Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-18/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 tutulmalı olan pul məbləğinin indeksasiya olunmasına dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8353/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu tutulmalı olan pul məbləğinin indeksasiya olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-723/2024 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8353/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 29700 manat məbləğində pul iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
2. X11 tərəfindən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdeh Borclu icra vərəqəsi üzrə olan borcundan bu günə qədər ona 800 manat pul ödəmiş, cavabdeh Borclu ona olan borcundan 2500 manatını 10 gün ərzində və əlavə 2500 manatı 2 ay ərzində ödənilməsinə, yerdə qalan borcu isə hər ay mütəmadi olaraq 300-500 manat ödənilməsinə etirazı yoxdur. Gələcəkdə cavabdeh tərəfindən yuxarıda göstərilən pullar ona ödənilməzsə, qabaqcadan Xəzər rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat verəcəyinə söz vermişdir.
3. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, X3 ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək Borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. X3 ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8353/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu tutulmalı olan 29700 manat pul məbləğinin müvafiq indeksasiyasının həyata keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8353/2018 saylı icra vərəqəsi üzrə Borclu tutularaq X3na ödənilməli olan 29700 manat indeksasiya olunaraq 42203,7 manat həcmində icra olunması haqqında onun iştirakı olmadan qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8353/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdeh Borclu 29700 manat pulun onun xeyrinə tutulması qət edilmişdir. Qətnamə bu günə qədər icra edilməmişdir. 2024-cü il avqust ayında 2018-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 142,1 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 42,1 faiz artmışdır. Beləliklə, indeksasiya tətbiq olunduğu halda borc məbləğinin üzərinə 12503,7 manat gəlməli və borc məbləği 42203,7 manat müəyən edilməlidir.
6. Borclu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ona qarşı olan “tutulmalı olan pul məbləginin indeksasiya edilməsi tələbinə dair” ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
7. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, X9 qeyd olan borcun 2500 manatını 10 gün ərzində, 250 manatını 2 ay müddətində ödənilməsi və qalan pulun mütəmadi olaraq hər ay 300-500 manat ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişdirlər. Bununla bağlı tələbkar Şamil Apayev xx.xx.2020-ci ildə Xəzər Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin razılaşmaya uyğun olaraq ödənişlərini çətin də olsa, vaxtlıvaxtında, mütəmadi olaraq ödəmiş və ödəyir. Lakin tələbkar Şamil Apayev məhkəməyə yazdığı ərizədə indiyədək ona nə qədər pul ödədiyini nəinki qeyd etmir, əksinə guya məhkəmə qətnaməsinin icra edilmədiyini yazır. Halbuki, onun özünün xx.xx.2023-cü il tarixdə Xəzər Rayon İcra və Probasiya Şöbəsinə yazdığı ərizədə 15170 manat ödədiyini, 14530 manat borcun qaldığını qeyd etmişdir. Həmin tarixdən sonra da indiyədək o, Ş.Apayevə hər ay mütəmadi olaraq 350 manat, cəmi 3500 manat pul ödəmişdir. X9 xx.xx.2020-ci il tarixdə aralarında olan razılışmaya uyğun olaraq öhdəliyini tam olaraq yerinə yetirməkdə davam edir. Hazırkı ərizə ilə Ş.Apayevin məhkəməyə müraciət etməsini isə başa düşə bilmir. Onsuz da mütəmadi ödənişi güclə də olsa ödəyir. Əlavə olaraq indeksasiya ilə 12503,7 manat pulu, cəmi 42203,7 manat pulu necə ödəmək olar? Ona görə hesab edir ki, aralarındakı razılaşmaya uyğun olaraq o, öz öhdəliyini mütəmadi olaraq yerinə yetirdiyi üçün ərizə əsassızdır və təmin edilməməlidir.
8. Məhkəmə tərəfindən sözügedən icra sənədi üzrə icra işinin məhkəməyə təqdim edilməsi məqsədilə Xəzər rayon İcra şöbəsinə sorğu göndərilmiş, lakin qeyd olunan icra işi məhkəməyə təqdim edilməmişdir.
9. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, X3 Borclu tərəfindən ona icra sənədi üzrə borcun müəyyən hissəsinin əvvəlcədən ödənilməsi şərtilə qalan məbləğin hər ay 300-500 manat ödənilməsi ilə razılaşmış və bu barədə ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət etmişdir.
10. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Borclu tərəfindən sözügedən icra sənədi üzrə 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr, dekabr, 2023-cü ilin fevral, mart, may, iyul,avqust, oktyabr, dekabr və 2024-cü ilin fevral, aprel, may, avqust, noyabr aylarında müvafiq ödənişlər həyata keçirilmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-723/2024 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Sumqayıt Şəhər Məhkəməsinin 2(060-8353/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə X2 ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.
12. İcra sənədi üzrə X3 qeyd edilən qərardaddan şikayət vermişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-723/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
14. Şikayət onunla əsaslandırılmışdır ki, o, borcluya məcburiyyət qarşısında qətnaməni hissə-hissə icra etməsi üçün şərait yaratmışdır. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində müəyyən edilmiş qətnamənin hissəhissə icra edilməsi barədə məhkəmənin qərardadı yoxdur. Şifahi və ya yazılı razılaşma belə qərardadın olmadığı halda hüquqi əhəmiyyətə malik deyil. Bu səbəbdən də hesab edir ki, borclu qətnaməni vaxtında icra etməməklə onun hüquqlarını pozmuş və borcun indeksləşdirilməsini tələb etmək kimi hüququ yaranmışdır. Həmin hüququnun məhkəmə tərəfindən təmin edilməməsini qanunsuz və əsassız hesab edir. Xahiş edir ki, qərardad ləğv edilsin, yeni qərardadla ərizə təmin edilsin.
b) Şikayətə qarşı etirazın dəlilləri
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
17. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21 Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
24. İşin hallarından görünür ki, X11 Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində cavabdeh Borclu tərəfindən ödənilməli olan 29700 manat məbləğində pulun hissə-hissə, aylıq 300-500 manat ödənilməsinə etirazı olmadığını bilirdiyi halda, borclu tərəfindən ödənişlərin vaxtında icra edilməməsi səbəbindən, 18 dekabr 2023-cü il tarixli ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək Borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazırda icra sənədi üzrə borclunun ödənilməmiş borcu qalmaqdadır və tələbkar borcun indeksasiya olunması tələbi ilə məhkəməyə müraciət etmişdir.
25. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş qəbzlərə istinadən borclu tərəfindən sözügedən icra sənədi üzrə müəyyən məbləğdə ödənişlər edildiyini əsas gətirsə də, şikayətin dəlillərini yoxlamamışdır. Belə ki, borclu tərəfindən ödənişlərin nə qədər gecikdirildiyi, ümumi borcun nə qədər hissəsinin ödənilməmiş qaldığını və mövcud borcun müvafiq indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü araşdırmamışdır.
26. İşə baxan birinci instansiya məhkəməsi icra işini tələb edib mübahisələndirilən məsələlər üzrə araşdırma aparmamış, o cümlədən qərardaddan verilmiş şikayətə baxarkən də şikayətlərin dəlillərini yoxlamamış və qiymət verməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-747/2024 nömrəli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-723/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.