Məhkəmə qərarları › İş №8(105)-177/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-177/2025

10.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-177/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin olunmasına dair” xx.xx.2025-ci il tarixli, 8(031)-112/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(031)-84/2023 nömrəli qərardadı ilə Borclu məxsus “Mercedes Benz 210D Mikroavtobus” markalı, **-XJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(031)-84/2023 nömrəli qərardadının ləğv edilməsini və “Mercedes Benz 210D Mikroavtobus” markalı, **-XJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, əmlakının üzərinə həbs qoyulandan sonra təxminən 1 il olar ki, "xxxx" MMC-yə işə düzəlmişdir. Gündəlik əmək haqqı 63 manat təşkil edir. O, işə düzələndən bütün borclarını ödəmişdir. Yalnız Tələbkar MMC-yə olan 1382.41 manat borcu digər borclarını ödəməsi ilə əlaqədar ödənilməmiş qalmışdır. Həmin borcu da tezliklə ödəyəcəkdir. O, hər ay gəlirindən 50 faiz tutularaq tələbkarın hesabına ödənilməsini xahiş etmişdir. Bu barədə Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən “BakuBus" MMC-yə və Tələbkar MMC-yə borclunun gəlirindən tutulma ilə bağlı xx.xx.2025-ci il tarixli müraciət ünvanlanmışdır. Göründüyü kimi, Tələbkar MMC-yə olan 1382.41 manat borcunun ödənilməsi qarşılıqlı razılıqla öz müsbət həllini tapmış, digər borcları isə tamamilə ödənilmişdir. Hal-hazırda avtomobilin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmışdır. Ona görə də, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-112/2025 nömrəli qərardadı ilə Borclu ərizəsi təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(031)-84/2023 nömrəli qərardadının ləğv edilməsi, Borclu məxsus “Mercedes Benz 210D Mikroavtobus” markalı, **-XJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara almışdır (hakim Ayaz Məmmədov). Tələbkar MMC şikayətlə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-112/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad tamamilə əsassızdır. Belə ki, Borclu öz ərizəsində qeyd etmişdir ki, əmlakının üzərinə həbs qoyulandan təxminən 1 il sonra işə düzəlmiş, işə düzəldikdən sonra bütün borclarını ödəmiş, lakin Tələbkar MMC-yə olan 1382.41 manat borc digər borclarını ödəməsi ilə əlaqədar ödənilməmiş qalmışdır. Həmin borcu tezliklə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, borclu izahatında səsləndirdiyi ifadələr formal xarakter daşıyır. Borcun əmək haqqı hesabına yönəlməsi konkret sübut kimi qiymətləndirilə bilməz. Çünki ötən müddət ərzində nə icra şöbəsinin depozit hesabından, nə də ki, borclunun işlədiyi qurumdan qeyd edilən icra işi ilə bağlı tələbkara heç bir vəsait daxil olmamışdır. Borcluya məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi və bunun nəticəsində həmin əmlakın borclu tərəfindən satılaraq realizə edilməsi mövcud icra işinin icrasının süni şəkildə əngəllənməsinə gətirib çıxarmış olacaqdır. Aydın məsələdir ki, borclunun hazırkı iş yerində hansı müddətədək çalışacağı, hal-hazırda onun digər borclarının əmək haqqına yönəlməsinin olub-olmaması nə məhkəməyə, nə də tələbkara məlum deyildir. Qeyd edilənlərə əsasən hesab edir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və tələbin qanunla yönəldilə biləcəyi əmlakın üzərinə həbs qoyulması ilə bağlı əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmə isə iş materiallarına əlavə edilmiş sənədləri və Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarını ətraflı araşdırmadan, borclunun verdiyi formal izahata əsaslanmaqla sonda yanlış nəticəyə gəlmişdir. Buna görə də şikayət təmin olunaraq həmin məhkəmə aktı ləğv edilməlidir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-112/2025 nömrəli qərardadı ilə Tələbkar MMC-nin şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Tələbkar MMC-nin şikayəti təmin edilməli və Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-112/2025 nömrəli qərardadı ləğv edilərək, Borclu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İşin tədqiq edilən materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-430/2021 nömrəli icra vərəqəsinə əsasən "xxxx" MMC və Borclu arasında bağlanmış 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilmiş, cavabdeh Borclu həmin müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2021-ci il tarixə 1084.91 manat gecikdirilmiş əsas borc, 165.24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 102.26 manat dəbbə pulu olmaqla, cəmi 1352.41 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(031)-84/2023 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(031)-430/2021 nömrəli icra vərəqəsi və digər icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes BENZ 210D Mikroavtobus” markalı, **-XJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu "xxxx" MMC-də sürücü işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Həmçinin, Borclu mülkiyyətində “Mercedes BENZ 210D Mikroavtobus” markalı, **-XJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsindən başqa, “FORD TRANSİT Mikroavtobus” markalı, **-SK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi də var. Borclu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsində qeyd edir ki, tələbkar "xxxx" MMC ilə aralarında razılığa gəlinmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-430/2021 nömrəli icra vərəqəsinə əsasən mövcud olan borcunu hissə-hissə həmin MMC-yə ödəyəcəkdir. Tələbkar "xxxx" MMC isə verdiyi şikayətdə Borclu ilə aralarıda heç bir razılığın olmadığını göstərmişdir. Digər tərəfdən, işin hallarından görünür ki, Borclu məhkəmənin icra sənədi əsasında ödəməli olduğu cəmi 1352.41 manat məbləğində borcunu 5 il ərzində ödəməməklə əslində məhkəmənin qərarına saymazlıq və məhkəməyə hörmətsizlik nümayiş etdirir. Bu isə inzibati və cinayət məsuliyyətinə səbəb olan davranışdır. Halbuki, Borclu əmək fəaliyyəti və əmlak vəziyyəti barədə məlumatlar onun həmin borcu ödəmək iqtidarında olmamasına dəlalət etmir. Göründüyü kimi, Borclu icra sənədinin icrasına ona güzəşt olunmasına haqq qazandıran münasibət sərgiləməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu ərizəsini təmin edərək ona məxsus “Mercedes BENZ 210D Mikroavtobus” markalı, **-XJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul etməkdə düzgün olmayan nəticəyə gəlmiş, bununla bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də Tələbkar şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və Borclu ona məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin hazırkı qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-112/2025 nömrəli qərardadı ləğv edilsin. Borclu ona məxsus “Mercedes BENZ 210D Mikroavtobus” markalı, **-XJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilsin. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar