Məhkəmə qərarları › İş №8(105)-162/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-162/2024

23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-162/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Maraqlı şəxs icra məmuru X3 “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında 18 sentyabr 2024-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə (şikayət- icra sənədinin yenidən icra olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-189/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İşdə olan 18 sentyabr 2024-cü il tarixli “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Maraqlı şəxs icra məmuru Babək İsmayılovun qərarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icra olunmadan Şamaxı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

2. Həmçinin həmin qərardan görünür ki, icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşlarının, tələbkarın və şahidlərin iştirakı ilə icra yerində olarkən reyestr xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsi ölçülmüşdür. Torpaq sahəsi ölçülərkən tələbkara məxsus torpaq sahəsinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədə yox 385 metr məsafəyə düşdüyü, torpaq sahəsinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 385 metr .məsafədən„ölçülərsə- icra sənədində göstərilən borcluların istifadəsində olan torpaq sahələri Tələbkar məxsus torpaq sahəsinə düşmədiyi müəyyən edilmişdir.

3. Şikayətə əlavə edilmiş “X2” MMC-nin xx.xx.2021-ci il tarixli 280 saylı rəyindən görünür ki, X4 mülkiyyətində olan 10,07 ha torpaq sahəsinin başlanğıc nöqtəsinin Şamaxı-Pirqulu avtomobil yolunun orta oxundan (mərkəzi hissəsindən) 355 metr məsafədə yerləşməsi müəyyən edildiyindən həmin torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları şərqə doğru 79 metr sürüşmə ilə təyin edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru X3 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icra olunmadan geri, Şamaxı Rayon Məhkəməsinə qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icranın təmin edilməsi üçün icra işinin Maraqlı şəxsnə göndərilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslanıb ki, Maraqlı şəxs icra məmuru X3 “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı əsassızdır. O, 1946-cı il təvəllüdlüdür, 78 yaşı var, Silahlı Qüvvələr veteranıdır. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 2.88 ha torpaq sahəsinə Şamaxı Rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq olunmuş, reyestrdə 4ə-2/555 və 4ə-2/557 nömrə ilə qeyd edilmiş və xx.xx.2007-ci il tarixdə təsdiq olunmuş, reyestrdə 4ə~2/584 nömrə iləqeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Şamaxı rayonu, Məlhəm ərazisində başlanğıc nöqtəsi Şamaxı- Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan, ümumilikdə 10,0679 ha torpaq sahəsini əldə etmişdir. Həmin torpaq sahəsini aldıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 10,0679 ha torpaq sahəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən vahid, yəni 1 (bir) Çıxarış verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 10,0679 ha torpaq sahəsinin vahid, yəni birlikdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin qurum tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində əraziyə dair döngə nöqtələrinin koordinatlarında uyğunsuzluq olmuşdur. Nəticədə, o, cavabdehlər X9, X10, X8 və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinə qarşı müvafiq iddia ilə məhkəməyə müraciət edib. Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, Çuxuryurd Bələdiyyəsi tərəfindən cavabdehlər X9, X10 və X1 həmin torpaq sahələrinin alqı-satqısına dair bütün sənədlər etibarsız hesab edilmiş, həmçinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa uyğun olaraq istifadə hüququmun təmin edilməsi qət edilmişdir. Bu qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra Şamaxı Rayon İcra qurumu xx.xx.2011-ci il tarixli, 75/11 saylı məktubla iş üzrə borclular ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinə müraciət edilərək bildirilmişdir ki: “...Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, 11 aprel 2011-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün sizə göndərilir. İcranın nəticəsi barədə Şamaxı Rayon İcra Qrupuna məlumat verməyiniz xahiş olunur’’”. Lakin 11 il ərzində icra sənədi icra olunmamış, yalnız 2022-ci ildə onun Nazir qəbulunda olmasından sonra icra sənədinin icrasının tezləşdirilməsi tapşırığı verilmişdir. Bundan sonra Maraqlı şəxs həmin dövrdəki rəhbərliyi tərəfindən müəyyən olunmuşdur ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi itirilmişdir. Məcbur qalan tələbkar icra sənədinin dublikatının icraya yönəldilməsi üçün Şamaxı Rayon Məhkəməsinə müraciət edir. Həmin dublikatdan görünür ki, icra sənədi üzrə borclu qismində yalnız X9, X10 və X5 adları qeyd edilmiş, artıq həmin vaxt müvafiq fərmanla səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş digər borclu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin, xüsusilə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin icra sənədi üzrə borclu qismində adı qeyd edilməmişdir. Yenə Şamaxı Rayon Məhkəməsi tərəfindən qətnaməyə qanuni və əsaslı izah verilməsinə və icra sənədinin icra edilməli olması barədə qərardad qəbul edilməsinə baxmayaraq, icra sənədi bu günə ümumilikdə 13 il ərzində icra edilməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icra olunmadan Şamaxı Rayon Məhkəməsinə qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və icra sənədi üzrə icranın təmin edilməsi üçün icra işinin Maraqlı şəxsnə göndərilməsi haqqında yeni qərar qəbul edilməlidir.

6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-189/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir (hakim N.İsmayılov).

7. Bu qərardaddan Tələbkar şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(074)-189/2024 saylı qərardadının ləğv edilməsi və Maraqlı şəxs icra məmuru X3 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icra olunmadan Şamaxı Rayon Məhkəməsinə qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, icra sənədi üzrə icranın təmin edilməsi üçün icra işinin Maraqlı şəxsnə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-189/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından və icra işindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar müvafiq tədbirlər görülsə də, həmin icra sənədinin icrası mümkün olmadığından məhkəməyə qaytarılmışdır. Buna görə də məhkəmə hesab edib ki, Maraqlı şəxs icra məmuru X3 “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında 18 sentyabr 2024-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyin İcra haqqında Azərbaycan Respublikasının Qanunun 23.1.3, 23.2, 23.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 -ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə istinad etdiyini maddi hüquq normalarını tətbiq edərkən gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, qərardaddan göründüyü kimi, məhkəmə Şamaxı Rayon Məhkəməsinin 2(074)16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən hansı tədbirlər görməsini, o cümlədən iş üzrə borclular barəsində hansı təsirli tədbirlər görməsini sadalamamış, həmin icra sənədinin məhz hansı səbəblərdən icrası mümkün olmadığından məhkəməyə qaytarılmalı olmasını əsaslandırmamış, icra məmurunun “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərarından Tələbkar tərəfindən verilmiş şikayətdə göstərilən dəlil və xüsusatların heç birinə əhəmiyyət və hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin icra sənədinin verilməsinə əsas hesab edilmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi 13 ildir ki icra edilməmişdir. Məhkəmə həmin icra sənədinin icrası mümkün olmadığından məhkəməyə qaytarılmalı olması barədə nəticəyə gələrkən, tələbkarın icra sənədinin icrası tələbi ilə hansı orqana müraciət etməli olmasını izah etməmiş, göstərməmiş, həmçinin 13 ildən artıq müddətdə icraatda olmuş həmin icra sənədinin hansı səbəbdən icra olunmamasını araşdırmamış və müvafiq hüquqi qiymət verməmişdir. Həmçinin qərardan görünür ki, icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşlarının, tələbkarın və şahidlərin iştirakı ilə icra yerində olarkən reyestr xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsi ölçülmüşdür. Torpaq sahəsi ölçülərkən tələbkara məxsus torpaq sahəsinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədə yox 385 metr məsafəyə düşdüyü, torpaq sahəsinin başlanğıc nöqtəsi Şamaxı Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 385 metr məsafədən ölçülərsə- icra sənədində göstərilən borcluların istifadəsində olan torpaq sahələri Tələbkar məxsus torpaq sahəsinə düşmədiyi müəyyən edilmişdir”. Həmin xüsusat tamamilə əsassız və qərəzlidir. Belə ki, əvvəla məhkəmənin istinad etdiyi və tələbkarın şikayətinə əlavə edilmiş “X2” MMC-nin xx.xx.2021-ci il tarixli 280 saylı rəyindən görünür ki, X4 mülkiyyətində olan 10,07 ha torpaq sahəsinin başlanğıc nöqtəsinin Şamaxı-Pirqulu avtomobil yolunun orta oxundan (mərkəzi hissəsindən) 355 metr məsafədə yerləşməsi müəyyən edildiyindən həmin torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları şərqə doğru 79 metr sürüşmə ilə təyin edilmişdir. Digər tərəfdən, Tələbkar məxsus 10,0679 ha torpaq sahəsi Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən ölçülərsə, başqa vətəndaşalara məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Ona görə ki, həmin sahədə digər şəxslərə məxsus torpaq sahələri yoxdur. Göründüyü kimi məhkəmə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

15. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər Madd 23.2 tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Maddə 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-189/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

17. Ona görə də, kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)- 189/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-189/2024 nömrəli qərardadı tam, onunla əlaqəli 29 noyabr 2024-cü il tarixli qərardadı isə qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.

19. Öyrənilən işdən müəyyən edildi ki, hazırkı iş üzrə Tələbkar torpaq mübahisəsi üzrə iddia tələbinə dair Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi qəbul olunmuş və həmin qətnamə ilə sonuncunun iddiası təmin edilmişdir.

20. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini aldığı üçün qətnamə icraya yönəlmişdir. 18 sentyabr 2024-cü il tarixli “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Maraqlı şəxs icra məmuru Babək İsmayılovun qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)- 16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi icra olunmadan Şamaxı Rayon Məhkəməsinə geri qaytarılmışdır.

21. Tələbkar həmin qərarın ləğv edilməsi tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə isə şikayəti təmin etməmişdir.

22. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

23. Əvvəla, mübahisəli icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi 2011-ci il tarixdə qəbul edilmiş və həmin qətnamə ziyanına çıxan tərəfdən mübahisələndirilməmiş, qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.

24. Tələbkarın hazırkı şikayət ərizəsinin dəlillərindən görünür ki, müxtəlif səbəblər üzündən icra sənədi icra edilmədiyindən, son nəticədə 2022-ci il tarixdə sonuncu bu məsələni ən yüksək instansiyalarda inzibati qaydada mübahisələndirmiş, yalnız bundan sonra tələbkara icra sənədinin itməsi bildirilmişdir. Yenə tələbkarın hüquqauyğun fəaliyyətindən (icra sənədinin dublikatının əldə edilməsi, icra sənədinə izah verilməsi) sonra bu dəfə yuxarıda qeyd olunan 18 sentyabr 2024-cü il tarixli “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir.

25. Həmin qərarda isə qeyd olunur ki, icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşlarının, tələbkarın və şahidlərin iştirakı ilə icra yerində olarkən reyestr xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsi ölçülmüşdür. Torpaq sahəsi ölçülərkən tələbkara məxsus torpaq sahəsinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədə yox, 385 metr məsafəyə düşdüyü, torpaq sahəsinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 385 metr məsafədən„ ölçülərsə- icra sənədində göstərilən borcluların istifadəsində olan torpaq sahələri Tələbkar məxsus torpaq sahəsinə düşmədiyi müəyyən edilmişdir.

26. Kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin məhkəməyə geri qaytarılması əsasları İcra Haqqında qanunun 23cü maddəsi ilə tənzimlənir.

27. Digər tərəfdən işin faktiki halları nəzərə alınarsa, 10 ildən artıq müddət ərzində icra edilməmiş icra sənədinin məhz icra məmurunun qərarında qeyd etdiyi hallarla geri qaytarılması qanunun həmin norması ilə uzlaşmır.

28. Bundan başqa tələbkar tərəfindən şikayətə əlavə edilmiş “X2” MMC-nin xx.xx.2021-ci il tarixli 280 saylı rəyi hazırkı icra sənədinin geri qaytarılması haqqında qərarda qeyd olunan xüsusatları tam təkzib edir.

29. Beləliklə məhkəmə kollegiyası yekun olaraq bildirir ki, qeyd olunan hallar (icra sənədi üzrə mübahisəli torpaq sahəsinə dair müxtəlif rəylər) əlaqəli təhlil edilmədən hazırkı icra sənədinə yalnız yuxarıda qeyd edilən formada əraziyə yerli baxış nəticəsində faktların təsdiqi ilə kifayətlənməklə icra sənədini geri qaytarmaq əsaslı nəticə hesab edilə bilməz.

30. İşə baxan məhkəmə isə öz növbəsində sadalanan halları nəzərdən keçirmədən, tələbkarın şikayətinin dəlilləri üzrə araşdırma aparmadan, öz mövqeyini ciddi əsaslandırmadan formal şəkildə icra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarı ilə razılaşmışdır.

31. Beləliklə kollegiya hesab edir ki, yuxarıda sadalanan hallar işə baxan məhkəmə tərəfindən yenidən araşdırılmalı və icra işi tələb edilməklə iş üçün əhəmiyyətli bütün hallar dəqiq müəyyən edildikdən sonra tələbkarın şikayətinin həllinə dair yekun ədalətli və qanuni qərar qəbul edilməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-189/2024 nömrəli qərardadı tam, onunla əlaqəli 29 noyabr 2024-cü il tarixli qərardadı isə qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.

33. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-189/2024 nömrəli qərardadı tam, onunla əlaqəli 8(074)-189/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərardadı isə qismən şikayətin təmin edilməyən hissəsində ləğv edilsin. Qərardadda göstərilən hallar nəzərə alınmaqla şikayətə yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar