Məhkəmə qərarları › İş №8(105)-175/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-175/2021

12.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-175/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Borclu: Borclu iştirakı ilə, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 07/04/-18 saylı 31 may 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatı üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) təqdimatın təmin edilməsi, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 07/04/- 18 saylı 31 may 2020-ci il tarixli icra sənədinin təmin etmək məqsədi ilə Borclu Məmmədoviçə məxsus «X5 Prado minik» markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 07/04/-18 saylı 31 may 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Məmmədoviçdən əmlak və torpaq vergisinin ödənilməsi üçün Abşeron rayon Xırdalan Bələdiyyəsinin hesabına 10399,2 manat ödənilməsi qərara alınmışdır. 04 may 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru H.Nəcəfovun borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 07/04/-18 saylı 31 may 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borcludən əmlak və torpaq vergisinin ödənilməsi üçün Abşeron rayon Xırdalan Bələdiyyəsinin hesabına 10399,2 manat ödənilməsi qərara alınmışdır. İcra sənədi 13 iyul 2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çagırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çagırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkar təşkilatın haqlı narazılıgına səbəb olmuşdur. İcra sənədinin icrasıyla əlaqədar olaraq aparılan araşdırmalar nəticəsində Borclu məxsus «X6 Prado minik» markalı ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yerini müəyyən etmək mümkün olmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu şikayəti onunla əsaslandırmışdır ki, onun Abşeron rayon Xırdalan Bələdiyyəsinə əmlak və torpaq vergisi üzrə borcu yoxdur. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Abşeron rayon Xırdalan Bələdiyyəsi ona təqdim etdiyi arayışda onun borcunun 1915 manat olduğunu bildirmişdir. Məhkəmənin qərardadında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, məhkəmə tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 8(012)-399/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu şikayətin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunması barədə yeni qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə tələbkarın nümayəndəsi və təqdimat verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qrarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbi borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadagan olunmasından, zəruri hallarda isə əmlakın istifadə hüququnun məhdudlaşdırmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işi bağlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə onun əmlak vəziyyəti araşdırılmışdır. Belə ki, iş materiallarında olan 93063/2020-27-13 nömrəli icra işinin əmlaka dair kompüter çıxarışdan görünür ki, Borclu adına “X5 Prado minik” markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, borclu məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir (i.v.18). Bunu proses zamanı borclu özü də təstiq etdi. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda Xırdalan Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 07/04-18 saylı qərarı qüvvədədir və orada olan borc 10.399,2 manat qeyd edilmişdir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu Məmmədoviçin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 07 iyun 2021-ci il tarixli 8(012)-399/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar