Məhkəmə qərarları › İş №8(105)-168/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-168/2021

03.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-168/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Tələbkar iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli, 8(060)-243/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ilə (hakim R.Qoşqarlı) Sumqayıt şəhər məhkəməsi tərəfindən 2(060)-105/2021 saylı iş üzrə verilmiş 08.02.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Zeynəb Məstəliyevanın təqdimatı təmin edilməməsi qərara alınmışdır. Tələbkar qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)-105/2021 saylı iş üzrə 08.02.2021-ci il tarixli icra sənədi üzrə Borclu oğlundan 13246 (on üç min iki yüz qırx altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Zeynəb Məstəliyevanın təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsi tərəfindən 2(060)-105/2021 saylı iş üzrə verilmiş 08.02.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu oğlunun adına pul vəsaitləri və hər hansı qiymətli əşya tərflərindən aşkar olunmamışdır. Borclunun məlumat vərəqəsinə əsasən Borclu oğluna məxsus **********50 qeydiyyat nömrəli torpaq sahəsinin olduğu məlum olmuşdur. Borclu oğlunun mülkiyyətində olan **********50 qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat üzrə məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar Sumqayıt şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, Borclu oğlunun adına olan torpaq sahəsinin üzərinə də həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə təqdimatın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı tamamilə qanunsuz və əsassızdır. Mülki qanunvericiliyin tələbinə əməl edilməmiş, borclunun qərəzli şəkildə icra sənədini icra etməməsi nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Tələbkar şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə borcluya və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli və onunla bağlı 25 iyun 2021-ci il tarixli qərardadları ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsini təqdimata həbsin qoyulmasını xahiş etdiyi torpaq sahəsinin borclunun yeganə yaşayış sahəsi olmaması və borclunun digər yaşayış sahəsinin olmasına dair sübut əlavə olunmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu oğlunun mülkiyyətində olan **********50 qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi təqdimatı təmin etməmişdir. Bu nəticədən narazı qalan Tələbkar qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsini, qərardadın ləğv edilərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır (İcra haqqında Qanunun 44.1.1., 44.1.2. və 44.1.3. maddələri). Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. (İcra haqqında Qanunun 45.1., 45.2., 45.3., 45.4., 45.5. və 45.6. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başalayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Belə ki, ilk öncə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən icra sənədi üzrə toplanmış sənədləri tələb etməmiş, həmin sənədlərin gətirilməsini təmin etməyərək, icra sənədi əsasında toplanmış sənədləri araşdırmamış, icra məmuru tərəfindən icra hərəkətlərinin aparılma ardıcıllığına riayət edib-etməməsini, borclu şəxsin milli və xarici valyutada hər hansı bir vəsaitinin olub-olmaması aydınlaşdırılmadan bilavasitə mülkiyyətində olan əmlaka yönədilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir ki, birinci instansiya məhkəməsi öz növbəsində təqdimatı rədd edərkən qeyd edilən xüsusatları nəzərə almamışdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 saylı qərarının 1-ci bəndinə və “İcra Haqqında” Qanunun 49.2-ci maddəsinə əsaslanaraq təqdimatın təmin edilməməsi qənaətinə gələn məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan qərarda borclunun və ya onun ailəsinin birgə yaşamalrını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələrini, həmçinin onların altında olan həyətyanı torpağa icra olunarkən tələbin yönəldilməsinin yol verilməzliyi nəzərdə tutulmuşdur. Lakin təqdimatda göstərilən torpaq sahəsi isə bağ torpaq sahəsi olmaqla 0,08 hektardan ibarətdir. Məhkəmə isə təqdimatı rədd edərkən işin bu hallarına əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, təqdimata tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli və onunla bağlı 25 iyun 2021ci il tarixli qərardadları ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Sumqayıt şəhər məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar