Məhkəmə qərarları › İş №8(105)-181/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-181/2021

06.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-181/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1, tələbkar Nəcəfova (Piriyeva) Könül Cavid qızının nümayəndəsi X5, borclu X6 və vəkili X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(027)-74/2021 saylı qərardadından Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.A.Quliyev tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(027)-74/2021 saylı qərardadı ilə (hakim V.M.Seyidov) tələbkar Nəcəfova (Piriyeva) Könül Cavid qızının şikayəti təmin edilib, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Quba Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(027)-908/2018 saylı icra sənədi üzrə 25.02.2021-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ləğv edilmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.A.Quliyev həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 8(027)-74/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Tələbkar Nəcəfova (Piriyeva) Könül Cavid qızı şikayət ilə məhkəməyə müraciət edib şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 03.05.2018-ci il tarixli, 2(027)-908/2018 saylı icra sənədinə əsasən borclu X2 qızıl-zinət əşyaları və cehiz əmlakı alınaraq ona verilməlidir. Qızıl-zinət əşyaları və cehiz əmlakının böyük qisminin borcludan alınaraq ona verilməsi təmin olunmuş, cehiz əmlaklarından televizor və xörək servizinin verilməsi ilə əlaqədar icra tədbirləri davam etdirilmişdir. Borclunun ona təklif etdiyi televizor və adi xörək servizi, ona məxsus olan eyni adlı əşyalarla uyğun deyildir, həm keyfiyyət, həm də qiymətcə çox aşağıdır. Quba rayon İcra və Probasiya Şöbəsinin 25.02.2021-ci il tarixli qərarını 15 mart 2021-ci il tarixdə poçt vasitəsilə alımışdır. İcra məmuru tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarla razılaşmır. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. İcra sənədi üzrə qeyd olunan əşyaların və ya onların uyğun dəyərinin ödənilməsi üçün tədbirlər davam etdirilməlidir. Ona görə də, Quba rayon İcra Şöbəsinin məmurunun 25 fevral 2021-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.A.Quliyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 12 iyul 2021-ci il tarixli qərardadı qəbul edərkən posessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi televizor və xörək servisi istisna olmaqla, müəyyən olunmuş əşyalar borclu Ə.C.Nəcəfovdan alınaraq tələbkar K.C.Nəcəfovaya (Piriyeva) verilmişdir. Borclu Ə.C.Nəcəfov tərəfindən “Sony” markalı televizor və xörək servisi tələbkara təklif olunsa da, tələbkar tərəfindən qəbul edilməmiş, həmin televizor və xörək servisinin qiyməti müəyyən edilməmişdir. Ona görə də, icra sənədi qismən icra olunmuş və icra səbəbi kimi geri qaytarılmışdır. İcra məmuru olaraq borcluya çatışmayan əşyaların yerinə hər hansı bir əşyanın alınmasını məcbur edə bilməz. Çünki məhkəmə qətnaməsində əşyaların dəyəri, əşyaların markaları, yeni və ya işlənmiş əşyaların alınması barədə heç nə yazılmamışdır. Belə olan halda çatışmayan əşyaların yerində onun təzəsini qiymətini tələb edə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar Nəcəfova (Piriyeva) Könül Cavid qızının nümayəndəsi X5 şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında borclu X6 və vəkili X7 şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuruna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(027)-908/2018 saylı icra sənədində göstərilən televizor və xörək servisi istisna olmaqla digər cehiz əmlakları və qızıl zinət əşyaları iş üzrə borclu X2 alınaraq iş üzrə tələbkar Nəcəfova (Piriyeva) Könül Cavid qızına verilmişdir. X6 tərəfindən onun işlənməmiş, yeni televizorunun əvəzinə işlənmiş “SONY” markalı televizor və xörək servisi əvəzinə başqa sadə xörək servisi təklif etmiş, Nəcəfova (Piriyeva) Könül Cavid qızının etibarnamə üzrə nümayəndəsi X5 təklif olunan televizor və xörək servisinin tələbkara məxsus olmadığı üçün götürməkdən imtina etmiş, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tələbkarın qeyd olunan əmlakları götürməkdən imtina etməsini və həmin əmlakların qiymətinin müəyyən olunmaması əsasına görə icra sənədini qismən icra olunmuş icra sənədi kimi geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1.1, 23.1.2, 23.1.3, 23.1.4 və 23.1.5-ci maddələrinə əsasən tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə və tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə görə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 82.3-cü maddəsinə görə icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 84.1-ci maddəsinə görə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansya məhkəməsi Quba Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(027)-908/2018 saylı icra sənədi üzrə 25.02.2021ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarını ləğv edib, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.A.Quliyevin verdiyi şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 8(027)-74/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Lətifə Məmmədova Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar