Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-173/2025 02.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Qobustan Rayon Məhkəməsinin 8(026)-21/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim S.Mayılov) Qobustan rayon İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməsi, icra sənədi üzrə borcun və icra ödənişinin tutulması üçün tələb icra məmurunun qərarına əsasən üzərinə həbs qoyulmuş Borclu “İki Ulduz” firmasının mülkiyyətində olan qeyriyaşayış binası üzərindəki 50 faiz payına yönəldilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərardadı ilə Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 8(026)-21/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 8(026)-21/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Qobustan rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borcun və icra ödənişinin tutulması üçün tələbin icra məmurunun qərarına əsasən üzərinə həbs qoyulmuş Borclu məxsus hissəsində (50 faiz) əmlaka yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və icra şöbəsinin təqdimatının rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qərardadı kobud hüquq pozuntusu ilə qəbul olunaraq, onun hüquq və mənafelərinə xələl gətirilmiş, mülkiyyət hüquqlarına qəsd edilmişdir. Belə ki, saxta bir borc müqaviləsi üzrə Qobustan rayon İcra şöbəsi maraqlı tərəf olaraq, əmlakını satışa çıxararaq çox ucuz qiymətə həmin əmlaka yiyələnmək, pulu isə mənimsəməyə çalışır. Qeyd edir ki, həmin borc müqaviləsi üzrə onun tərəfindən etibarsız əqd kimi iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş, hal-hazırda ölkə hüdudlarında olduğu üçün rəsmi olaraq həmin məhkəmə icraatı ilə bağlı qəbul olunmuş yekun qərar onun tərəfindən əldə olunmamışdır. Odur ki, qəbul olunmuş qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləcəkdir. Qobustan Rayon Məhkəməsi maraqlı tərəf kimi bu hallara riayət etməyərək, icra barədə təqdimatı təmin edərək əmlakının satılması barədə qərar çıxarılmasına nail olmağa çalışmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən aparılmış və reyestrdə 8İ-5905 nömrəsi ilə qeydə alınmış icra qeydinə əsasən verilmiş icra sənədinin borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddət ərzində tam icra olunmaması, bu səbəblə də “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaranması ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025ci il tarixli və onunla bağlı 29 iyul 2025-ci il tarixli qərardadları ləğv edilməli, Qobustan rayon İcra və Probasiya şöbəsinin təqdimatına yenidən baxılması üçün iş Qobustan Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı qeyd olunanlara əsasən qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Qobustan rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borcun və icra ödənişinin tutulması üçün tələbin icra məmurunun qərarına əsasən üzərinə həbs qoyulmuş Borclu məxsus hissəsində (50 faiz) əmlaka yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 36-cı bəndində göstərilmişdir ki, borclunun barəsində çıxarılmış qətnamənin icrası qaydasında tələbin onun ümumi mülkiyyətdəki payına yönəldilməsi fərdi mülkiyyətində olan əşyasına yönəldilməsindən fərqli olaraq, kreditorun tələbi üzrə iddia icraatı qaydasında həll edilməli məsələ olmaqla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 53-cü maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası çərçivəsində həyata keçirilə bilməz. Göründüyü kimi hazırkı məsələyə icra çərçivəsində deyil, iddia icraatı qaydasında həll edilməli məsələ olduğundan, təqdimatı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli və onunla bağlı 29 iyul 2025-ci il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Qobustan rayon İcra və Probasiya şöbəsinin təqdimatına yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli və onunla bağlı 29 iyul 2025ci il tarixli qərardadları ləğv edilsin. Qobustan rayon İcra və Probasiya şöbəsinin təqdimatına yenidən baxılması üçün iş Qobustan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-173/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-173/2025
02.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver