Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-163/2024 25.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X1 Eldar oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1558/2024 saylı qərarının hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)- 779/2024 nömrəli qərardadından X1 Eldar oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1558/2024 saylı qərarı ilə cavabdeh Şahhüseynli Rəhman Eldar oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Şahhüseynli Rəhman Eldar oğlundan 15000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar xeyrinə tutulması qərar alınmışdır. X1 Eldar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1558/2024 saylı qərarı üzrə verilmiş icra sənədinin hissə-hissə icra edilməsi (aylıq beş yüz manat) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 Eldar oğlu ərizəsini onunla əsaslandırmışdır ki, onun çıxarılmış olan qətnamənin icrasından yayınmaq fikri yoxdur. Tam əksinə, mümkün qədər qısa zamanda ödənilməsinə çalışır. İcra vərəqəsində göstərilən 15000 manat borcdan qısa zaman ərzində 1000 manat məbləği ödəyib. Bununla belə hazırda maddi imkanı çox aşağıdır. Heç bir yerdə işləmir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-370/2024 saylı qətnaməsi ilə himayəsinə verilmiş 1 nəfər azyaşlı uşaq (oğlu) onunla yaşayır. Uşağın saxlanması üçün tələb olunan yemək, geyim, təhsil, kurslar, tibb və s. məsrəflərini tam şəkildə o, qarşılayır. Əlavə olaraq, anası ilə yaşayan digər azyaşlı uşağa (qızına) görə də aliment ödəyir. Maddi vəziyyətinin çox aşağı olması yerdə qalan məbləği birdəfəlik ödəməyə imkan vermir. Bu səbəbdən, borcu hissə-hissə ödəməyə hazırdır. Bununla yanaşı bildirir ki, hər 3 məhkəmə instansiyasının qətnamə və qərarının əsasını təşkil edən “razılaşma”da ödəniləcək məbləğin hissə-hissə, “1 il yarıma” ödənilməsi qeyd edilmişdir. (“Mən, Rəhman Şahhüseynli Eldar oğlu Sərimanov rayonu Azadlıq prospektində bacısımın adına olan evin təmirinə qaynatamın çəkdiyi xərci, ustanın gəlib müəyyənləşdirəcəyi məbləği, məsələn 15000 mant olarsa... bir il yarıma... ödəməyimi özümə öhdəlik götürürəm...”.) Hesab edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə tərəfindən qətnamənin hissəhissə icra edilməsi barədə qərarın qəbul edilməsi çox ədalətli olardı. Himayəsində olan azyaşlı uşağa görə xərclər, aliment öhdəliyi və digər həyati-zəruri xərcləri nəzərə alaraq, hər ay tələbkara 500 (beş yüz) manat ödəmək imkanı vardır. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hal-hazırda 2 məhkəmə qərarı üzrə borclu şəxs Şahhüseynli Rəhman Eldar oğlu hazırda məhkəmə qərarlarının icrasından qəsdən və qərəzli şəkildə yayındığı üçün Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən axtarışdadır. Borclu Rəhman polisdən qaçıb gizlənməkdədir. Hətta o dəfələrlə öz qanuni icra vəzifələrini yerinə yetirən icra məmuruna qərarı onsuzda icra etməyəcəyini bildirərərək icra məmuruna müxtəlif təzyiqlər göstərir. Borclu məhkəməyə ünvanladığı ərizəsində qeyd edir ki guya qızı Türkan Qurbanovaya 2 uşağa görə aliment verir, lakin hazırda onun 900 manat məbləğində aliment borcu da vardır. Üstəlik borclu Rəhman bildirir ki, guya zorla oğurlayıb qaçırdığı nəvəsi onun himayəsinə verilməsi ilə bağlı yekun qərar vardır. Lakin bu tamamilə yalandır. Həmin əsassız qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilərək iş icraata götürülmüşdür. Yəni, hal-hazırda Ali Məhkəmənin qərarına əsasən nəvələrinin hər ikisi qızı Türkan Qurbanovanın himayəsindədir. X1 yenə də görüntü yaratmaq məqsədilə guya oğurlayıb yanında saxladığı (halbuki uşaq hazırda qızının himayəsindədir) nəvəsini özəl məktəbə qoymuşdur. Bununla da guya uşağın xərcini ödəməsi ilə baglı məhkəməni yanıltmağa çalışmışdır. Hətta borclu Rəhman uşağa olmayan bir xəstəlik barədə də damğa vuraraq guya onun da xərcini çəkdiyini deyir amma uşaq tam sağlamdır. Hətta Rəhman uşaqda olmayan xəstəlik adı ilə uşağı ölkədən qaçırmağa da cəhd etmişdir. Bu da borclunun əl atdığı növbəti icradan yayınma cəhdidir. Bundan əvvəl də yenə də Rəhman fikir formalaşdırmaq məqsədilə də uşağı Avropa Məktəbinə qoymuş, lakin sonradan usağı oradan çıxarmışdır. İndi də oxutduğu məktəbdən çıxaracağı da istisna deyildir. Bununla da borclu Rəhman uydurma və yalan məlumatlarla 2 məhkəmə qərarının icrasından yayındığı bəs deyilmiş kimi bu dəfə də ona ödəməli olduğu pulu hissə-hissə ödəmək istəyir. Əslində isə o bununla sadəcə vaxt qazanaraq tamamilə icradan yayınmaq niyyətindədir. Bunu dəfələrlə həm ona, həm də icra məmuruna bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq X1 Eldar oğlu tərəfindən verilən borc tələbinin hissə-hissə ödənilməməsinə dair qərar verilməsini məhkəmədən xahiş etmişdir. X1 Eldar oğlu xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, borcundan ümumilikdə 2000 manat ödəniş etdiyini, icra sənədi üzrə 13000 manat borcu qaldığını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)-779/2024 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qərarın hissə-hissə icra edilməsi tələbkarın hüquqlarının əsassız məhdudlaşdırılmasına yönələ bilər. Belə ki, borclunun ərizəsinin məzmunundan görünür ki, R.Şahhüseynli sözügedən qərarı ayda 500 manat olmaqla icra etməsi qərarın (qalan borca münasibətdə) təxminən 2 ildən çox müddətdə icra olunacaqdır ki, bu da iddiaçının məhkəmə müdafiəsi hüququnun ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqlarının bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxaracaqdır. X1 Eldar oğlu qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)-779/2024 nömrəli qərardadının ləğv edilməsi, borcun hissə-hissə ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, hissə-hissə ödənişlə bağlı ərizələrə baxılarkən, borclunun himayəsində yaşayan azyaşlı məktəbli uşağın olduğu, digər bir azyaşlı məktəbliyə görə aliment öhdəliyi, heç bir yerdə işləmədiyi, heç bir mütəmadi gəlir mənbəyi olmadığı və bu kimi həyati vacib və həlledici məqamlar nəzərə alınmamışdır. Məhkəmə borclunun və tələbkarın məhkəmə portalına yüklədiyi ərizələrin məzmununu olduğu kimi köçürüməklə, yerdə qalan 1 səhifəsinə isə "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarı"nın köçürülməsi ilə qərardad qəbul etmişdir. Məhkəmə körpə uşaqlarının saxlanılmasına, onların ən zəruri maddi ehtiyaclarının qarşılanmasına birbaşa təsir edən belə bir vacib məsələnin hərtərəfli tədqiq edilib ədalətli həllinə nail olmaq üçün təqdim edilən sənəd, sübut və dəlillərə 1 cümlə ilə olsa da münasibət bildirməmişdir. Bu günkü tarixə qədər 2500 manat ödəniş etdiyi halda, məhkəmə öz qərardadında bu məbləğı 1000 manat kimi göstərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 8(060)-779/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)-779/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafəisi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, «…. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar……» Məhkəmə kollegiyası qeyd edir ki, borclu 15000 manat puldan 2500 manat ödədiyini bildirərək qalan məbləğin hər ay 500 manat olmaqla hissə-hissə ödənilməsini xahiş etmişdir. 12500 manatın hissə-hissə olmaqla hər ay 500 manatdan ödənilməsi 25 ay müddəti edir ki, bu da ağlabatanlılıq və ədalətlilik meyarlarına cavab verməməklə tələbkarın qanuni mənafelərinin kobudcasına pozulmasına səbəb ola və əmlak mənafelərinə əhəmiyyətli zərər vura bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)-779/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 Eldar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)-779/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-163/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-163/2024
25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver