu Cavabdeh 90932,40 manat pulun tələbkarın xeyrinə tutulması qət edilmişdir. Borclu Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1652/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1652/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən borcludan tələbkarın xeyrinə 90932,40 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin məhkəmə tərəfindən xx xxxxxx 2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Borclu ilk dəfə 2019-cu ilin dekabr ayında icra şöbəsinə dəvət olunub. 2020-ci ilin fevral ayının 20-ə kimi, borcumu ödəmək məqsədilə, bundan əvvəl mülkiyyətində olan avtomobilin nisyə satışından hissə-hissə əldə etdiyi 7000 manat pulu 2 ay müddətində tələbkar qəbul etmədiyinə görə icra şöbəsinin depozit hesabına köçürüb. 2020-ci ilin mart ayından xüsusi karantin rejimi ilə bağlı borclunun işlədiyi “Sumqayıt” ticarət mərkəzi bağlanmışdır. Buna baxmayaraq borclu keçən 6 ay ərzində borcundan daha 70932 manat ödəyib. Bu günə icra sənədi üzrə 20000 manat borcu qalmışdır. İcra məmuru Əli Hacıyevə dəfələrlə izahat vermiş, icra məmurunin bütün çağırışlarına vaxtında gəlmişdir. İş yeri və yaşayış yeri, gəlirləri və əmlak vəziyyəti haqqında ona düzgün məlumat verib. Qətnamə ilə üzərinə qoyulmuş borcu ödəmək vəzifəsindən yayınmır. İcra məmurunun tələblərini imkanı daxilində, qismən yerinə yetirib. Borclu Qubadlı rayonundan məcburi köçkündür. Həmçinin o, 2-ci qrup əlildir. Himayəsində 91 yaşında qoca atası, işləməyən arvadı və iki yetkinlik yaşına çatmayan uşağı var. 5 nəfərdən ibarət ailəyə yeganə qazanc gətirən odur. Qalan borcu tam ödəyəcək əmlakı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Cavabdeh Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, ölkədə baş verən pandemiya səbəbindən iş yeri bağlanmışdır. Maddi imkanı hal-hazırda yoxdur. Pulu bir dəfəyə ödəyə bilmir. Qubadlı rayonundan məcburi köçkündür. Həmçinin o, 2-ci qrup əlildir. Himayəsində 91 yaşında qoca atası, işləməyən arvadı və iki yetkinlik yaşına çatmayan uşağı var. 5 nəfərdən ibarət ailəyə yeganə qazanc gətirən odur. Qalan borcu tam ödəyəcək əmlakı yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən tələbkar X2 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ərizəçiyə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tələbkarın izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsinin əsaslılığı barədə kifayət qədər sübutun təqdim olunmaması, məhkəməyə təqdim olunmuş ərizənin kifayət qədər əsaslandırılmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 20000 manat məbləğin hər ay 1000 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 20 aya yaxın təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar