Məhkəmə qərarları › İş №8(105)-167/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-167/2025

22.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-167/2025 22.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, qətnamənin hissə-hissə icra edilməsinə dair ərizənin təmin olunmaması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 5615,70 manat borc, 60 manat mediyasiya xərci, 100 manat hüquqi xidmət göstərilməsinə görə xərc və 76,60 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 5852,30 manat məbləğdə pul vəsaitinin ondan tutulmasının hər ay 200-250 manat olmaqla hissə-hissə icra edilməsinə dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu, yəni ondan 5615,70 manat borc, 60 manat mediyasiya xərci, 100 manat hüquqi xidmət göstərilməsinə görə xərc və 76,60 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 5852,30 manat məbləğdə pul vəsaitinin iddiaçı Tələbkar xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Digər tərəfdən, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə onun X5 ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqların ananın yannında qalması və ondan hər uşağa görə hər ay 240 manat olmaqla, ümumilikdə 480 manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Lakin bir müddət keçdikdən sonra Aytən Məmmədova və valideynləri “480 manat uşaqların saxlanmasına çatmır” deyə onu məhkəməyə gətirdib 8 sutka həbs elətdirdilər ki, uşaqlara 480 manat deyil, 600 manat ödəsə, ondan əl çəkəcəklər. O da məcbur qalıb Sumqayıt İcra şöbəsinə gələrək ərizə yazmışdır ki, hər ay 600 manat aliment ödəyəcək və hal-hazırda da 600 manat ödəyir (bununla bağlı ərizəni və qəbzləri təqdim edir). Bundan başqa, kirayədə yaşayır. Hər ay 350 manat kirayə haqqı, həmçinin 50 manat kommunal xərci ödəyir (bununla bağlı da qəbzi təqdim edir). Üstəlik, anası da ağır xəstədir. Ona da baxır. Özü də rəsmi olaraq heç bir yerdə işləmir. Elə bir əmlakı və ya təsərrüfatı, mal-qarası yoxdur. Sumqayıt şəhərində kirayədə yaşayır. Məhz bu səbəblərdən iddiaçıya borclu olduğu pulu birdəfəlik olaraq ödəmək iqtidarında deyildir. Əgər məhkəmə ondan Tələbkar MMC-yə olan borcunun hissə-hissə tutulması barədə qərar çıxararsa, onda o hər ay birtəhər pul tapıb, hissə-hissə iddiaçıya verər və bununla da iddiaçıya olan borcunu hissə-hissə ödəyər. Qətnaməni icra etməyi həm maddi, həm də fiziki olaraq çatdıra bilmir. Ona görə də hazırkı borcun hissəhissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadı ilə Borclu “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan Borclu 12 iyul 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək, Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadının ləğv edilməsini, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadı ilə Borclu həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadından şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Borclu şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəni təmin etməməklə bağlı qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində təsbit olunan “ədalətli məhkəmə baxışına olan hüquq” həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı” iş üzrə). Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyi analoji qaydada hazırkı (qətnamənin hissə-hissə icrası barədə) ərizəyə tətbiq edərək hesab etmişdir ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini hissə-hissə icra etməsi tələbkarın pozulmuş hüquqlarının real müdafiəsi müddətini hədsiz uzada, tələbkarın hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, Borclu sözügedən qətnaməni ayda 200-250 manat olmaqla icra edə biləcəyini bildirmişdir. Bu təqdirdə isə qətnamə təxminən 2 (iki) ilə yaxın müddətdə icra olunacaqdır ki, bu da iddiaçının məhkəmə müdafiəsi hüququnun ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqlarının bərpasının yubanmasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxaracaqdır... Bundan başqa, icra sənədinin 20 fevral 2025-ci il tarixində verilməsinə baxmayaraq, cavabdeh tərəfindən hal-hazıradək həmin icra sənədi üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bununla da o, icra sənədini icra etmək niyyətində olduğunu nümayiş etdirən heç bir hərəkət etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və belə nəticəyə gəlməsini əsaslandırdığı dəlillərlə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; - 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır; - 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İstinad edilən qanunvericilik normalarından da göründüyü kimi, borcluya qətnamənin hissə-hissə icrası üçün şərait yaradılması tələbkarın qanuni mənafeyinin pozulması hesabına olmamalıdır. Borclu ərizəsinə birinci instansiya məhkəməsində baxılarkən Tələbkar MMC-nin nümayəndəsi qətnamənin hissə-hissə icra edilməsinə dair borclunun ərizəsinin təmin olunmasına etiraz etmiş, həmin ərizə ilə müraciətin əslində borclunun qətnaməni icra etməkdən yayınmaq cəhdi olduğunu, qətnamə qəbul olunduğu vaxtdan borclunun hər hansı məbləğdə ödəniş etməyə təşəbbüs göstərmədiyini bildirmişdir... Nəzərə alınmalıdır ki, tələbkar hüquqi şəxs biznes fəaliyyəti ilə məşğul olur və borclunun ödəməli olduğu məbləğ tələbkarın mal-pul dövriyyəsinə vurduğu ziyanla bağlıdır. Həmin məbləğin tez ödənilməsi tələbkarın daha uğurlu fəaliyyəti üçün əhəmiyyətlidir. Bu baxımdan borclunun əslində birdəfəyə ödəməli olduğu məbləği təxminən 2 il ərzində hissə-hissə ödəməsinə imkan verilməsi tələbkara əlavə zərər dəyməsinə səbəb olacaqdır... Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, borclu özünün maddi vəziyyəti ilə bağlı verdiyi məlumatlarda kifayət qədər səmimi deyildir. O, qətnamənin hissəhissə icra edilməsinə dair ərizəsində heç yerdə işləmədiyini, gəlir mənbəyinin olmadığını qeyd etdiyi halda, tələbkar elektron sistem vasitəsilə məhkəməyə onun əyləncə-istirahət görüntüləri ilə bağlı fotoşəkillər təqdim edəndən sonra, ölkəyə qonaq gələn xarici turistlərə taksi xidmətləri göstərməklə məşğul olduğunu və telefonda statusuna onlarla birlikdə olduğu yerlərdən görüntülər yerləşdirdiyini etiraf etmişdir. Bu da Borclu öz qazancı və maddi vəziyyəti barədə məhkəməyə verdiyi məlumatların obyektivliyindən şübhələnməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallardan belə nəticəyə gəlir ki, Borclu qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsini təmin etməyə əsas verən müstəsna xarakterli səbəblər mövcud deyildir. Borcludan sözügedən qətnamə üzrə tutulmalı olan pul vəsaiti onun ödəmək imkanı çatmayacaq dərəcədə böyük məbləğ təşkil etmir. Ona görə də borcluya qətnamənin hissə-hissə icra edilməsi imkanının verilməsinə zərurət görünmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadı qanuni və əsaslıdır. İcra sənədi üzrə Borclu verdiyi şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə əsas vermir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə üzrə qərardadından verilmiş şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin “qətnamənin hissə-hissə icra edilməsinə dair ərizənin təmin olunmaması barədə” xx.xx.2025-ci il tarixli, 8(060)-663/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar