Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-19/2024 12.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı (Açar sözlər: borclunun əmlakı üzərinə həbs qoyulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 8(012)-657/2023 nömrəli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegyiası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəlal Səfərli Borclu məxsus ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, açıq hərracda satılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 824/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 1939.91 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu adına ********** qeydiyyta nömrəli, **********90 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alındığı müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılması xahiş olunmuşdur.
3. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli torpaq sahəsi borclunun və onun ailə üzvlərinin birgə mülkiyyətindədir.
4. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 8(012)-657/2023 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu məxsus ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, açıq hərracda satılması barədə təqdimatının rədd olunması qərara alınmışdır.
5. Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, 8(012)-657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 8(012)-657/2023 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayətin təmin edilməməsi, Tələbkar X3 Rayon Məhkəməsinin 8(012)-657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri
8. Tələbkar şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(012)-824/2019 saylı qətnaməsinə əsasən Borclu İman oğlundan Tələbkar MMC-ni xeyrinə ümumilikdə 1969.91 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş və icra vərəqəsi icra olunası üçün aidiyyatı üzrə Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Ötən müddət ərzində borclu tərəfindən tələbkara heç bir məbləğ ödənilməmiş, həmçinin borcun ödənilməsinə dair tərəflər arasında heç bir razılıq əldə olunmamışdır. Abşeron rayon İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu İman oğluna məxsus ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli torpaq sahəsi üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab etmişdir ki, təqdimat əsassızdır və buna görə də təmin edilməməlidir. Məhkəmə qərarı onunla əsaslandırmışdır ki, üzərinə həbs qoyulması tələb edilən əmlak borcluya ümumi birgə şəkildə məxsus olduğundan, icra sənədinin icrası zamanı əmlak üzərinə həbs qoyulması tələbin borclunun əmlakına yönəldilməsi hallarına aid olduğundan, bununla da, qeyd edilən əmlakın üzərinə həbsin qoyulması digər mülkiyyətçilərin də hüquqlarına toxunduğunu göstərmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, icra məmuru icra haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun və tələbin qanunla yönəldilə biləcəyi əmlakın üzərinə həbs qoyulması ilə bağlı əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmə isə iş materiallarına əlavə edilmiş sənədləri və Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarını ətraflı araşdırmadan sonda yalnış nəticəyə gəlmişdir. Hesab edir ki, qərardad ziddiyyətli, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən və eyni zamanda qərardadda göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən məhkəmə qərardadı ləğv edilməli və təqdimat təmin edilməlidir. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilə bilər. Həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaklara da yönəldilə bilər. Tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarını ilə təsdiq edilmiş” Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahisı” ilə müəyyən edilmişdir. Həmin qərara nəzər saldıqda borclunun mülkiyyətində olan torpaq sahəsi tələbin yönəlməsinə yol verilməyən əmlak növlərinin siyahısında mövcud deyildir. İcra məmuru İcra haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun və tələbin qanunla yönəldilə biləcəyi əmlakın üzərinə həbs qoyulması ilə bağlı əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmə isə iş materiallarına əlavə edilmiş sənədləri və Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarını ətraflı araşdırmadan sonda yalnış nəticəyə gəlmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləs: Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
14. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 8(012)-657/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 8(012)-657/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 8(012)- 657/2023 nömrəli və bununla bağlı 18 yanvar 2024-cü il tarixli 8(012)-657/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarından müəyyən olunur ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəlal Səfərli Borclu məxsus ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, açıq hərracda satılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
17. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatının rədd olunması qərara alınmışdır.
18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, üzərinə həbs qoyulması tələb edilən əmlak borcluya ümumi birgə şəkildə məxsus olduğundan, icra sənədinin icrası zamanı əmlak üzərinə həbs qoyulması tələbin borclunun əmlakına yönəldilməsi hallarına aid olduğundan, bununla da, qeyd edilən əmlakın üzərinə həbsin qoyulması digər mülkiyyətçilərin də hüquqlarına toxunduğundan, təqdimat əsassızdır.
19. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, qərardad qəbul edildikdə maddi və prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.
20. Məhkəmə kollegiyasının qənaətincə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.Odur ki, şikayət təmin edilməməlidir.
21. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 8(012)-657/2023 nömrəli və bununla bağlı 18 yanvar 2024-cü il tarixli 8(012)-657/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.