Məhkəmə qərarları › İş №8(105)-186/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-186/2025

18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-186/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Borclu qarşı iş üzrə (Açar sözlər: icra sənədinin qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 56/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru Pərvanə Novruzovanın xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması” barədə qərarının ləğv edilməsi xahiş edilmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı Region filialının xx.xx.2022-ci il tarixli, 56 nömrəli icra sənədi üzrə Borclu xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 3872,96 manat məbləğində pul vəsaitinin tələbkar Fondun Abşeron-Xızı Region filialının (AZ91CTRE********************) hesabına ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq icraya yönəldilmişdir. Maraqlı şəxs “icra sənədinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarına əsasən, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin qərarda Borclu icra sənədində göstərilən ünvan 1 ünvanında borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildiyi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmadığı və bu barədə müvafiq akt tərtib olunduğu qeyd olunmuşdur. Göstərilənlərə əsasən “İcra sənədinin qaytarılması haqqında" Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayətin təmin edilməsi, Maraqlı şəxs icra məmuru Pərvanə Novruzovanın “icra sənədin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 56/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsinin Maraqlı şəxsnə həvalə edilməsi qərara alınmışdır.

4. Borclu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-632/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilmiş və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Borclu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-632/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməklə, şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 632/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

7. Şikayətin dəlilləri Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, bu iş üzrə qəbul olunmuş qərardaddan narazıdır. Qərardad MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 739 və 740-cı maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bildirir ki, o, məhkəmə iclasında iştirak etmiş və ailənin vəziyyəti, sosial yardımın qanuni təyin olunması və maddi imkansızlığı barədə izahat vermişdir. Lakin təqdim etdiyi bu izahatlar və dəlillər yetərincə qiymətləndirilməmiş, yalnız qarşı tərəfin iddialarına əsaslanaraq birtərəfli qərar çıxarılmışdır. Guya ona sosial yardım əsassız olaraq təyin edilib və bu səbəbdən borc yaranıb. Lakin bu yardımın hansı səbəbdən əsassız hesab edildiyi, konkret olaraq hansı qayda pozuntusunun olduğu barədə ona rəsmi və əsaslandırılmış heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə, əgər guya həmin dövrdə ona sosial yardım əsassız olaraq verilibsə, o zaman necə olur ki, sonrakı illərdə də ona mütəmadi şəkildə sosial yardım təyin olunub və ödənilib?. Bu fakt bir daha sübut edir ki, həm əvvəlki, həm də sonrakı dövrlərdə onun sosial yardım almaq hüququ tanınıb və bu yardımlar qanunvericiliyə uyğun verilib. Qeyd edir ki, o, tənha anadır, rəsmi iş yeri yoxdur, uşaqları internat tipli məktəbdə təhsil alır və ailəsi ağır sosial şəraitdə yaşayır. Bu yardım ailəsinin gündəlik ehtiyaclarını qarşılamaq üçün həyati əhəmiyyət daşıyır. Yardımın guya əsassız olması və geri tələb edilməsi ailənin sosial vəziyyətini daha da ağırlaşdıracaq. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad çıxarılmalıdır.

8. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

10. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

11. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 56/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması” barədə qərarının ləğv edilməsi xahiş edilmişdir.

15. Məhkəmənin mübahisələndirilən qərardadı ilə şikayət təmin edilmişdir.

16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “İcra sənədinin geri qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 56/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilmədən qaytarılması qərara alınmışdır. Həmin qərarda qeyd olunur ki, borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin borcluya məxsus tələbin yönəldiləcəyi əmlak və gəlir aşkar olunmamışdır. Həmçinin borclunun icra sənədində göstərilən ünvan 2 ünvanında olunmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur.

17. Məhkəmə hesab etmişdir ki, qeyd edilən icra sənədi icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən formal əsaslarla geri qaytarıldığından Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir.

18. Borclu şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli məhkəmə araşdırması hüququnun təkib hissəsini təşkil edən məhkəmə qərarlarının icrasının təşkili özlüyündə prosessual hüququn predmeti olmaqla İcra haqqında Qanun bu fəaliyyətin gedişatını tənzimləyir. İcra məmurunun fəaliyyəti prosesual hüququn subyekti olmaqla məhkəmə qərarının icrasının həyata keçirilməsinin prosessual təminatı sahəsində qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri daxilndə bu fəaliyyəti həyata keçirir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40).

21. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35).

22. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyatorun şikayətinin dəlilləri formal xarakter dayışır, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmiş, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 8(060)-632/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar