Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-175/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-859/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qərardadından X3 Rüstəm qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim A.Behbudova) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X3 Rüstəm qızının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X3 Rüstəm qızı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim P.İmamverdiyeva) X3 Rüstəm qızının Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-859/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X3 Rüstəm qızı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və həmin qətnamə ilə qət edilmiş borca görə ondan hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X3 Rüstəm qızı Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və borclular Həsənova Yeganə Rüstəm qızından və Cavabdeh birgə qaydada 11700 manat pulun tutularaq tələbkarlar Tələbkar1 və Tələbkar2 verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 366/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ona aid hissədə öhdəliyin hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda icra məmuru ondan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi ürə borcun tam şəkildə ödənilməsini tələb edir. Himayəsində 6 aylıq övladının olmasını və digər borclu Cavabdeh ona ödədiyi 300 manat aliment məbləğindən əlavə heç bir qazancı mövcud deyil. Himayəsində 6 aylıq övladı olduğuna görə də əmək fəaliyyəti ilə məşğul ola bilmir. Yalnız yeganə qazancı borclu Cavabdeh ona ödədiyi 300 manat məbləğində alimentdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-366/2025 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə üzərinə düşən öhdəliyin hissə-hissə icra olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi yeganə qazancı borclu Cavabdeh ona ödədiyi 300 manat məbləğində aliment olduğundan və himayəsində 6 aylıq övladı olduğuna görə başqa qazancın əldə edilməsi qeyri-mümkündür. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlara hüquqi qiymət verməyərək əsassız olaraq ərizənin təmin edilməsindən imtina etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini borclu tərəfindən hissəhissə ödəmə aparmaqla qətnamənin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarların dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını nəzərə alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 11700 manat məbləğin hər ay 200 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 58 aydan çox müddət təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 Rüstəm qızının şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli və onunla bağlı 06 avqust 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-175/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-175/2025
04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver