Məhkəmə qərarları › İş №8(105)-185/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-185/2025

18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-185/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X14 və X8 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X1 tərəfindən verilmiş icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-335/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İcra sənədi üzrə X1 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmuru Vadim Əliyev və Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylının hərəkətlərinin qanunsuz hesab olunması və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədini icraata qəbul edərək qanuna müvafiq qaydada icra hərəkətlərinin görülməsi öhdəliyinin Maraqlı şəxs1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X6 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2, "xxxx" MMC-nin iştirakçısı X7 və "Magna Trans” MMC-nin iştirakçısı X4 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 15 olduğuna görə icra olunması üçün Maraqlı şəxs1nə yönəldilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 4 ilə yaxın müddət keçməsinə baxmayaraq icra sənədinin icra olunmasından ötrü icra məmuru tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bu 4 ilə yaxın müddət ərzində icra məmuru tərəfindən əsasız bəhanələr gətirməklə müxtəlif vasitələrlə icra sənədinin icrasından yayınmağa çalışmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Məlahət Abbasova) icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədi üzrə X1nun şikayət ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəyə əsasən həmin icra işi tələb edilmiş və məlum olmuşdur ki, Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında" Qanunun 70.4-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bu qərar hazırda qüvvədədir. Mövcud qanunvericiliyə görə bu cür icra sənədləri üzrə icra məmuru artıq hər hansı icra hərəkətləri etməyə borclu deyildir. Abşeron Rayon Məhkəməsinin 8(012)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X1 şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməməsi barədə qərarında xüsusi əsaslandırma aparmamışdır. Bu da ondan irəli gəlir ki, bu işə baxarkən hakim məzuniyyətə çıxacağını bidirmiş və iş üzrə tez tələsik qərar çıxarmış və işin mahiyyətinin nədən ibarət olduğunun fərqinə varmamışdır. Bu səbəbdən də ümumi cümlələrlə ərizədə qeyd olunanların mahiyyətinə uyğun olmayan formada əsaslandırma etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuru qərarından, hərəkət və hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkət (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, qərarın icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunun tələbindən də göründüyü kimi, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən tələbkar olaraq icra sənədini nəzarət edən məhkəməyə müraciət etmək hüququ mövcuddur. Lakin Abşeron Rayon Məhkəməsi öz qərarı ilə bu hüququ məhdudlaşdırmışdır. Belə ki, ərizənin mahiyyətindən də görünür ki, icra məmuru icra sənədini icraatına qəbul etməkdən əsassız şəkildə imtina edir və bu səbəbdən də bunun qarşısını almaq üçün məhkəməyə müraciət edir. Lakin məhkəməyə ərizədə qeyd olunanlara aidiyyatı olmayan məsələləri qeyd edir. İcra məmurunun icra sənədinin geri qaytarma qərarı qüvvədə olsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “lakin kollegiya eyni zamanda qeyd edir ki, mövcud qərardad həmin icra sənədini MMC-yə aid hissədə yenidən icra yönəldilməsinə mane olmur”. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına istinad edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsini 3 dəfə Abşeron Rayon Məhkəməsindən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən yenidən icraya yönəldilən icra sənədi Maraqlı şəxs1 tərəfindən icraata qəbul olunmur. Bu səbəbdən də tələbkar olaraq məcbur qalıb Maraqlı şəxs1 icra məmurunun Maraqlı şəxs2 MMC-yə aid hissədə yenidən icraya yönəldilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədini icraata qəbul etməkdən yayınmasından məhkəməyə şikayət etmişdir. Məhkəmə isə işin mahiyyəti qalıb bir kənarda icra məmurunun geri qaytarma qərarınn qüvvədə olmasını əsas gətirərək ərizəni təmin etməmişdir. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadaladığımız normalarını nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 nömrəli qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinə əsasən "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X6 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2, "xxxx" MMC-nin iştirakçısı X7 və "Magna Trans” MMC-nin iştirakçısı X4 üzərinə qoyulmuş, lakin Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli, “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin icrası "xxxx" MMC-yə və "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X3 münasibətdə icra olunmadan geri qaytarılmışdır. Digər borclular "xxxx" MMC-nin iştirakçısı X12 və "Magna Trans” MMC-nin iştirakçısı X10 münasibətdə isə icra sənədinin icrasının nəticəsi və aparılmış icra hərəkətlərilə bağlı isə iş materialları ilə hər hansı bir hal müəyyən olunmamaqla, birinci instansiya məhkəməsi də qeyd olunan borclulara münasibətdə hər hansı bir əsaslandırma aparmamışdır. Bundan başqa şikayətçi, şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunan icra sənədinin MMC-yə aid hissədə yenidən icra yönəldilə bilməsi əsasına müvafiq olaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsini Abşeron Rayon Məhkəməsindən xahiş etdiyini, Abşeron Rayon Məhkəməsi tərəfindən icra sənədinin yenidən icraya yönəldildiyini, lakin Maraqlı şəxs1 yenidən icraya yönəldilən icra sənədinin icraata qəbul olunmasından yayındığını, buna görə də hazırkı şikayətlə məhkəməyə müraciət etdiyini qeyd etsə də birinci instansiya məhkəməsi Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli, “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarından sonra icra sənədinin yenidən icraya yönəlib-yönəldilməməsini aydınlaşdırmamış və şikayətçinin bu dəlilinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktı əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qərarı o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qərarında göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(012)- 335/2025 nömrəli qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X5 şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(012)-335/2025 nömrəli qərardadı ləğv edilsin. Şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar