Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-180/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, şikayətin qeyri-mümkünlüyü) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə, Borclunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı əsasında çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasıya Məhkəməsinin 2(103)-3358/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasıya Məhkəməsinin 2(103)-3358/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən xx.xx.2025-ci il tarixdə şikayət verilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
5. Borclunun nümayəndəsi və vəkili qərardad elektron kabinetə yerləşdirilsə də, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən qəbul edilərək qərardadla tanış olunmadığını, tərəfin onunla müqavilə bağladıqdan sonra dərhal şikayət verdiyini bildirmiş, şikayətin mümkün hesab edilməsini xahiş etmişdir.
6. Tələbkarın nümayəndəsi şikayətin borclu tərəfindən müddəti ötürməklə verildiyini qeyd edərək qeyri-mümkün hesab edilməsini xahiş etmişdir.
7. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Belə ki, iş materiallarından göründüyü kimi Borclu tərəfindən şikayət prosessual müddət ötürülməklə verilmişdir.
11. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir.
12. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.
13. Lakin, birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, şikayət prosessual müddət ötürülməklə verildiyi halda buna münasibət bildirmədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
14. Kollegiya qeyd edir ki, sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması, yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
15. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
16. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».
18. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadı xx.xx.2025-ci il tarixdə borclu X1 məxsus elektron kabinetə yerləşdirilmişdir. Buna baxmayaraq, şikayət xx.xx.2025-ci il tarixində verilmişdir. borclu X3 şikayəti qanunvericiliyin müddətlərlə bağlı tələblərinə riayət etməməklə vermiş, həmçinin şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmiş və birinci instansiya məhkəməsi tərəfindən də göstərilən hala qiymət verilməmişdir.
19. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
20. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət Azərbaycan Respublikası MPM-nin tələblərinin yerinə yetirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.