Məhkəmə qərarları › İş №8(105)-191/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-191/2025

22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-191/2025 22.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsinə dair iş üzrə (Açar sözlər: icra mənurunun hərəkətindən (hərəkətsizliyindən) şikayət -ərazi aidiyyətinin müəyyən edilməsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-989/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar məhkəməyə müraciət edərək, Maraqlı şəxsnə göndərilmiş və həmin idarənin icra məmuru X5 tərəfindən icraata götürülmüş e-87612/2024-47-14 nömrəli icra işi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, məhkəmə qərarının icra edilməsi məqsədilə əlaqədar olaraq icra məmuru X2 Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş zəruri hərəkətlərin edilməsi vəzifəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-989/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim V.Şirəliyeva) ilə Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)- 1163/2023 saylı, 03 noyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Bu qərardaddan Tələbkar şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 989/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-989/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tələbkar məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1163/2023 saylı, 03 noyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə icraata nəzarət etmək səlahiyyəti olmadığından Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-1163/2023 saylı, 03 noyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 13.4, 152.1.3-cü maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə icra məmurunun hərəkətsizliyindən şikayət verməmişdən öncə, yəni, xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, lakin hakim Məlahət Abbasovanın 8(060)-989/2025 saylı qərardadı ilə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məıhkəmədə baxılmalı deyildirsə səbəbi ilə geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsi qərardadı sistemə vursa da, hazırkı tarixədək həmin qərardad elektron sistemə əlavə edilməyib. İcra məmurunun hərəkətsizliyi ilə bağlı hər iki məhkəməyə də, müraciət edilmiş məhkəmələr eyni mövqeni əsas gətirmiş və hər iki məhkəmə müvafiq olaraq qərardadda işə digər məhkəmədə baxılmalı olmasını qeyd etmişdir. Əgər ilk olaraq Abşeron Rayon Məhkəməsi işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmasını qeyd edibsə, onda nə üçün Sumqayıt Şəhər Məhkəməsi həmin mövqeyi sərgiləyərək işə Abşeron Rayon Məhkəməsində baxılmalı olmasını bildirir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 13.4. barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 397.2. məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2. qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır.

399. birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 989/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

12. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

14. Hazırkı iş üzrə ərizəçinin tələbi Sumqayıt İcra Şöbəsinin icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədədir. Nəzərə alınmalıdır ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.

15. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.

16. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

17. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.

18. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər.

19. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

20. Göründüyü kimi hazırda ərizəçinin şikayətində mübahisələndirdiyi hallar Abşeron Rayon Məhkəməsinin müvafiq icra sənədinin icrası ilə əlaqədar olsa da, həmin məhkəmənin icra sənədinə əsasən başlanmış icraat Sumqayıt İcra Şöbəsinin icra məmuru tərəfindən icra edilir ki, bu da MPM-in yuxarıda qeyd olunan normasının tələbi baxımından hazırkı ərizə üzrə məhkəmə icraatının icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən həyata keçirilməsini istisna etmir.

21. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-989/2025 nömrəli qərardadı tam, bu qərardadla bağlı məhkəmənin 01 sentyabr 2025-ci il tarixli, 8(060)-989/2025 nömrəli qərardadı qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, ərizə və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

22. Hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-989/2025 nömrəli qərardadı tam, bu qərardadla bağlı məhkəmənin 01 sentyabr 2025-ci il tarixli, 8(060)- 989/2025 nömrəli qərardadı qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, ərizə və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın.. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar