Məhkəmə qərarları › İş №8(105)-164/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-164/2021

23.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-164/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İcra sənədi üzrə Tələbkar, İcra sənədi üzrə Borclu, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29.12.2017-ci il tarixli sərəncamı ilə onun istifadəsinə verilmiş 0.0080 ha torpaq sahəsində cavabdehlər "xxxx" MTK və X1 tərəfindən yerləşdirilmiş dəmir qarajın cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-472/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. (hakim C.İ.Səfiyeva) Qətnamədən iddiaçı Tələbkar apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-472/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-472/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Tələbkar iddia tələbi Borclu münasibətdə təmin edilmiş, Tələbkar istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0080 ha torpaq sahəsində cavabdeh Borclu tərəfindən qoyulmuş dəmir qarajın cavabdehin vəsaiti hesabına götürülməsi, torpaq sahəsinin boşaldılaraq Tələbkar sahibliyinə qaytarılması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh Borclu kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(012)-6629/2019 saylı, 12 noyabr 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsi əsasında 12 fevral 2020-ci il tarixdə verilmiş icra vərəqəsi, icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 24 fevral 2020-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə iş üzrə icra tədbirlərinə başlanılmışdır. 27 yanvar 2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 icra sənədinə izah verilməsi barədə ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(105)-45/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. 01 iyul 2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsinə izah verilməsi barədə yenidən ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, 12.02.2020-ci il tarixli icra sənədinin icrası zamanı yaranmış zərurətlə əlaqədar icra məmurunun mütəxəssisin dəvət olunması barədə 16.12.2020-ci il tarixli qərarı əsasında icra sənədi üzrə mübahisə predimeti olan ərazinin (ünvanın) dəqiq koordinatlarını müəyyən etmək üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının "‘Vətəndaş Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə” 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamına əsasən tikintisinə icazə verilən bir mərtəbəli (79,50 kv.metr) qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin dəqiq ünvanı və koordinatları barəsində məlumatın və bununla bağlı müvafiq sənədin təqdim olunması ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə 08.01.2021-ci il tarixdə müraciət olunmuşdur. Eyni zamanda, mübahisə predmeti olan ərazinin dəqiq koordinatlarını müəyyən etmək üçün Abşeron rayon Mehdiabad Bələdiyyəsinə müraciət olunmuşdur. Lakin Abşeron Rayon İcra Hakimiyyətindən, DƏDRX-nin 4 saylı ərazi idarəsindən və Abşeron rayon Mehdibad Bələdiyyəsindən verilmiş cavab məktublarına əsasən mübahisə predmeti olan ərazinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, 12.02.2020-ci il tarixli icra vərəqəsi üzrə mübahisə predmeti olan ərazinin dəqiq ünvanının və koordinatlarının qeyd olunması və icra sənədinə müvafiq izahın verilməsi barədə ərizə ilə 21.01.2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 8(105)-45/2021 saylı, 05.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardadda qeyd olunur ki, sxemdə ərazinin elektron sistem əsasında koordinatları göstərilməsə də, orada göstərilmiş mövcud obyektlərə əsasən mübahisəli qurğunun dəqiq yeri məlumdur. Mübahisəli ərazinin (torpağın) dəqiq koordinatları və torpağa dair mülkiyyəti təsdiq edən sənəd olmadığı halda icra məmuru tərəfindən hansısa obyektlər əsasında icra hərəkətlərin aparılması qanunvericiliyə uyğun deyil, çünki bu hal üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Aparılmış bütün icra tədbirləri nəticəsində mübahisəli ərazinin dəqiq koordinatlarım müəyyən etmək mümkün olmadığından icra sənədi “İcra haqqında “ Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra məmurunun 19.03.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərar iş üzrə tərəflərə də rəsmi olaraq göndərilmişdir. Məhkəmə qərarının yerli icra qurumu tərəfindən icra olunmamasına dair vətəndaşlar Ramin İmranov və Firudin Məmmədovun 30.03.2021-ci il tarixdə Ədliyyə Naziriliyində keçirilmiş videoqəbul zamanı etdikləri müraciətin araşdırılması məqsədilə müvafiq komissiyanın təşkil olunması İcra Baş İdarəsi tərəfindən tapşırılmışdır. Tapşırığın icrası ilə bağlı 14.04.2021-ci il tarixli qərarla komissiyanın təşkil edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı,12.02.2020-ci il tarixli icra sənədi üzrə mübahisəli ərazini (torpaq sahəsinin) dəqiq koordinatlarını müəyyən etmək üçün və həmin əraziyə baxış keçiirlməsi məqsədilə 16.04.2021-ci il tarixə Abşeron Rayon İcra Hakimiyyətindən və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən, həmçinin Abşeron rayonu, Mehdiabad Bələdiyyəsindən mütəxəssis dəvət olunmuşdur. Əraziyə təkrar baxış zamanı Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2080/2019 saylı, 12.02.2020-ci il tarixli icra sənədi üzrə mübahisəli ərazinin (torpaq sahəsinin) koordinatlarını müəyyən etmək mümkün olmamaışdır. Beləliklə, yuxanda göstərilənlərə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, 12.02.2020-ci il tarixli icra sənədi üzrə mübahisəli ərazinin (torpaq sahəsinin) koordinatlarını müəyyən etmək mümkün olmamış və sözügedən hal aktlaşdınlmışdır. Bundan başqa, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçı “X4 Şəbəkəsi” MMC tərəfindən cavabdeh Tələbkar qarşı “qeyri-qanuni inşa olunmuş tikilinin sökülməsi tələbinə” dair müvafiq iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsinə yenidən izah verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, 12.02.2020-ci il tarixli icra vərəqəsi üzrə mübahisə predimeti olan ərazinin dəqiq ünvanının və koordinatlarının qeyd olunması və qeyd olunan qətnaməyə müvafiq izahın verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 ərizəsini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə Tələbkar ərizənin əsassız olduğunu, bunun qətnamənin icra edilməsinin süni şəkildə uzadılması məqsədilə edildiyini bildirdi və ərizənin rədd olunmasını xahiş etdi. O, bildirdi ki, hazırki halda məhkəmə qətnaməsinə izah verilməsi üçün heç bir zərurət yoxdur, belə ki, sökülməsi tələb olunan obyektlə bağlı uzun müdətdir ki, icra sənədi üzrə Borclu ilə aralarında mübahisə gedir, hamı, o cümlədən icra məmuru sökülməli obyektin ünvanını dəqiq bilir. Borclu həmin obyektlə bağlı heç bir sənədi yoxdur. Lakin icra məmuru bunu gözəl bilə-bilə borcludan sənəd tələb etmək əvəzinə onlardan sənəd tələb edir. Onların sənədi Abşeron RİH-in qərarı və AR Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsidir. İcra sənədinin vaxtında icra olunmamasında təqsirkar icra məmurudur. Apelyasiya baxışı zamanı məhkəmə iclasında icra sənədi üzrə Borclu bildirdi ki, əslində mübahisəli ərazidə hər hansı qaraj mövcud deyildir. Buna görə də qərarın icra edilməsindən artıq söhbət gedə bilməz və ərizə rədd olunmalıdır. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə tərəflər arasındakı mübahisə ilə bağlı 8(105)-45/2021saylı materialı tələb etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və qətnaməyə izah barədə ərizəni, habelə 8(105)-45/2021saylı materialı nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasəni işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun ərizəsində mübahisəli ərazinin dəqiq ünvanının və koordinatlarının məhkəmə tərəfindən qeyd edilməməsinə istinad edilməsi və icra sənədinin guya bu əsaslarla icra edilməsinin mümkünsüzlüyü barədə dəlil əsassızdır. 8(105)-45/2021 saylı materialıda olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29.12.2017-ci il tarixli, 255 №-li sərəncamından görünür ki, Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.0080 ha torpaq sahəsində bir mərtəbəli (79,50 m2) qeyriyaşayış obyektinin tikintisinə icazə verilmişdir. Yenə həmin materialda olan Abşeron Rayon İcra Hakimiyyətinin Tikinti obyektinin istismarına icazə barədə 038 nömrəli, 15 mart 2018-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, tikinti obyektinin sifarişçisi Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0080 ha torpaq sahəsində, tikinti altı sahə 64,2 m2, ümumi tikinti sahəsi 57,7m2 ibarət qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Yenə də həmin materialda olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə ünvanlamış 10 avqust 2016-cı il tarixli məktubdan görünür ki, Mehdiabad qəsəbəsi ərazisində "xxxx" yaşayış kompleksinin yerləşdiyi ərazidə mövcud 79,50 m2 qeyri-yaşayış obyektindən məişət xidməti kimi istifadə edilməsinə etiraz olunmur. Həmin material üzrə də məhkəmə kollegiyası qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29.12.2017-ci il tarixli, 255 saylı sərəncamı ilə Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.0080 ha torpaq sahəsində bir mərtəbəli (79,50 m2) qeyri-yaşayış obyektinin planı "xxxx" MMC tərəfindən tərtib edilmiş və Abşeron RİH Memarlıq və Tikinti Şöbəsilə razılaşdırılmışdır. Sxemdə ərazinin elektron sistem əsasında dəqiq koordinatları göstərilməsə də, orada göstərilmiş mövcud obyektlərə əsasən mübahisəli qurğunun dəqiq yeri məlumdur. Ən əsası isə, işdən görünür ki, tərəflər arasında mübahisənin predmetini sökülməsi tələb edilən, cavabdeh tərəfindən özbaşına qoyulmuş qurğu (qaraj) təşkil edir. Bununla bağlı tərəflər arasında uzun müddət mübahisə getmişdir. Başqa sözlə, sökülməsi tələb edilən qurğu (qarj), onun dəqiq yeri bəlli olduğu kimi, həmin qurğunun sökülməsi vəzifəsi üzərinə qoyulmuş şəxs-icra sənədi üzrə borclu da bəllidir. İşin faktiki hallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. Halbuki, 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Hazırda isə icra məmurunun mübahisəli ərazinin dəqiq koordinatlarını tələb etməsi və bu əsasla qətnaməyə izah istəməsi məhkəmə kollegiyasının qənaətinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin operativ və qanunla müəyyən edilmiş qaydada icra edilməsinin yubadılmasına yönəlmişdir. Bu barədə lazımi göstərişlər icra məmurunun izahla bağlı daha öncəki ərizəsi həll edilərkən verilsə də, nəticəsi olmamış, icra məmuru eyni məzmunlu ərizə ilə yenidən məhkəmə kollegiyasına müraciət etmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq məhkəmə qətnaməsi aydın, birmənalı çıxarılmışdır və qətnamənin nəticə hissəsində izaha ehtiyac olan hər hansı bir ifadə işlədilməmişdir. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət yoxdur. Şərh olunanlara əsasən və MPM-nin 230, 263-269, 365 və 398-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, 31.05.2019-cu il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar