Məhkəmə qərarları › İş №8(105)-162/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-162/2025

19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-162/2025 19.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, X1 aliment məbləğinin indeksasiya edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-577/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. AZ-İİİ 314992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixində Xaçmaz rayonunda anadan olmuş, atası Maraqlı şəxs, anası X4r.

2. AZ-İİİ 842871 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixində Xaçmaz rayonunda anadan olmuş, atası Maraqlı şəxs, anası X4r.

3. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 nömrəli qətnaməsi ilə Maraqlı şəxs X3 xeyrinə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. X2 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 nömrəli qətnaməsinə əsasən uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər bir uşağa tutulan 120 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir

5. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 nömrəli qətnaməsi ilə xx.xx.1989-cu ildə Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz rayonu, Qaracik-Zeyid kəndi olan Maraqlı şəxs xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul ediləndən hazıra kimi ölkədə əhalinin minimum əmək haqları dəfələrlə artırılmışdır. 2025-ci ildə hər uşağa ödənilən alimentin miqdarı qanunla 246 manat müəyyən edilmişdir. Hazırda himayəsində olan 2 məktəbli uşaqların tələbatları dəfələrlə artmış və qeyd olunan qətnamə ilə müəyyən edilmiş aliment uşaqların saxlanması üçün kifayət etmir. İstehlak malların qiymətləri və uşaqların məktəb ləvazimatlarının xərcləri dəfələrlə artmışdır. O, iki uşaqla valideynlərinə məxsus evdə yaşayır. Xroniki xəstə olan Nəzrin adlı qızının intensiv, daimi müalicə xərclərini də özü çəkir. Ona görə də maddi vəziyyətləri ağırdır. Bu səbəbdən artan əmək haqları tələbatları nəzərə alınmaqla 2018-ci ildə qəbul edilmiş qətnamə ilə müəyyən edilmiş hər ay hər uşağa 120 manat olmaqla, 2 uşağa cəmi 240 manat məbləğində aliment indeksləşdirilməklə artırılmalıdır. Maraqlı şəxs fərdi təsərrüfatla məşğul olaraq, əkin sahələrini əkib becərməklə, mal-qara saxlamaqla və başqa təsərrüfat işləri ilə məşğul olmaqla gəlir əldə edir. Odur ki, o, indeksasiya ediləcək alimenti ödəmək iqtidarındadır.

6. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə X2 ərizəsini müdafiə edərək bildirmişdir ki, himayəsində olan 2 məktəbli uşaqları böyüməklə tələbatları dəfələrlə artmış və qeyd olunan qətnamə ilə müəyyən edilmiş aliment uşaqların saxlanması üçün kifayət etmir. Keçən müddətdə istehlak mallarının qiymətləri və uşaqların məktəb ləvazimatlarının xərcləri dəfələrlə artmışdır. O, iki uşaqla valideynlərinə məxsus evdə yaşayır. Bir uşağı Nəzrin xroniki bronxial astma xəstəsi olmaqla daimi müalicə xərcləri vardır, həmin xərcləri də özü çəkir. Bundan əlavə uşaqlar əlavə müəllim yanına gedirlər. Həmin müəllim pullarını da ödəyir. Ona görə də uşaqların bu tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Keçmiş əri Maraqlı şəxs maddi imkanları yaxşıdır, fərdi təsərrüfatla məşğul olaraq əkin sahələri və mal-qarası vardır.

7. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu Maraqlı şəxs izahatında bildirmişdir ki, o, aliment məbləğinin indeksasiya edilməsinə razı deyildir. Çünki, onun maddi imkanı yaxşı deyildir, astma xəstəsi olmaqla işləyə bilmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 240 manat aliment məbləğini də çətinliklə ödəyir. Öz xəstəliyi ilə bağlı ayda 92 manatlıq dərman alır. İkinci dəfə ailə qurmuş və iki nəfər azyaşlı uşaqları vardır. Bundan əlavə Ülviyyə Almasova ilə aralarında əmlak mübahisələri olarkən ona bağ sahəsini də vermişdir. Odur ki, alimentin indeksasiya olunmasına etiraz edir.

8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-577/2025 nömrəli qərardadı ilə (hakim Xıdır Quliyev) ərizə təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 nömrəli qətnaməsi əsasında tutulan hər bir uşaq üçün 120 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq X6 ödənilməsi qərara alınmışdır.

9. İcra sənədi üzrə borcu Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-577/2025 nömrəli qərardadından şikayət verərək məhkəmənin qeyd olunan qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-577/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 577/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından narazıdır. Ona təyin edilən alimentlə münasibətdə bildirir ki, bir uşağın yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay ondan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin onun iş yeri yoxdur, olanda günəmuzd işlərdə çalışır. Təsərrüfatda ancaq yay fəsilində bir-iki manat pul qazanmaq olur. Lakin məhkəmə heç bir sübut, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə almayaraq ona yüksək aliment təyin etmişdir. O, ikinci dəfə ailə həyatı qurmuş, ikinci nigahdan iki azyaşlı övladı vardır. Minimum əmək haqqı 400 manat olduğu halda 368 manat bir uşaq üçün, iki uşağa görə 736 manat necə aliment ödəyə bilər, bütün mənalarda bu imkansızlıq gözlə belə görünür. O, övladına aliment ödəməkdən yayınmır. Onun 1500-2000 əmək haqqı olsaydı məhkəmə tərəfindən ona təyin edilən alimentin ödənilməsi mümkün olardı və digər övladlarını da saxlaya bilərdi. Hazırda tələb olunan məbləği ödəməsi ümumiyyətlə mümkün deyil, çünkü onun həmin məbləği ödəmək üçün nə imkanı, nə yüksək əmək haqq olan işi yoxdur. Övladına aliment ödəməkdən yayınmır və hər ayda alimenti vaxtında ödəmiş, lakin onun hazırkı məbləğdə təyin edilən alimenti ödəmək üçün heç bir imkanı yoxdur. İki üşağa 240 manatdan yuxarı aliment ödəmək iqtidarında deyildir, yüksək təyin ediləcək aliment onu çarəsiz, çıxılmaz vəziyyətə salacaq, nəticədə onun gələcəkdə aliment borcuna görə məsuliyyətə cəlb edilməsinə gətirib çıxaracaq. İkinci nikahdan olan iki azyaşlı övladı da ac saxlamalı olacaqdır. Belə vəziyyətdə nə alimentini ödəyə biləcək, nə də hazırkı ailəsi və övladlarını saxlaya bilməyəcəkdir. Bu hal ailəsinin dağılmasına gətirib çıxaracaqdır. Uşaqları saxlamaq valideynlərin hər ikisinin vəzifəsidir. Həmçinin birgə nigah dövründə əldə edilən əmlakın bölünməsi zamanı Ülviyyə Almasovaya hazır bağ sahəsi düşüb, bağdan da gəlir əldə edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin buna baxmayaraq məhkəmə uşağı saxlamaq vəzifəsini təkcə onun üzərinə qoymuş, ananın maddi imkanı yaxşı olmasına baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmə qəraradad çıxararkən yuxarıda sadaladığı halların hər birini nəzərə almalı idi. Göründüyü kimi hakim bütün bu göstərilən halları araşdırmamış, qanunsuz qərardad qəbul edilmiş və yüksək məbləğdə aliment təyin edilmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-577/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir.

b) Şikayətə qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Ailə Məcəlləsi

13. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

15. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

20. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2018-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

24. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

25. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.

27. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-577/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar