Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-166/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, borclu Niftəliyeva Gülşən Nemət qızının iştirakı ilə, borclu Niftəliyeva Gülşən Nemət qızının Sumqayıt Şəhər Məhkəməsinin 20.11.2020-cı il tarixli, 2(060)-5452/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-219/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadından tələbkar "xxxx" KB ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-5452/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Niftəliyeva Gülşən Nemət qızından 2803,81 (iki min səkkiz yüz üç manat səksən bir qəpik) manat əsas borc, 25,26 (iyirmi beş manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2829,07 (iki min səkkiz yüz iyirmi doqquz manat yeddi qəpik) məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda borclu Niftəliyeva Gülşən Nemət qızı Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-5452/2020 saylı qətnaməsinin ayda 30-35 manat olmaqla hissə-hissə icra edilməsi barədəərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-219/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadı ilə borclu Niftəliyeva Gülşən Nemət qızının ərizəsi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-5452/2020 saylı qətnaməsinin borclu Niftəliyeva Gülşən Nemət qızı tərəfindən ayda 100 (yüz) manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır (hakim G.C.Tanrıvediyeva). Qərardaddan tələbkar "xxxx" Kommersiya Bankı ASC tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-219/2021 saylı, 29.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında borclu Niftəliyeva Gülşən Nemət qızı şikayəti qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-219/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadının dəyişdirilməən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi,eləcə də icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20.11.2020-cı il tarixli, 2(060)-5452/2020 saylı qətnaməsinin hissə-hissə ödənilməsi barədə borclu Niftəliyeva Gülşən Nemət qızı tərəfindən verilmiş ərizə təmin edilməməlidir. İş materiallarından görünür ki, borclu Niftəliyeva Gülşən Nemət qızı ərizəsini onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)- 5452/2020 saylı qətnaməsinə əsasən ondan 2803,81 manatəsas borc, 25,26 manat faiz borcu olmaqla, ümumilikdə 2829,07 məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icra edilməsi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinə getmiş, hətta 22.04.2021-ci il tarixdə "xxxx" Kommersiya Bankı ASC-nin razılığı ilə 130 manat da ödəmişdir. O, təqaüdçüdür, maddi vəziyyəti o qədər də yaxşı deyil. “Covid-19” xəstəliyi ilə əlaqədar tətbiq edilmiş pandemiya şəraitində onun maddi vəziyyəti daha da ağırlaşmışdır. Bununla əlaqədar olaraq banka onna borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Qeyd etdiklərinə əsasən məhkəmə qətnaməsində nəzərdə tutulan məbləğin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi borclunun məhkəmə qətnaməsinin hissə-hissə, hər ay 100 manat olmaqla icrasına dair ərizəsində qeyd edilənləri nəzərə alaraq və AR Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini tətbiq edərək ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “İcra haqqında" Qanunun 15-ci maddəsinə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericiliyin tələbindən də görünür ki, qətnaməni hissə-hissə icra edilməsinin əsas şərti tərəfin əmlak vəziyyətinin qətnamənin eyni vaxtda və tam icrasına imkan verməməsidir. Belə olan halda qətnaməni hissə-hissə icra edilməsini xahiş edən borclu əmlak və ya maddi vəziyyətinin aşağı olmasını sübut etməlidir. Hazırki işdə də borclu G.Niftəliyeva məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə əsas kimi maddi vəziyyətinin ağır olmasını göstərsə də buna dair hər hansı sübutu ərizəsinə əlvə etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bundan başqa məhkəmə qətnaməsi ilə qət edilmiş 2897,07 manat borcun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi məhkəmə qərarının təxminən 29 ay (2 il 5 ay) ərzində icra edilməsi deməkdir ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını heçə endirir, tələbkarı məhkəmə qərarından gözləyə biləcəklərindən məhrum edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin borclunun təklif etdiyi məbləğdə hissə-hissə icra edilməsi tələbkarın mənafeyinə ziddir. Bu baxımdan məhkəmə qərarının hissə-hissə icrası barədə borclunun ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ bəndlərinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-219/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20.11.2020-cı il tarixli, 2(060)- 5452/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Niftəliyeva Gülşən Nemət qızının ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Tələbkar "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-219/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20.11.2020-cı il tarixli, 2(060)-5452/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Niftəliyeva Gülşən Nemət qızının ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-166/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-166/2021
26.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver