Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-170/2021 10.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 8(012)-438/2021 saylı qərardadından borclu B.Ə.İsmayılovanın verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 8(012)-438/2021 saylı qərardadı ilə (hakim E.T.Məmmədov) borclu X3 Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019 cu il tarixli, 2(012)-4322/2019 saylı icra vərəqəsinin icrasına 12 ay möhlət verəliməsi və ya onun icra üsulunun və qaydasını dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Borclu B.Ə.İsmayılova qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 8(012)-438/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(012)-1788/2016 saylı icra qətnaməsinə əsasən cavabdehlər X8, X4, X6 və X5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş və fərdi yaşayış evi yardımçı vastələri ilə birlikdə X7 faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Hazırda himayəsində az yaşlı uşaqlarının olmasını, heç bir yerdə işləmədiyini, qalmağa evi olmadığını, həyat yoldaşı İsmayılov Bayramın açıq ürək əməliyyatı keçirməsini və həmin mübahisəli yaşayış evinin Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən qiymətləndirilməsi barədə müvafiq dövlət qurumlarına hər hansı müraciətin olunmamasını, borcun bir qisminin qaytarılmasını nəzərə alaraq ev əldə edənə kimi Abşeron Rayon Məhkəməsinin 15 noaybr 2019-cu il tarixli, 2(012)-4322/2019 saylı icra vərəqəsinin icrasına 12 (on iki) ay möhlət verilməsi və icra üsulunun və qaydasının dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Borclu B.Ə.İsmayılova verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 02 iyun 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, icra vərəqəsinin icrasına 12 ay möhlət verəliməsi və ya onun icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamənin icrasına 12 ay möhlət verəliməsi və ya onun icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəni təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, 15 noyabr 2019 cu il tarixli, 2(012)-4322/2019 saylı icra vərəqəsinin icrasına möhlət verilməsi barədə borclunun ərizədə göstərdikləri əsaslar ərizənin təmin olunmasına əsas vermir və nəzərə alınmalıdır ki, ərizə təmin olunarsa tələbkarın qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnir. Sözügedən qətnamənin qəbul edilməsindən və icra vərəqəsinin verilməsindən kifayəq qədər uzun müddət keçməsinə baxmayaraq halhazıradək tələbkarın pozulmuş hüquqları real bərpa olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Borclu şikayətin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və ərizəsinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019 cu il tarixli, 2(012)-4322/2019 saylı icra vərəqəsinin icrasına 12 ay möhlət verəliməsi və ya onun icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu B.Ə.İsmayılovanın verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 8(012)-438/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-170/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-170/2021
10.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver