Məhkəmə qərarları › İş №8(105)-188/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-188/2021

09.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-188/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və borcun hissə-hissə ödənilməsi barədə icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 8(067)-120/2021 saylı qərardadından borclular tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 22.04.2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Borclu1 və Borclu2 40.900 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edulmişdir. Həmin məhkəmə qərarı icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və borclular Borclu1 və Borclu2 icra məmuru tərəfindən könüllü müddət verilmişdir ki, borcu ödəsinlər. Lakin maddi imkanları olmadığına görə borcular qət edilən borcu ödəyə bilməmişlər. Ona görə də ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 22.04.2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinin 6 aylıq möhlət müddətindən sonra hər ay hissə-hissə 500 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclular Borclu1 və Borclu2 ərizəni onunla əsaslandırmışlar ki, maddi imkanları olmadığına görə borclarını ödəyə bilməmişlər. Hazırda da borcu bir dəfəyə ödəyə bilmirlər və onlar 6 aylıq möhlət müddətindən sonra, qətnaməni hissə-hissə, yəni hər ay iddiaçıya 500 manat ödəməklə icra edə bilərlər. Xaçmaz Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 8(067)-120/2021 saylı qərardadı ilə (hakim İ.Xəlilov) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan borclular Borclu1 və Borclu2 ondan şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 8(067)-120/2021 saylı qərardadının ləğv edilməsini və tərəflərin iştirakıyla sonrakı prosessual hərəkətlərin həyata keçirilməsinin təmin edilməsini xahiş etmişlər. Şikayət bununla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilərək ərizə təmin olunmalıdır. Belə ki, onlar hazırda işləmirlər və pandemiya şəraitində maddi gəlirləri həmin borcun bir dəfəyə ödənilməsinə çatmır. Borclulardan Borclu2 övladı-Nuray Xudizadə anadan gəlmə ürək qüsurludur. Onun müalicəsi və əməliyyatı üçün xeyli vəsait tələb olunur. Qazanc əldə etmək üçün iş tapmaq və vəsait toplamaq üçün ən azı 6 ay müddət tələb olunur. İndiyədək tələbkara müxtəlif vaxtlarda cəmi 4200 manat pul ödənmiş, lakin o, bunun yalnız 1100 manat hissəsini qəbul etmişdir. Onların nə əmlakı, nə də gəlirləri yoxdur. Buna baxmayaraq, onlar qətnamənin icrasından yayınmırlar və borcu hissə-hissə ödəyəcəklər. Lakin bunun üçün onlara 6 ay müddət lazımdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, ərizə təmin olunmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 8(067)-120/2021 saylı qərardadı ilə borclular tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə Tələbkar şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. İcra sənədi üzrə borclular, habelə müvafiq icra qurumu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları qeyd edilən şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 8(067)- 120/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu maddənin dispozisiyasına görə qətnamənin icrasına möhlət verilməsi və onun hissə-hissə icra olunması üçün borclunun əmlak vəziyyəti nəzərə alınmalıdır. İşdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulmalı borcun məbləği 40900 manatdır. Borclular isə bu borcun 6 aydan sonra hər ay 500 manat olmaqla tutulmasını xahiş edirlər, yəni bu qaydada borcun tam tutulması üçün 86 ay (7 il 2 ay) vaxt tələb olunur. Qətnamənin qəbul edilməsindən 5 ildən də çox müddət keçdiyini və indiyədək bu borcdan yalnız 1100 manat ödənilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizə borcun vaxtında ödənilməsinə yox, onun gecikdirilməsinə xidmət edir. Bu isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasının süni şəkildə yubadılmasına hesablanmışdır və buna görə də məhkəmə kollegiyası hesab edir ki, borcluların ərizəsinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qətnamənin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra olunmasının zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. İşdən göründüyü kimi hazırki halda belə bir zərurət yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 8(067)-120/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İcra sənədi üzrə borclular Borclu1 və Borclu2 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 8(067)-120/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar