Məhkəmə qərarları › İş №8(105)-161/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-161/2024

24.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-161/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X3 Eldar oğlunun Maraqlı şəxs icra məmuru Rüfət Məmmədovun “borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərar əsasında Sumqayıt şəhər Polis İdarəsi tərəfindən başlanılmış icraatın dayandırılması barədə şikayət ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-829/2024 nömrəli qərardadından X3 Eldar oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. X3 Eldar oğlu Maraqlı şəxs icra məmuru Rüfət Məmmədovun borclunun axtarışı barədə xx.xx.2024-cü il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Rüfət Məmmədovun borclunun axtarışı barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və xx.xx.2024-cü il tarixli borclunun axtarışı barədə qərar əsasında Sumqayıt şəhər Polis İdarəsi tərəfindən başlanılmış icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşdə olan Maraqlı şəxs icra məmuru Rüfət Məmmədovun borclunun axtarışı barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla X3 Eldar oğlu barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Sumqayıt şəhər Polis idarəsinə göndərilməsi qərara alınmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 Eldar oğlunun Maraqlı şəxs icra məmuru Rüfət Məmmədovun borclunun axtarışı barədə xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət ərizəsinə baxılmasından imtina edilməsi və təqdimata əlavə olunmuş bütün sənədlərin rəsmi qaydada X3 Eldar oğluna təqdim olunması qərara alınmışdır.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclunun və ya onun əmlakının axtarılmasından imtina olunması barədə icra məmurunun qərarından tərəflər onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda borclu barəsində axtarış elan edilməsi barədə qərardan deyil, borclunun və ya onun əmlakının axtarılmasından imtina olunması barədə icra məmurunun qərarından şikayət verilməsi nəzərdə tutulmuşdır.

5. X3 Eldar oğlu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətin qəbul edilməsindən imtina edilməsinin əsas dəlili olan əsaslandırmanın azərbaycan dilindən azacıq anlayışı olan istənilən şəxsə görə tamamlilə yanlış olduğunu söyləyə bilər. Belə ki, İcra haqqında Qanunun 27.1-ci maddəsində qeyd olunan “borclunun axtarılması”... barədə qərar qəbul edir. 27.2-ci maddəsinə əsasən həmçinin “Borclunun əmlakının və ya uşağının axtarılması”... barədə də qərar qəbul edir. 27.2-ci maddəsində “Borclunun və ya onun əmlakının axtarılması” sözləri nəhayət, həmin maddənin sonuncu bəndində - 27.9-cu maddədə “Borclunun və ya onun əmlakının axtarılması... (yəni hər ikisinə şamil edilir) qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər (həm borclu barədə axtarış qərarından və ya borclunun axtarılması haqqında qərardan, həm də borclunun əmlakının və ya uşağının axtarılması qərarıdan şikayət verilə bilər. Hazırkı qərardadın əsasını təşkil etmiş bu dəlil doğru olmadığından, qərardad ləğv edilməli, borclu barədə mövcud olan axtarış qərarından, başqa sözlə borclunun axtarılmasından imtina olunmasına dair qərdad çıxarılmalıdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. Maddə 27. Borclunun, onun əmlakının və ya uşağın axtarılması 27.1. İcra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 27.2. Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. 27.3. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. 27.4. Borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 27.5. Borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. 27.9. Borclunun və ya onun əmlakının axtarılmasından imtina olunması barədə icra məmurunun qərarından tərəflər onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

11. Maddə 29. İcraatda tərəflərin hüquq və vəzifələri 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar (...) 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. (...)

13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;(...)

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

18. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Yuxarıda sadalanan Konstitusiya, maddi və prosessual hüquq normalarının tələblərinən göründüyü kimi məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası fiziki hüquqi və dövlət oranları üçün məcburidir.

21. İşdən görünür ki, X3 Eldar oğlu icra məmurunun borclunun axtarışı barədə qərarının ləğv edilməsini və həmin qərar əsasında polis idarəsi tərəfindən başlanılmış icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.9-cu maddəsinə görə borclunun və ya onun əmlakının axtarılmasından imtina olunması barədə icra məmurunun qərarından şikayət verilməsi nəzərdə tutulur. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı əsaslıdır.

23. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, həmin Qanununun 29.1-ci maddəsində tərəflərin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malik olmaları nəzərdə tutulmuşdur.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-829/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-829/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar