Məhkəmə qərarları › İş №8(105)-176/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-176/2025

02.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-176/2025 02.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Tələbkar Borclu Ariz oğluna qarşı alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-676/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Tələbkar ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4018/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Ariz oğlundan onun xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4018/2019 saylı qətnaməsi ilə onun Borclu Ariz oğluna qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilməklə ondan xx.xx.2016-cı il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-676/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 sentyabr 2016-cı il təvəllüdlü X1 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 sentyabr 2019-cu il tarixdən 180 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli qətnamə ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi (160:180=0,88) nəzərə alınmaqla hesablanmalıdır. Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-676/2025 saylı, 04 iyul 2025-ci il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-676/2025 saylı qərardadının ləğv edilməsini, onun real gəlir səviyyəsinə və ailə vəziyyətinə uyğun olaraq aliment məbləğinin azaldılması, alternativ olaraq, alimentin sabit məbləğdə deyil, rəsmi gəlirindən müəyyən faiz nisbətində (məsələn, 1/4 və ya digər uyğun faiz həddində) tutulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli məbləğində aliment ödənilməsi qərara alınmışdır. Lakin göstərilən aliment məbləği müəyyən edilərkən onun real maliyyə vəziyyəti – yəni gəlirlərinin qeyri-sabitliyi və aşağı olması, eləcə də ailə və sosial vəziyyəti yetərincə nəzərə alınmamışdır. Bu səbəbdən mübahisənin predmeti qətnamədə müəyyən edilmiş aliment məbləğinin azaldılması və ya sabit məbləğ əsasında deyil, rəsmi gəlirindən faiz nisbətində müəyyənləşdirilməsi zərurətidir. Qərardad onun faktiki maliyyə imkanları və sosial vəziyyəti nəzərə alınmadan çıxarılmışdır. Təqdim etdiyi əmək haqqı çıxarışlarından da göründüyü kimi gəlirləri qeyri-sabit və dəyişkəndir. Bəzi aylarda gəliri minimum səviyyəyə qədər enir ki, bu da onun ailəni dolandırmaq və şəxsi ehtiyaclarını qarşılamaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Hazırda üzərində olan digər öhdəliklər, gündəlik yaşayış xərcləri və ailə vəziyyəti bu həcmdə alimentin ödənilməsini son dərəcə çətinləşdirir. Bu öhdəliyin icrası mövcud həyat şəraitinə real təhlükə yaradır. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2 və 110.1-ci maddələrinə əsasən alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, həmçinin digər mühüm hallar nəzərə alınmalıdır. Qanunvericilik aliment öhdəliklərinin real və mütənasib şəkildə müəyyənləşdirilməsini nəzərdə tutur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-676/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-676/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 4018/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12208/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Borclu Ariz oğlundan 11 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 867687 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 sentyabr 2016-cı il tarixdə anadan olmuşdur. Atası Borclu Ariz oğlu, anası isə Tələbkardır. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 sentyabr 2019-cu il tarixdən 180 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4018/2019 saylı qətnaməsi ilə alimentin məbləği 160 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 180 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,88 (160:180=0,88) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 676/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 160 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 0,88 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-676/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar