Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-169/2025 29.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, ərizəçi (tələbkar) Tələbkar, Borclu iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 8(074)-111/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim F.Yaqubov) ərizənin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-90/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-111/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar hazırda ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Borclu onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində indeksasiya edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, qətnamənin qəbul edilməsindən yeddi ildən artıq müddət keçmiş və həmin qətnamə ilə müəyyən olunmuş 130 manat alimentin məbləği indiki zamanda iki uşağı saxlamaq üçün yetərli deyildir. Belə ki, uşaqların maddi, qida və təhsil tələbatları artmışdır. Həmçinin, tələbkar ərizəsini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, iş üzrə yeni qərardad qəbul etməklə tələbkarın ərizəsinin təmin edilməməsini, hər ay hər uşağa 100 (yüz) manat olmaqla, hər ay iki uşağa görə ondan cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasını və buna müvafiq olaraq hər ay hər uşaq üçün ondan tutulacaq alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkədə minimum əmək haqqının 0.25 misli qədər indeksasiya olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.2, 78.2-ci maddələrinin tələbləri nəzərə alınmamış və iki uşaq üçün hər ay 400 manat aliment ödənişi qərarı verməklə, məhkəmə onun aylıq qazancının 80 faizinə yaxın hissəsinin aliment kimi tutulmasını qət etmiş, bu isə qeyri-qanunidir və onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Tələbkar şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmişdir. Ərizənin qismən təmin edilməsini aliment məbləği 2018-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində indeksasiya edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli və onunla bağlı 01 avqust 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-169/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-169/2025
29.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver