Məhkəmə qərarları › İş №8(105)-17/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-17/2025

11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-17/2025 11.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-677/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərardadından X2 Asim oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) X2 Asim oğlunun Sumqayıt şəhər Məhkəməsinin 2(060)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X2 Asim oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərardadı ilə X2 Asim oğlunun Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-677/2024 nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-677/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması, X2 Asim oğlunun Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-677/2024 nömrəli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X2 Asim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və həmin qətnamə ilə qət edilmiş borca görə ondan hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X2 Asim oğlu Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X4 oğlundan 2962,39 (iki min doqquz yüz altmış iki manat otuz doqquz qəpik) manat məbləğində dəymiş ziyan və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və həmin qətnamə ilə qət edilmiş borca görə ondan hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. O, məhkəmə qətnaməsi ilə qət edilmiş borcu ödəməkdən boyu qaçırmayıb və hissə hissə ödəməyə də etiraz etmir. Lakin Sumqayıt şəhər İcra şöbəsi həmin borcu birdəfəlik qaydada ödəməyi ondan tələb edir, etmiş olduğu ödənişləri nəzərə almır. Halbuki məhkəmə qətnaməsi ilə qət edilmiş borcu ödəməkdən boyun qaçırmır və bu gün də həmin borc üzrə ödəmələri hissə-hissə olmaqla ödəməyə hazırdır. O, işləmir, himayəsində 2 azyaşlı övladı vardır, heç yerdən gəliri yoxdur, lakin buna baxmayaraq həmin ödəmələri hər ay 100 manat olmaqla ödəyə bilər. Qarşı tərəf ərizəyə etiraz etmiş və bildirmişdir ki, o 1500 manat borcun birdəfəlik, qalan borcun isə hər ay 200 manat olmaqla ödənilməsinə etiraz etmir. İşə baxan məhkəmə ərizənin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə onun ağır maddi vəziyyətini, gəlirinin az olmasını, lakin buna baxmayaraq məhkəmə qətnaməsini icra etməkdən yayınmadığını nəzərə almaqla onun ərizəsini təmin etməli olduğu halda bunu etməmiş və onun ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Ərizəni rədd edən məhkəmə bunu belə əsaslandırmışdır ki, borclu borcun ödənilməsindən yayınmış, hazırda borclu qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, bu günə qədər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğindən hər hansı ödəniş həyata keçirməmiş, bununla da məhkəmə qərarının icrasından yayınmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini iddiaçının məhkəmə müdafiəsi hüququnun ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqlarının bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxarması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 2962,39 manat məbləğin hər ay 100 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 29 aydan çox müddət təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 Asim oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli və onunla bağlı 27 dekabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar