Məhkəmə qərarları › İş №8(105)-18/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-18/2021

16.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-18/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)2876/2014 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobil üzərinə həbs qoyulması barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)440/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-2876/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu 4952,26 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət olunmuşdur. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək borcluya məxsus “Kia Rio” minik markalı, 01BL-317 dqn-lı və “Hyundai Elantra” minik markalı, **-FN-*** dqn-lı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)2876/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu 4952,26 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə tərəfindən xx.xx.2020-ci il tarixli bildiriş və icraata başlamaq haqqında qərarın surəti borcluya göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində “Kia Rio” minik markalı, **- BL-*** dqn-lı və “Hyundai Elantra” minik markalı, **-FN-*** dqn-lı avtomobillərin olması müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədində göstərilən tələb dərhal könüllü olaraq təmin edilmədiyi üçün, məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini rəhbər tutaraq, həmin tələbi təmin etmək məqsədilə borclu “Kia Rio” minik markalı, 01BL-317 dqn-lı və “Hyundai Elantra” minik markalı, **-FN-*** dqn-lı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)440/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2876/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Kia Rio” minik markalı, **-BL-*** dqn-lı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır (hakim Habil Əhmədov) Qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsi, “Kia Rio” minik markalı, 01BL-317 dqn-lı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)440/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, “Kia Rio” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailəsini dolandırır. Çünki həmin avtomobil ilə taksi fəaliyyəti göstərir. Avtomobil üzərinə həbs qoyulması onu çıxılmaz vəziyyətə qoymuşdur. “Hyundai Elantra” minik markalı,**-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumiyyətlə ona aid deyil və həmin avtomobili idarə etmir və hazırda da başqa şəxslərə məxsusdur. O, borcuna görə hər ay ödənişlər edir. Maşının üzərində olan həbs götürülərsə onun aylıq gəliri və qazancı artacaq və borcundan tez zamanda çıxacaqdır. Özü şəkərli diabet xəstəsidir, maddi imkansızlıqdan müalicə oluna bilmir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 16 noyabr №-li qərardadının ləğv edilməsi və “Kia Rio” minik markalı, **- BL-*** dqn-lı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər və təqdimatı verən icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)440/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə icra işi başlanılmasını, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilməsini, lakin borclunun borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə onun əmlak vəziyyəti araşdırılmasını, onun mülkiyyətində “Kia Rio” minik markalı, **-BL-*** dqn-lı və “Hyundai Elantra” minik markalı, **-FN-*** dqn-lı avtomobillər aşkar olunmasını, icranı təmin edilməsi məqsədilə 4952,26 manat borca əsasən borclunun 2011-ci buraxılış ili olan “Kia Rio” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilinin yetərli olmasını, borclunun digər əmlakına həbsin qoyulmasına zərurət olmamasını, borc məbləğinin ikinci əmlaka adekvat olmamasını müəyyən edərək təqdimatı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əsasən borclunun tələbkara 4952,26 manat borcu vardır. İş materaillarından görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icra sənədində göstərilmiş tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Borclu mülkiyyətində “Kia Rio” minik markalı, **-BL-*** dqn-lı və “Hyundai Elantra” minik markalı, **-FN-*** dqn-lı avtomobillər aşkar olunmuşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad muvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti uzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. “İcra haqqında” AR Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Göründüyü kimi, qanunun tələbinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun pul vəsaitlərinə yönəldilməlidir. İş materiallarında borclunun hər hansı bankda, kredit təşkilatlarında şəxsi hesabları olması,eləcə də Dövlət Sosial Müdafiə Fondundan hər hansı formada müavinət almasına dair hər hansı məlumat mövcud deyildir. . Məhkəmə kollegiyası hesab edir ki, borcluların adına hər hansı pul vəsaitləri aşkar edilmədiyindən, icra sənədinin icrası üçün borclunun əmlakı üzərinə həbs qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqdimatın digər əmlaka dair təqdimatın təmin edilməməsi barədə gəldiyi nəticəyə qiymət verərəh hesab edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, 4952,26 manat borca görə borclunun 2011-ci buraxılış ili olan “Kia Rio” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulması yetərlidir. Bu səbəbdən ikinci avtomobilə həbs qoyulmasına zərurət yoxdur. Məhkəmə kollegiyası borclu Fuad Nəcəfovun şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, məhkəmə qərardadı ilə ona məxsus avtomobil üzərinə həbs qoyulsa da həmin avtomobilin istifadə və idarə edilməsinə hər hansı qadağa qoyulmamışdır. Bu səbəbdən də borclunun özünə məxsus avtomobilindən sərbəst istifadə etməsinə hər hansı maneə yoxdur. Bu baxımdan məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)440/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar